Fransanın baş naziri Qabriel Attal liseydə baş örtüyü ilə bağlı mübahisədən sonra məktəbdə peşə təhsili alan müsəlman şagirdə qarşı iddia qaldırılacağını açıqlayıb.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, fevralın 28-də paytaxt Parisdəki Maurice-Ravel liseyində baş verən hadisədə şəxsiyyəti açıqlanmayan məktəb direktoru 3 müsəlman şagirddən hicablarını çıxarmalarını istəyib. Şagirdlərdən ikisi direktorun göstərişini yerinə yetirərkən, biri etiraz edib, Deyilənə görə, müdirin baş örtüyü çıxarmadığı üçün onu vurduğunu bildirən şagird, rəhbərlikdən şikayət edib.
Bundan sonra internetdə məktəb direktorunu ölümlə hədələyən məlumatlar yayılıb və nəhyət, o, çərşənbə günü vəzifəsindən istefa verdiyini açıqlayıb.
Attal dünənki açıqlamasında, "Dünyəviliyə qarşı bu pozuntulara və İslamın təhsil ocaqlarımıza sızmasına qarşı mübarizə aparan ön cəbhədəki bu məmurların dövlət hər zaman yanında olacaq" deyib.
Baş nazir dövlətin məktəbli ilə bağlı qanuni tədbirlər görəcəyini də bildirib.
Paris prokurorluğundan verilən açıqlamada sözügedən şagirdin orta məktəbdə təhsil proqramında iştirak etdiyi bildirilib. Prokurorluq onun direktorla bağlı şikayət ərizəsinin rədd edildiyini açıqlayıb.
Səlahiyyətlilər sosial şəbəkədə müdirə qarşı paylaşılan ölüm təhdidləri ilə bağlı iki nəfərin saxlanıldığını da bildiriblər. Şübhəlilərin şəxsiyyətləri açıqlanmasa da, Fransa Təhsil Nazirliyindən verilən açıqlamada bu şəxslərin məktəblə heç bir əlaqəsinin olmadığı bildirilib.
Milli Birlikdən olan radikal sağçı Marin Le Pen hadisədə hökuməti günahlandıraraq, "Onlar məktəblərimizi təhlükələrdən qoruya bilməzlər" deyib.
Milli Assambleyadakı Sosialistlər Qrupunun sədri Boris Vallaud da "Bu qəbuledilməzdir. Əgər məktəb direktoru ölümlə hədələndiyi üçün istefa verirsə, bu, kollektiv uğursuzluqdur" şərhini verib.
Fransada 2004-cü ildə məktəblilərə hicab, çarşaf və ya kipa kimi "dini mənsubiyyəti göstərən simvollar və ya paltarlar" geyinmək yasaqlanıb.