İrandakı molla rejimi Azərbaycanı elə bir duruma gətirmək istəyir ki, hər gün terror, partlayışlar, atəşkəsin pozulması ilə əminamanlığı pozulsun. Çünki yaxşı bilirlər ki, bir ölkədə əminəmanlıq yoxdursa, orda heç bir inkişafdan danışmaq olmaz və insanlar həmin ölkəni tərk edəcək. Eyni zamanda sülh, sabitlik olmayan yerə heç kəs sərmayə qoymaz.
Bu fikirləri hafta.az-a hazırda ABŞ-da mühacir həyatı yaşayan Əli Süleymani deyib:
“Bu gün İranın molla rejimi bu aciz niyyətini gizlətmir. Açıq şəkildə müharibə təhdidləri yağdırır.
Hələ bir neçə il bundan əvvəl bu rejim Arazın kənarında yerləşən Muğan-Parsabad şəhərində bir mərkəz qurmuşdu. 40-dan çox azərbaycanlını gətirib orda saxlayırdılar, sonralar orda molla məktəbi açmışdılar. Orda azərbaycanlılara həm hərbi təlimlər, həm də guya dini öyrədirdilər. Əslində isə İran belə vasitələrlə Azərbaycana qarşı təhdid, təzyiq ocağı yaradıb, lazım gəldikcə onlardan istifadə edirlər. Bu gün Araz boyu keçirilən təlimlər elə həmin siyasətin davamıdır, bu gün bir addım da qabağa atıblar. Bu İran rejiminin Azərbaycanın inkişafının qarşısını almaq xarakterini daşıyır. İran Azərbaycanı zəif dövlət kimi görmək istəyir və bu siyasət tarix boyu belə davam edib. Təkcə Xomeyni zamanı yox, şahlar zamanı da bu siyasət gedib.
İran fars rejimi həmişə “niyə Azərbaycan respublikasının adı Azərbaycan olmalıdır” deyə narazılıq edib. Fars siyasətçiləri hələ o zaman Məhəmməd Əmin Rəsulzadəyə məktub yazıb ölkəmizin adı ilə bağlı öz narazılıqlarını, nigarançılıqlarını elan ediblər. İndi də İran molla rejiminin bütün orqanları açıq-aşkar deyirlər ki, Azərbaycan bizə təhlükədir. Ona görə ki, Azərbaycanın Güneyində yaşayan 40 milyon azərbaycanlı Quzey Azərbycanda yaranan müstəqil dövlətdən örnək götürə bilərlər. Qorxurlar ki, Cənubi Azərbayacandakı 40 milyon azərbaycanlı özünün müstəqilliyini tələb edər. Ona görə də nə olursa -olsun, Azərbaycanın əminəmanlığını pozmaq üçün bir vəsilə axtarırlar. İran fars rejimi həmişə ondan narahat olub ki, Azərbaycan qüdrətli, güclü, demokratik, azad bir ölkə olarasa, Cənubi Azərbaycanda daim təzyiq, təhdid aldında yaşayan 40 milyon azərbayacanlı ayağa qalxıb özünün hüquqlarını tələb edə bilər.
Cənubi Azərbaycanda türklər daim assimliyasiyaya uğradılır, türklərin-azərbaycanlıların farslaşdırılması prosesi gedir. İran rejimi narahatdır ki, mütləq cənublular düşünəcəklər: -Arazın o tayında olan 10 milyon soydaşım bunca mərhumiyyətlərə baxmayaraq özünün müstəqilliyini qazanıb, özünün ana dilini, mədəniyyətini inkişaf etdirib demokratik bir dövlətə sahiblənibsə, biz niyə belə bir dövlət qurmayaq-. İran adlanan ölkədə yaşayan 40 milyon azərbayacanlının milli məfkurəsinin oyanıb, alovlanıb, milli-mədəni dəyərlərinin qorunması naminə kütləviləşib öz haqqını alacağından qorxur. Ona görə də İran Molla rejimi üçün ən əlverişlisi o olar ki, zəif bir Azərbaycanı qonşuluğunda görsün. 40 milyon azərbaycanlı 10 milyonu özlərinə nümunə görməsin.
Bu gün molla rejimi, İran hakimiyyti Azərbaycanı nümunəvi dövlət kimi yox, əminəmanlığı pozulmuş, geridə qalmış, təhlükəsizliyi olmayan dövlət kimi təqdim etmək üçün bir neçə amildən istifadə etməyi düşünür. Bunlardan biri müharibə yoludur. Ona görə də istəyir ki, Azərbaycan həmişə Ermənistanla münaqişədə olsun. İran hakimiyyəti belə bir Azərbaycanı görmək istəyir. Bu gün Ermənistana yanacaq, ərzaq, silahla yardım edir ki, bu “layhəsini” qabağa aparsın. İkinci, bir təhlükəli məqam, İran molla rejiminin Azərbaycanda radikal dini qruplar yaratmasıdır. Onlar ölkə daxilində radikal dinçiləri tapıb onları silahlandırıb, Azərbaycanın təhlükəsini pozub təhlükəsiz bir zona yaratmaq istəyirlər.