ABŞ ilə ticarət müqaviləsi olan Hindistan, Ağ Evin istədiyi kimi Rusiyadan neft tədarükünü dayandırmaqda çətinlik çəkə bilər.
Hafta.az yazır ki, ABŞ Prezidenti Donald Tramp Hindistanla müqavilənin bir hissəsi olaraq Asiya ölkəsinə tətbiq edilən tarifi 25 faizdən 18 faizə endirəcəyini açıqlayıb.
Əvəzində Tramp Hindistanın ABŞ mallarına tətbiq olunan tarifi sıfıra endirəcəyini və Rusiyadan neft almağı dayandıracağını bildirib.
Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı ilə bağlı Truth Social hesabında paylaşım edən ABŞ Prezidenti həmçinin iddia edib ki, Yeni Dehli hökuməti "Venesueladan daha çox ABŞ-dan neft almağa razılaşıb".
Lakin, “Wall Street Journal”ın təhlili göstərir ki, neft idxalının təxminən üçdə birini Rusiyadan əldə edən Hindistan bu öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkə bilər.
Mütəxəssislər bildirirlər ki, artan xərclər, daha uzun çatdırılma müddəti və ABŞ xam nefti ilə Hindistan neft emalı zavodları arasında potensial uyğunluq problemləri səbəbindən Yeni Dehli hökumətinin Moskva tərəfindən təmin edilən neft tədarükündən tez bir zamanda imtina etməsi çətin olacaq. Bundan əlavə, Rusiyadan neft alışının dayandırılmasının Yeni Dehli ilə Moskva arasındakı yaxınlaşmanı təhlükə altına alacağı qeyd olunur.
Nə Narendra Modi, nə də Hindistan Xarici İşlər Nazirliyi hələlik razılaşma ilə bağlı şərh verməyib. Rusiya həmçinin Hindistandan neft alışının potensial dayandırılması ilə bağlı heç bir məlumat almadığını bildirib.
2025-ci ilin böyük bir hissəsində Hindistan aldığı neftin təxminən üçdə birini Rusiyadan idxal edib. Bu rəqəm 2022-ci ilin əvvəlində Rusiya Ukraynaya hücum etməzdən əvvəl cəmi 2 faiz təşkil edib. Dəniz ticarəti məlumatlarını toplayan Vortexa-ya görə, yanvarda Hindistan Rusiyadan gündə 1,1 milyon barel neft alıb. Eyni dövrdə Asiya nəhəngi ABŞ-dan gündə cəmi 0,3 milyon barel neft idxal edib.
ABŞ-dan Hindistana neftin daşınması təxminən 45 gün çəkir. Rusiyadan idxal edilən neft isə Hindistana 36 günə çatır. Bundan əlavə, Vortexa-nın məlumatlarına görə, Hindistan ABŞ-dan neft alışını artırarsa, barel üçün əlavə 7 dollar ödəməli olacaq.
Vortexa-nın baş iqtisadçısı Devid Veç şərh verib: "Hindistanın Rusiya xam neftindən tamamilə imtina etməsi çox böyük qərar olardı. Düşünmürəm ki, əsl məqsəd Hindistanın Rusiyadan xam neft idxalını sıfıra endirməkdir. Bu, daha çox Rusiyaya təzyiqi artırmaq üçün atılan bir addımdır".