Hindistandakı Axonci Məscidin imamı Zakir Hüseyn səhər namazına hazırlaşarkən polisin ibadət ocağına basqın etdiyini və mədrəsədə təhsil alan uşaqlara əşyalarını yığıb binanı tərk etmələrinə dair əmri verdiyini bildirib.
Hafta.az-ın “Hindustan Times”a istinadən yazdığına görə, Yeni Dehli İnkişaf Təşkilatının heç bir məlumat vermədən Axonci məscidini sökdüyünü qeyd edən Hüseyn, prosesin videoya çəkilməməsi üçün telefonunun müsadirə edildiyini və səlahiyyətlilərin Qurani-Kərimi içəri keçirməsinə belə icazə vermədiyini deyib.
Məscidə bağlı Bəhrul Ulum mədrəsəsində təhsil alan tələbələrin söküntünün qurbanı olduğunu bildirən Hüseyn məscidin bağçasında qəbirlərin olması ilə bağlı məlumatı da paylaşıb. O, bildirib ki, səlahiyyətlilər heç bir dəlilin qalmaması üçün dərhal dağıntıları toplayıblar.
Yerli əhali məscidin Moğol İmperiyası dövründə tikildiyini və bu dini mərkəzin təxminən 600-700 il yaşı olduğunu bildirib.