İyulun 21-də Qərbi Azərbaycan İcmasının 2026-cı ilin birinci yarımilində görülmüş işlərin, rayon icmaları və nümayəndəliklər qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilib.
İcmadan hafta.az-a bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli 2026-cı ilin birinci yarısında İcmanın fəaliyyəti barədə hesabat təqdim edib, həyata keçirilən və layihələr, həmçinin rayon icmaları ilə nümayəndəliklərin fəaliyyəti barədə məlumat verib.
Ə.Ələkbərli təşkilatlanmanın gücləndirilməsi, idarəetmədə çevikliyin artırılması və rayon icmaları ilə nümayəndəliklərin fəaliyyətinin daha səmərəli əlaqələndirilməsi məqsədilə iş prinsipinin yenilənəcəyini bildirib. Həmçinin qeyd edib ki, İcmanın ilin ilk altı ayında həyata keçirdiyi fəaliyyət ayrıca nəşr şəklində ictimaiyyətə təqdim olunacaq.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon İcmasının sədri Mahirə Hüseynova birinci yarımildə görülmüş işləri təhlil edib, təklif və iradlarını səsləndirib.
Qərbi Azərbaycan İcması Qəyyumlar Şurasının sədri Mürvət Həsənli İcmaya göstərilən dəstəyin və perspektiv hədəflərin həyata keçirilməsində birgə fəaliyyətin vacibliyini qeyd edib.
İclasda çıxış edən digər natiqlər də icmanın fəaliyyətinin daha da gücləndirilməsinin və Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla təbliğinin vacibliyini vurğulayıblar.
Sonra görülmüş işlər və əldə olunan nəticələr müzakirə edilib, qarşıdakı dövrün prioritetləri müəyyənləşdirilib.