Rusiya ilə İran bu ölkələrin üzərindən Azərbaycana təzyiq göstərəcək”
“Vaşinqtonda baş verən uğurlu hadisədən sonra Rusiya və İranın Azərbaycana və ümumilikdə Cənubi Qafqaza qarşı atacağı addımlar əsasən geosiyasi təsir dairəsini qorumaq, mövqelərini itirməmək və öz maraqlarını bərpa etmək məqsədinə yönələcək”.
Bu barədə hafta.az-a siyasi şərhçi Zəlimxan Məmmədli bildirib. Ekspert bu addımların bir neçə istiqamətini qeyd edib.

Z.Məmmədli hesab edir ki, bu proseslərdə siyasi və diplomatik təzyiq vasitələri istisna deyil:
“Rusiya və İran diplomatik bəyanatlarda sərt ton seçərək Azərbaycanın xarici siyasət kursunu tənqid və regional birlikləri manipulyasiya edə bilər. Məsələn, KTMT və ya digər formatlarda Azərbaycanın əleyhinə mövqe formalaşdırmaq üçün Ermənistan, Belarus və Gürcüstan üzərindən təzyiq göstərməyə çalışacaqlar. İran, xüsusilə dini-siyasi platformalarda Azərbaycanın Qərbə yaxınlaşmasını “mənəvi təhlükə” kimi təqdim edə bilər. Təhlükəsizlik və hərbi istiqamətdə Rusiyanın Ermənistandakı hərbi bazasını aktivləşdirməsi, İranın isə Ermənistana və Azərbaycana təsir rıçaqları işə salınacaq. Ermənistandakı və Azərbaycandakı cəsus şəbəkələri aktivləşdirilə, Naxçıvan, Qarabağ ətrafı və ya şimal sərhədlərdə “kiçik ölçülü, amma səs-küylü” insidentlər yaratmaqla Zəngəzur dəhlizinə və bölgədə sabitliyə təhdid yaratmağa çalışa bilərlər. Ermənistandakı revanşist qüvvələrə və ya bölgədəki proksi qüvvələrə daha müasir silahların verilməsi mümkündür. Ticarət marşrutlarına maneələr yaradıla bilər, İran Araz çayı üzərindən keçən ticarət yollarını yavaşıda, Rusiya isə Şimal-Cənub nəqliyyat dəhlizində Azərbaycan üçün problemlər yarada bilər. Azərbaycan qazının Avropaya çıxışını zəiflətmək, Gürcüstan ərazisində iri kommunikasiya xətləri hədəf alına bilər, Rusiya və İran alternativ enerji təkliflərini gücləndirə bilər. Media vasitələri ilə informasiya və təxribat kampaniyaları, dezinformasiya hücumları gücləndirilə bilər. Sosial şəbəkələrdə “Qərbin Azərbaycandan istifadə etdiyi”, “milli dəyərlərin təhlükədə olduğu” kimi kampaniyalar istisna deyil. Milli, dini, sosial zəmində ixtilaf toxumu səpməklə Rusiya və İran kanallarında anti-Azərbaycan ritorikasını artıra bilərlər. Moskva və Tehran birgə layihələr, təlimlər və iqtisadi təşəbbüslər vasitəsilə Azərbaycanın Qərb yönümlü xəttinə qarşı balans yaratmağa, Türkiyənin Qafqazda rolunu zəiflətməyə çalışacaq, Ankara-Bakı əlaqələrinə şübhə salmaq üçün lobbiçilik və diplomatik oyunlar qura bilərlər. Prezident Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə edilən jestlər Azərbaycanın bölgədə üstün, lider mövqeyinə dəstək kimi yozula bilər”.
Z.Məmmədli qeyd edib ki, Azərbaycan təxirəsalmadan Türkiyə ilə hərbi-siyasi ittifaq formatına yeni məzmun verməlidir. Onun sözlərinə görə, Türkiyə qoşunlarının Azərbaycana dəvət olunması, Şuşa və ya Xankəndidə Türkiyənin baş konsulluğunun açlması vacib məsələlərdir və həll edilməlidir.
Ekspert vurğulayıb ki, Ermənistanla sülh sazişinin ən yaxın zamanda imzalanması, Ermənistanla ictimai dialoqların intensivləşdirilməsi vacib məsələlərdəndir:
“Ən mühüm vəzifə cəmiyyətdə birliyi, pozitiv dinamikanı qorumaq, siyasi uzlaşma əmsalını daha da yüksəltmək və ideala sadiqliyin yüksək həddə çatdırılmasına nail olmaqdır. Həm də, cəmiyyəti daxildə pozitiv dəyişikliklərin olacağına hazırlamalıyıq”-ekspert deyib.