Hindistandakı hindu millətçi qruplar Haryana əyalətinin Guruqram şəhərində müsəlmanların camaat namazlarının yasaqlanmasını tələb ediblər.
Hafta.az-ın yazdığına görə, hindu millətçi qrupları çərşənbə günü Quruqram şəhərində müsəlmanların ictimai yerlərdə namaz qılmasını qadağan etmək üçün toplaşıblar. Onlar toplantıya qatılan Gurugram komissarının müavini Nişant Yadavadan şəhərdəki 6 açıq ərazidə müsəlmanların namaz qılmasının yasaqlanmasını tələb ediblər.
Guruqram şəhərində müsəlmanlara hazırda yalnız əvvəlcədən müəyyən edilmiş altı açıq yerdə namaz qılmağa icazə verilir. Hindu qruplar isə şəhərdə açıq yerlərdə namaz qılmağa tamamilə qadağa qoyulmasını istəyir.
Ötən günlərdə bu tələblə toplaşan radikal hindu qruplar Quruqramda məscidi yandıraraq imamı da qətlə yetirmişdilər.
Hindistandakı hindu millətçi və anti-İslam BJP ölkədə müsəlmanlara qarşı törədilən qırğınların baş məsulu kimi göstərilir.
Baş nazir Modi və hökuməti müsəlmanlara qarşı cinayətləri dəstəkləməkdə və onları cəzalandırmamaqda ittiham olunur.