Hindistanda namaz qılan müsəlman tələbələrə hücum edildi

09:00 18.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Qucarat əyalətindəki universitet şəhərciyində təravih namazı qılan bir qrup müsəlman gənc hindu dəstələrinin hücumuna məruz qalıb.

Hafta.az-ın “Mepa News”a istinadən yazdığına görə, hücum nəticəsində azı 4 əcnəbi müsəlman tələbə yaralanıb.

Baş nazir Narendra Modinin yaşadığı əyalətin yerli polisi Qucarat Universitetindəki hücumla bağlı araşdırmaya başlanıldığını bildirib, eyni zamanda Xarici İşlər Nazirliyi “təcavüzkarlara qarşı sərt tədbirlər görəcəyinə” söz verib.

Tələbələr yerli mediaya bildiriblər ki, Əhmədabadda universitet şəhərciyində məscid olmadığı üçün şənbə gecəsi təravih namazı üçün kiçik bir qrup oğlanlar yataqxanasının binasına toplaşıb. Onların dediyinə görə, qısa müddət sonra çubuq və bıçaqla silahlanmış dəstə yataqxanaya soxulub, onlara həsrət yetirib və otaqlarını qarət edib.

Mediaya açıqlama verən tələbələrdən biri "15 tələbə namaz qılarkən 3 hindu gəlib dini şüarlar səsləndirməyə başladılar. Onlar bizim burada namaz qılmağımıza qarşı çıxdılar" deyib. Bir müddət sonra 250-yə yaxın adam gəlib dini şüarlar səsləndirməyə başlayıb və yataqxananın binasını dağıdıb.

Əfqan tələbə yerli NDTV kanalına deyib: "Otaqların içində də bizə hücum etdilər. Noutbukları, telefonları və motosikletləri sındırdılar".

X-də yayımlanan videolarda tələbə yataqxanalarının qarət edildiyi və izdihamın tələbələrin motosikletlərini dəyənəklərlə məhv etdiyi əks olunub.

Yataqxanadan çəkdirdiyi videoda afrikalı tələbə "Biz belə yaşaya bilmərik" deyib.

Arxa fonda yüksək qışqırıqlar və kütlə tərəfindən sındırılan və əzilən əşyaların səsləri eşidilir.

"Biz Hindistana təhsil almağa gəlmişik. İndi sırf Ramazan vaxtıdır və müsəlmanlar namaz qıldığı üçün bizə hücum edirlər. İndi motosikletləri məhv edirlər, hər şey dağıdılır", - afrikalı tələbə deyib.

“Indian Express” xəbər saytı Əfqanıstan, Özbəkistan, Şri-Lanka, Banqladeş və müxtəlif Afrika ölkələrindən olan tələbələrin hücumuna məruz qaldıqdan sonra iki tələbənin ağır yaralandığını və xəstəxanada müalicə olunduğunu bildirib.

Əhmədabad polis komissarı GS Malik bazar günü jurnalistlərə deyib: "Dünən axşam saat 22.30 radələrində bir qrup tələbə namaz qılırdı və təxminən 20-25 nəfər gəlib burada niyə namaz qıldıqlarını soruşub, bunun əvəzinə məscidə getməli olduqlarını deyiblər. Aralarında mübahisə yaranıb, daşlar atılıb, otaqları kənar şəxslər tərəfindən dağıdılıb”.

Malik əlavə edib ki, təxminən 20-25 nəfərdən şikayət daxil olub və şübhəlilərdən biri artıq müəyyən edilib. Onun sözlərinə görə, hadisəni araşdırmaq üçün 9 qrup yaradılıb.

Hindistan Xarici İşlər Nazirliyi X-də verdiyi açıqlamada, əyalət hökumətinin "təcavüzkarlara qarşı sərt tədbirlər gördüyünü" söyləyib.

Hücum zamanı yaralanan tələbələrin müalicə olunduqdan sonra xəstəxanadan buraxıldığı bildirilib.

Cənubdakı Heydərabad şəhərinin parlament üzvü Asaduddin Ovaysi baş nazir Modi və daxili işlər naziri Amit Şahı "güclü mesaj vermək üçün hadisəyə müdaxilə etməyə" çağırıb.

Ovaisi sosial media hesabında "Necə də utancverici. Sədaqətiniz və dini şüarlarınız ancaq müsəlmanlar dinlərini dinc şəkildə həyata keçirdikləri zaman üzə çıxır" deyib. O, Hindistanın xarici işlər naziri S Jaişankara işarə edərək bildirib: "Daxildə müsəlmanlara qarşı nifrət Hindistanın xoş niyyətini məhv edir".

Qucarat Universitetinin prorektoru Dr. Nirja A Qupta yerli mətbuata bildirib ki, beynəlxalq tələbələrə “mədəni həssaslıq” öyrədilməlidir. "Bunlar əcnəbi tələbələrdir və xaricə gedəndə mədəni həssaslığı öyrənməlisən. Bu tələbələrin oriyentasiyaya ehtiyacı var. Biz onlarla oturub mədəni oriyentasiya verəcəyik və onların təhlükəsizliyini necə gücləndirəcəyimizi müzakirə edəcəyik" deyib.