“İndi məhsullarımız Polşa, Rumıniya, Ukrayna bazarlarına çıxır” – fermer Elman Qasımov

12:26 01.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Artıq bir neçə ildir Azərbaycanda kənd təsərrüfatının kompleks şəkildə inkişafı üçün ardıcıl tədbirlər görülür.  Bu məqsədlə ayrı ayrı sahələrin - pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və sair bu kimi sahələrin inkişafı artıq nəzərə çarpacaq dərəcədə genişlənib, şaxələnib.  Ekspertlərin fikrincə bu tədbirlər ölkənin qeyri neft iqtisadiyyatının inkişaf etdirilməsi, ixrac potensialının daha da yüksəldilmısi və əhalinin məşğulluğunun artırılması, maddi durumunun yaxşılaşdırılması və digər hədəfləri nəzərdə tutur.

Ötən dövr ərzində danışılan sahələr üzrə çox böyük işlər görülmüşdür ki, bu gün onun nəticələrini  fermerlər, təsərrüfatla məşğul olanlar daha çox hiss edir. Bərdə sakini, fermer Elman Qasımov hafta.az-a açıqlamasında bildirdi ki, bu il məhsuldarlıq çox yaxşı olub: “11 hektar ərazidə soğan əkmişdik. Hər hektara 60 sentener məhsul götürdük. Bu da ötən illərlə müqayisədə çox yaxşı nəticədir. Əvvəlki illərlə müqayisədə dövlətin diqqət və qayğısının daha da artdığını gördük. Subsidiyalar, texnikalarla təminat çox yaxşı səviyyədədir. Qane edir. Bizim peşəmiz soğançılıqdır. Gələn il də soğan əkəcəyik. Hər il ümumi əkin sahəmizin yarısı taxıl, yarısı soğan olur. Taxılçılıqda da vəziyyət çox yaxşıdır”.

Fermer deyir ki, əvvəlki illərdə taxıl əkirlərmiş, amma ziyanla başa gəlirmiş. İndi isə belə deyil: “Son qiymətlər fermerləri qane edir. Düşünürəm ki, gələnilki məhsuldarlıq dövlətimizin, ölkə başçımızın, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin, cənab nazirin diqqəti və qayğısı nəticəsində daha da yüksək olacaq. İndiyə qədər özümüzü kənd təsərrüfatı sahəsində yetim hiss edirdik. Kolxoz sistemi dağıldıqdan sonra biz Kənd Təsərrüfatı Nazirliyinin nə olduğunu bilməmişik. Qayğısını görməmişik. İnam Kərimov nazir təyin olunduqdan sonra hiss etdik ki, bizim də qayğımıza qalan qurum, nazir var. Biz naziri şəxsən tanıyırıq. Gəlib görüşür. Sahələrimizi gəzir. Sahələrimizi tanıyır. Nazirliyin mətbuat xidmətinin rəisi var, Vüqar müəllim, Bərdə fermerlərini bir-bir tanıyır. Sahələrimizdə tez-tez olurlar. Həmişə maraqlanırlar. Dəfələrlə bizlərlə görüşlər keçiriblər. Bu da bizdə ruh yüksəkliyi yaradır. Arxamızda dövlətin, nazirliyin gücünü hiss edirik”.

Elman Qasımov onu da vurğulayır ki, fermerlər dövlətin diqqət və qayğısını ilk növbədə məhsuldarlığın artımında hiss ediblər: “Bundan başqa, əvvəlki illərdə məhsullarımız sahələrdə qalırdı. İndi belə deyil. Qəti tapşırıq qoyulub ki, fermerlərin becərdiyi məhsullar sahələrdə qalmamalıdır. Yeni nazir bizi xaricdə tanıtdı. Təbliğatımız aparıldı. Məhsullarımız indi xarici ölkələrə çıxır. Yəni, bizdə bu cür keyfiyyətli məhsulların becərilməsindən bəhs olundu. Ukraynadan, Moldovadan, Rumıniyadan, Polşadan və digər xarici dövlətlərdən ölkəmizə axın oldu. Bizim yetişdirdiyimiz məhsullar nəinki əlimizdə qalmır, xarici ölkə bazarlarında özünə yer edir. Ölkəmizə valyuta axını gəlməyə başladı. Bu da qeyri-neft sektorunun inkişafında müstəsna addımlardandır. Kənd təsərrüfatının bundan sonrakı inkişafı, yeni iş yerlərinin yaradılması, yeni təsərrüfat sektorlarının meydana gəlməsi neftdən asılılığımızı azaldacaq. Gələcəyə ümidlərimiz böyükdür”.