Məlum olduğu kimi, avqustun 15-dən Azərbaycanda internetin qiyməti bahalaşacaq. Rəsmi məlumata görə, “Aztelekom” GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artıracaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək.
“Aztelekom” və “Bakı Telefon Rabitəsi” İnternetin qiyməti ilə bağlı məlumatlara aydınlıq gətirərək bildirib ki, aparılan infrastruktur təkmilləşdirmələrinin məqsədi vətəndaşların yüksəksürətli internetə artan tələbatının qarşılanması və daha yüksəkkeyfiyyətli internet xidmətlərindən faydalanmasıdır: “Qiymət siyasətimiz müştərilərimizə daha yüksək sürət və Mbit həcminə görə mümkün optimal qiymət təklif etmək şərti ilə bazar tələblərinə uyğun formalaşdırılır”.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz hesab edir ki, qiymətlərin artırılması doğru addım deyil: “Provayderlər, o cümlədən dövlət provayderləri internet tariflərini 40 faiz qaldırır. Hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə vətəndaş 40 Mbit/s sürət əldə edə bilir. İndi təklif olunan isə minimal 100 Mb/s üçün 25 manat olacaq. Görünür ki, provayderlər, o cümlədən dövlət provayderləri də bir anda varlanmaq xətti götürüblər. Baxırlar ki hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki onlar niyə etməməlidirlər. Bütün bunlar isə düşünürəm ki, doğru bir yanaşma deyil. Xüsusən də regionlar üçün. Hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir. Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənd əhalisidir. Bu birmənalıdır. Belə olan halda hamı üçün minimal sürəti 100 Mbit/s etmək görəsən kimin ağlına gəlib. İndi mən sual edirəm hökumətə, kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-i olmayan, min cür əziyyətlə çörəkpulu - gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansısa bir onlayn xidmətlərdən yararlanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan bir vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı? Bu vətəndaşlarımız hara sərf edəcək bu sürəti? Nə üçün biz zorla ona zəruri olmayan bu sürəti verib min əziyyətlə qazandığına şərik olmalıyıq? Qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun. Dövlət provayderlərin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır. Provayder ona görə hələlik dövlət provayderidir ki, məhz vətəndaşın tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun”.
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov isə deyib ki, yanacağın qiymətində baş verən dəyişikliklərin müəyyən qiymət artımlarına səbəb olacağı əvvəlcədən məlum idi: “Çünki ölkə daxilində və xaricdən ölkəmizə daşımaların böyük əksəriyyəti dizel yanacağından istifadə edən avtomobillərlə həyata keçirilir. Eyni zamanda kənd təsərrüfatında əkin-biçin və digər işlərdə istifadə olunan texnikanın demək olar ki, hamısı dizel yanacağı ilə işləyir. İnternetin bahalaşmasının qiymət artımlarına birbaşa təsiri elə də ciddi olmayacaq. Lakin Azərbaycanda internet əzəldən qonşu ölkələrlə müqayisə edilməyəcək dərəcədə baha olub və bu fərq getdikcə artır ki, azalmır. Dediklərimizi əsaslandırmaq üçün Rusiyanın “Bilayn” şirkəti ilə “Baktelekom” şirkətinin insanlara təklif etdikləri ev internetinin qiymətlərini müqayisə edək. “Bilayn” şirkəti vətəndaşlara saniyədə sürəti 500 m/b olan ev internetinin bir aylıq ödəniş haqqını Azərbaycan manatı ilə 2 manat 89 qəpik müəyyən edirsə, Azərbaycanda “Baktelekom” bir aylıq ev interneti üçün 18 manat xidmət haqqı alır və indi də həmin qiyməti 40 faizə qədər bahalaşdırıb. Aylıq ödəniş haqqını 25 manat müəyyənləşdirir ki, bu da Rusiyada “Bilayn” şirkətinin insanlara təklif etdiyi ev internetinin bir günlük qiymətindən 8,7 dəfə bahadır. Rusiya da Azərbaycan kimi interneti kənardan alır. Bəs onda bu qədər fərq nə deməkdir?!”.