İlham Əliyev yenidən qalib gələcək – Fəzail Ağamalı

10:24 21.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2024-cü il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək. Azərbaycanın son illər böyük tarixi hadisələr yaratdığını, torpaqlarının işğaldan azad edildiyini nəzərə alsaq, seçki prosesinin mövcud geosiyasi reallığa əsasən hansı ahəngliyi daşıyacağı diqqətlə izlənir. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı maraqlı məqamlara diqqət çəkib.

– Azərbaycanın regionda və ölkə daxilində separatçılığa son qoyaraq yaratdığı yeni reallıqlar dönəmində Prezident seçkilərinin bir il irəliyə çəkilməsinə nə ehtiyac var idi?

– Azərbaycan olduqca ciddi tarixi hadisələrin içərisindədir. 44 günlük Vətən müharibəsindən və 24 saatlıq antiterror tədbirindən uğurla çıxmış bir ölkəyik. Hər iki tarixi hadisə Azərbaycanda, regionda, müəyyən mənada dünyada yeni reallıqlar yaradıb. Bu reallıqlardan doğan çağırışlar var. Bu seçki çağırışları daha güclü bir dövlət səviyyəsinə qaldırmaqdan keçir. Bu çağırışlar hələ də Azərbaycana qarşı məkrli planlarını yerinə yetirməyə çalışan erməniləri və erməniləri müdafiə edən qüvvələrə ciddi müqavimət göstərməkdən keçir. Əlbəttə ki, dünyada baş verməkdə olan və davam edən hadisələr də  diqqətdən yayınmalı deyil.

Növbəti Prezident seçkiləri 2025-ci ildə olmalı idi. Bu, ilyarımdan sonra Azərbaycanın yaratmış olduğu yeni reallıqlara uyğun surətdə, sanki öz işinə fasilə verib, sonra yenidən davam etməli idi. Ona görə də cənab Prezident yeni çağırışların mahiyyətinə və məntiqinə uyğun fasiləsiz olaraq yeni reallıqlardan irəli gələn tələbləri həyata keçirmək üçün seçkiləri önə çəkdi. Başqa cür desək, fevral ayının 7-də keçiriləcək seçkilərdə qalib olan Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev növbəti 7 il üçün fasiləsiz olaraq həmin çağırışlara və qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsini davam etdirəcək. Biz hələ bilmirik 2025-ci il ərəfəsində hansı hadisələr baş verəcək və Azərbayacan dövlətinə qarşı xaricdən hansı təhdidlər yaranacaq, hansı xoşagəlməz situasiyalarla üz-üzə qalmalı olacağıq. Dünya düzəni dəyişir, Rusiya-Ukrayna müharibəsi bitmir, İsrail-Həmas müharibəsi özünün miqyasını dəyişir. Digər  müharibə ocaqlarının alovlanması, digər istimai-siyasi qabarmaların olması istisna edilmir. Buna görə də biz hələlik bu iki ayın ərzində sakitlikdən istifadə etməliyik. Qeyd etdiyim kimi, söhbət bizdən getmir. Azərbaycanda daxildə heç bir problem yoxdur.  Yaranmış davamlı, sistemli, cəmiyyətdə oturuşmuş xarakter daşıyan hər hansı probemlər yaşanmır. Kimsə sosial problemləri bəhanə edib ölkə iqtidarına qarşı inqilab etmək gücündədir, ayrı-ayrı zəmində narazılıqları gücləndirib iqtidara qarşı istifadə etmək imkanına malik deyil. Ölkə Prezidenti Azərbaycanda çox yüksəksəviyyəli reytinqə malikdir və bunun üzərində xüsusilə dayanmağa ehtiyac yoxdur. Qeyd etdiyim kimi xarici təsirlər var və xoşagəlməz hadisələr ola bilər. Ona görə də  bu amillər nəzərə alınaraq cənab Prezident özünün fəaliyyətini daha 7 il davam etdirmək üçün prezident seçkilərini önə çəkdi və bu, tamamilə məntiqlidir. Bu, Azərbaycan xalqının iradəsini ifadə edəcək bir seçki olacaq.

– Seçkilərə bir aydan çox vaxt qalır. İndidən İlham Əliyevin yenidən prezident seçiləcəyini əminliklə fikirlərinizdə ifadə edirsiniz. Niyə belə əminsiniz?

– 2003-cü ildən keçən zaman kəsiyində İlham Əliyev Azərbaycanda ən güclü və alternativsiz lider olduğunu təsdiq edib. Prezidentimiz 200 ildən üzü bu yana Azərbaycan torpaqlarını işğal edən, orada qondarma erməni dövləti yaradıb, digər torpaqlarımızı da işğal etməyi qarşılarına məqsəd qoyan dünya gücləri ilə müharibədə qalib gəlib. Azərbaycan xalqı da qədirbilən, reallığı qəbul edən, ədalətli, dövlətini sevən bir xalq kimi Prezidentimizin xidmətlərini doğru qiymətləndirməyi bacarır.  Bu baxımdan İlham Əliyevin seçkidə qalib gələcəyinə qətiyyən şübhə ola bilməz. Bir daha təkrar edirəm: İlham Əliyev 44 günük müharibə və 24 saatlıq antiterror əmliyyatı zamanı özünü dünyamiqyaslı lider kimi təsdiq etdi. Prezidentimiz hələ də dünya ilə döyüşür. Hələ də dünya erməniliyi, dünya erməniliyinin təsirində olan erməni lobbisi, erməni lobbisinin idarə etdiyi dövlətlərlə döyüşür və hər döyüşdən də qalib çıxır.  Belə döyüşlərdən qalib çıxan sərkərdənin Prezident seçkilərindən qalib çıxması şübhəsizdir.

– Müxalifət partiyalarının seçkilərdəki iştirakını necə dəyərləndirirsiniz? Bəzi partiyalar var ki, seçkiləri boykot edəcəyini bəyan ediblər, səbəb nədir?

– Azərbaycanda müxalifət çoxqütblüdür. Əslində, özünü müxalifət kimi təqdim edən, təsdiq edən partiyalar seçkilərdə iştirak edirlər. Partiyalar ya öz namizədləri ilə, ya da haqqa-ədalətə söykənərək, İlham Əliyevin alternativsiz olduğunu dərk edərək bu seçkilərdə ona səs verəcəklərini elan edirlər. Özünü partiya elan edən, lakin faktiki olaraq  Azərbaycanın düşmənləri ilə bərabər kənardakı sahiblərinin təlimatları ilə hərəkət edən və antimilli epitetini özünün tərcümeyi-halına yazan Əli Kərimli və onun tərəfdarları bu seçkilərə getmək istəmədikləri bir yana, həm də onu boykot edəcəklərini deyirlər. Sual olunur: sən hansı qüvvə ilə seçkiləri boykot edəcəksən? Sənin sosial bazan nə qədərdir ki, onunla bu seçkiyə maneə ola biləsən? Sadəcə olaraq o siyasətbazların arasında xainlik, antimilli düşüncələr onları bu mövqedə olmağa vadar edir və bu mövqedə dayanmaqdan usanmır, utanmır, çəkinmirlər. Onlar bir daha Qarabağı, Şərqi Zəngəzuru işğaldan azad edən 100 il Azərbaycan xalqına, dövlətçiliyinə böyük problemlər yaradan şeytan yuvasını, qan çanağını yerlə bir edən  Qarabağdakı erməni separatizmini sıfırlayan bir Prezidentə qarşı belə münasibətdədirlərsə deməli, manqrutlaşıblar, tamamilə antimilli insanlardır.

– Bir neçə partiyanın seçkilərə qatılmaqdan imtinası, seçkini boykot etməsi seçki mühitinə, insanların seçki fəallığına nə dərəcədə təsir göstərə bilər?  

– Bunun seçki prosesinə heç bir təsiri olmayacaq. Sadəcə olaraq Azərbaycanı sevən, dövlətə sədaqətli, bu qalibiyyətin sevincini yaşayan, ondan qürur duyan insanlarımızın onlara qarşı antipatiya mövqeyini daha da gücləndirəcək. Bu qrup siyasi oyunbazların seçkilərdən sonra Azərbaycan cəmiyyətində sıfırlanacağına şübhəm yoxdur. Onlar xaricdəki anti-Azərbaycan qüvvələri qarşısında götürmüş olduqları öhdəliklərə uyğun olaraq hərəkət edir və bu da onların Azərbaycanda olmayan mövqelərinə daha ağır, daha ciddi zərbələr vuracaq.

Əli Kərimli və onun ətrafında olan adamlar kompüter arxasında oturub bloggerlik etməkdən başqa bir iş görmürlər. Onların Azərbaycanın ictimai-siyasi proseslərinə hansı təsiri ola bilər? Hansı ictimai rəyin formalaşmasında həlledici rol oynayırlar? Onların mitinqə çıxardığı insanların sayını barmaqla hesablamaq olar. Bu seçkilərdən sonra Əli Kərimli və ətrafında olan 5-10 nəfərdən də məhrum olacaq. Cəmiyyət böyük güc kimi içərisində olan bu cür eybəcərlikləri getdikcə sıradan çıxarır. Bu, dünya praktikasında özünü göstərən bir təcrübədir.

– Prezident İlham Əliyevin seçkilərdə yeni qələbəsinin Ermənistanla aparılan danışıqlar prosesinin sonrakı gedişinə təsiri nə ola bilər?

– Təbii ki, bu qələbə İlham Əliyevə daha geniş imkanlar, daha ciddi güc verəcək. Xalqın etimadını qazanaraq yenidən prezident seçilən dövlət başçısı daha cəsarətli, daha qətiyyətli şəkildə qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində irəliləyəcəkdir. Danışıqlarda Ermənistana hər hansı güzəştdən söhbət gedə bilməz. Sülh sazişi ya cənab Prezidentin söyləmiş olduğu 5 baza prinsipi əsasında, Azərbaycanın istədiyi kimi sülh sazişi olacaq, ya da olmayacaq. Sülh sazişi olmasa belə bu, Azərbaycanın böyük itkisi deyil. Azərbaycan özünün əraz bütövlüyünü, suverenliyini təmin edib. Bizim azad etməli olduğumuz 8 kəndimiz qalıb. Bu məsələ də danışıqlar nəticəsində özünün həllini tapmasa, qəhrəman Silahlı Qüvvələrimiz yenə öz funksiyasını qətiyyətlə, uğurla yerinə yetirəcəklər.