Honduras Tayvanla əlaqələri kəsərək Çinə yönəlir

09:15 16.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Honduras prezidenti keçmişdə olub-bitənlərə rəğmən ölkəsinin Çinlə diplomatik əlaqələr quracağını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, şəxsi tvitter hesabından açıqlama verən president Kastro xarici işlər naziri Eduardo Reynaya Çin Xalq Respublikası ilə rəsmi əlaqələr qurmağı tapşırdığını bildirib.

Yada salaq ki, seçki kampaniyası zamanı Kastronun verdiyi vədlərdən biri Çinlə əlaqələr qurmaq idi və vəzifəyə gəldikdən bir neçə həftə sonra o, Pekin administrasiyası ilə yeni su elektrik bəndinin tikintisi üçün danışıqlar apardığını açıqlayıb.

Pekinin “Vahid Çin” siyasətinə görə bir ölkə həm Çin, həm də Tayvanla eyni vaxtda rəsmi əlaqələr saxlaya bilməz. Ona görə də bu qərar Hondurasın Tayvanla əlaqələrinin dayandırılması deməkdir.

"Vahid Çin” prinsipi əsasında biz Honduras və digər ölkələrlə dostluq və əməkdaşlığa əsaslanan əlaqələr qurmaq istəyirik", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.

Honduras Çinin özünün bir hissəsi hesab etdiyi Tayvanı rəsmən tanıyan 14 ölkədən biri idi. Honduras administrasiyası Tayvanla əlaqələrin dayandırılıb-dayanmayacağı ilə bağlı açıqlama verməyib.

Tayvan Xarici İşlər Nazirliyi qərardan narahat olduqlarını ifadə edərək bildirib ki, "Hondurasdan çoxdankı dostluğumuza zərər verməmək və Çinin tələsinə düşməmək üçün qərarı diqqətlə nəzərdən keçirməsini istədik".

Latın Amerikası 1949-cu ildə Çin və Tayvanın parçalanmasından sonra hər iki tərəf üçün diplomatik döyüş meydanı olub. Honduras, Beliz və Qvatemala ilə birlikdə Mərkəzi Amerikada Tayvanı tanıyan üç ölkədən biri idi. Son illər Nikaraqua, Salvador, Panama, Dominikan Respublikası və Kosta Rika kimi regionun digər ölkələri də Çinlə diplomatik əlaqələr qurmağa çalışıblar.

Pekin administrasiyası 2016-cı ildə Tayvanda müstəqillik məsələsinə daha çox diqqət yetirən Tsay İnq-ven vəzifəyə gəldikdən sonra diplomatik, hərbi və iqtisadi təzyiqləri artırmağa çalışıb. Bu təzyiqin bir hissəsi olaraq Latın Amerikası ölkələrinə Çin investisiyaları tədricən artıb. Fevralda Patuca II bənd layihəsinin Çin tərəfindən maliyyələşdiriləcəyini açıqlayan Honduras hökuməti yeni bəndin ölkənin enerji təchizatı imkanlarını artıracağına diqqət çəkib.

Çin, həmçinin 2021-ci ildə 300 milyon dollarlıq kreditlə başqa bir bənd olan Patuca III-ün tikintisini də maliyyələşdirib.