2026-cı ildə elan olunan qrant müsabiqələrində əvvəlki illərlə müqayisədə bir sıra yeniliklər tətbiq edilib. Eyni zamanda, gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və potensiallarının inkişaf etdirilməsi məqsədilə yeni dəstək mexanizmləri həyata keçirilir.
Hafta.az xəbər verir ki, Azərbaycan Elm Fondunun məlumatına görə, “Əsas Qrant Müsabiqəsi” və “Gənc Alim və Tədqiqatçıların Qrant Müsabiqəsi” ayrı-ayrılıqda təşkil olunub. Bu yanaşma gənc alimlər üçün daha əlverişli və ədalətli rəqabət mühitinin formalaşdırılmasına imkan yaradıb.
Bununla yanaşı, müsabiqə sənədləri və qiymətləndirmə meyarları təkmilləşdirilib. Layihələrin yalnız elmi səviyyəsi deyil, eyni zamanda əldə olunacaq nəticələrin praktiki əhəmiyyəti, innovativliyi və icra potensialı da əsas qiymətləndirmə meyarlarından biri kimi nəzərə alınıb. Həmçinin layihələrin elektron qeydiyyatı və idarə olunması prosesləri daha da təkmilləşdirilib.
Gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və onların potensialının inkişaf etdirilməsi Azərbaycan Elm Fondunun prioritet istiqamətlərindən biri hesab olunur. Bu məqsədlə gənc tədqiqatçılar üçün ayrıca qrant müsabiqələri keçirilir və onların elmi layihələrinin maliyyələşdirilməsi təmin edilir.
Fond, həmçinin gənc alimlərin beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi, müasir tədqiqat metodlarının mənimsənilməsi və elmi nəticələrinin nüfuzlu elmi nəşrlərdə dərc olunmasının təşviqi istiqamətində dəstək göstərir.
Azərbaycan Elm Fondunun həyata keçirdiyi qrant proqramları gənc alimlərin müstəqil elmi fəaliyyətə başlaması, yeni tədqiqat istiqamətləri formalaşdırması və elmi potensiallarının inkişafı üçün mühüm imkanlar yaradır.