Üçtərəfli atəşkəs sazişinə imza atan Rusiya və Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi danışıqları Brüsselə qədər daşısa da, Ermənistanın sülhə cavab verməməsi üzündən bu danışıqlar formatı dalana dirənə bilər. Ermənistan Fransa timsalında vasitəçilərin sayını artırmaqla sülh prosesini uzadır, üstəlik, rus sülhməramlılarının Qarabağda öz missiyasına uyğun davranmaması Ermənistanın Azərbaycanı müharibəyə təhrik etdiyini, vəziyyətin gərginləşdirilməsinə yönəldiyini bir daha ortaya qoyur. İrandan Azərbaycana qarşı hücum təhdidlərinin ortaya çıxması da birmənalı qarşılanmır. Mövcud durumla bağlı “Həftə içi”nin suallarını Milli Məclisin deputatı Hikmət Babaoğlu cavablandırır.
- Azərbaycan Prezidentinin Brüssel görüşündən məlum imtinası danışıqlar prosesinin hansı istiqamətə yön aldığını göstərir?
- Azərbaycan Prezidentinin Brüssel görüşü ilə bağlı fikirləri Ermənistanın sülh diplomatiyasını şantaj etməsinə cavab olaraq səsləndirilib. Əslində, Brüssel formatı post-müharibə dövründə formalaşan və ən ümidverici nəticələrə gətirib çıxara biləcək formatlardan biri kimi qəbul edilirdi. Ermənistan sülh istəmədiyinə görə bu formatla bağlı manipulyasiya etməyə və nəticədə şərt qoymağa başladı. Şübhəsiz ki, qalib bir ölkəyə qarşı şərtlər irəli sürmək mümkün deyil. Üstəlik, əgər bu şərtlər regional sülhə töhfə verməyəcəksə və beynəlxalq hüquqa zidd olacaqsa, heç cür mümkün deyil. Azərbaycan isə heç bir danışıq prosesini boykot etmir və yaxud imtina etmir. Sadəcə olaraq Ermənistanın diplomatik manipulyasiyaları belə bir mürəkkəb vəziyyət yaradır. Əlbəttə ki, sülh üçün müddətin əhəmiyyəti, nə zaman baş verəcəyi bizim üçün o qədər də vacib deyil. Biz ərazi bütövlüyümüzü bərpa etmişik və faktiki olaraq bu gün hər tərəfə yollarımız açıqdır. İqtisadi kommunikasiyalar vasitəsilə özünü blokadaya salan Ermənistandır. Şübhəsz, mümkün sülh bütün kommunikasiyaların açılmasını nəzərdə tutur. Ermənistanın ən yaxın qonşuları ilə belə normal əlaqələr quracağı kommunikasiyalar yoxdur. Ona görə də bu gün Ermənistan narahat olmalıdır. Azərbaycan yenə də sülh istəyir və Ermənistanın öz öhdəliklərini yerinə yetirməsini tələb edir. Sülh Zəngəzur dəhlizindən, Zəngəzur dəhlizi vasitəsilə kommunikasiyaların açılmasından keçir. Söhbət təkcə dəmir yolunun deyil, ona paralel olaraq avtomobil yolunun açılmasından keçir. Bu, üçtərəfli bəyanatın 9-cu maddəsində qeyd olunur. Ermənistan özünü çox ağıllı hesab edir, düşünürlər ki, Zəngəzur yolundan dəmir yolu xəttinin keçməsinə razılıq verəcəklər, Rusiya ilə dəmir yolu ilə birbaşa əlaqə quracaqlar, Azərbaycana isə öz qərb rayonları ilə avtomobil yolu ilə əlaqə qurmasına imkan verməyəcəklər. Bu, mümkün olan məsələ deyil. Ona görə də yaxşı olardı ki, Ermənistan bu cür sülhə qarşı təxribatlardansa, real vəziyyəti düzgün qiymətləndirib proqressiv mövqe nümayiş etdirə bilsin.
- Rusiya sülhməramlıları Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaqdan çəkinmir və Qarabağda Azərbaycan toponimlərini erməni adları ilə adlandırır. Buna qarşı hansı cavab addımları atılmalıdır?
- Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlıları öz missiyalarına adekvat davranmırlar. Birincisi, hələ də onlar üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Həmin öhdəliklərdən bir bu idi ki, Rusiya sülhməramlıları əraziyə daxil olan kimi paralel olaraq erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxrımalı idi. Üçtərəfli sazişin 4-cü maddəsi hələ də yerinə yetirilməyib.
İkincisi, get-gedə sülhməramlı missiyaların olduğu ərazilərdə ermənilər daha da aqressivləşir və bizim mövqelərimizi atəşə tuturlar. Bu da yolverilməzdir. Üstəlik, Rusiya sülhməramlıları Azərbaycan ərazilərini, inzibati vahidlərimizi, toponimlərini erməni dilində deməklə yenə də sülh missiyası deyil, hansısa başqa bir missiya iddiasında olduqlarını ortaya qoymuş olurlar. Ona görə də Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı xəbərdarlıq edib. Əminəm ki, bu xəbərdarlıqdan sonra qətiyyətli addımlar atıla bilər. Biz artıq postmüharibə dövründə, Fərrux, “Qisas” əməliyyatı təcrübəsini keçmişik. Bilirik ki, regionda vəziyyət belə davam edərsə, Azərbaycan daha qətiyyətli addımlar atacaq.
O ki qaldı Azərbaycan-Ermənistan-Rusiya üçbucağında danışıqların aparılmasına, Azərbaycan Prezidenti Praqada qeyd etdi ki, Gürcüstan-Azərbaycan – Ermənistan platforması yarada bilərik. Mən düşünürəm ki, bu platforma sülh üçün ən uyğun platforma ola bilər. Fransa və digər aktorlar proseslərə müdaxilə edə bilməzlər. Bu platformada iştirak edən üçüncü, yaxud dördüncü dövlət mütləq danışıqlar prosesində öz maraqlarını güdəcəkdir və regiona müdaxilə ertmək üçün müəyyən mexanizmlər qurmağa çalışacaqdır. Ona görə də Azərbaycan Prezidenti Gürcüstan-Azərbaycan-Ermənistan platformasını təklif etdi. Düşünürəm ki, bir qədər realist olmaq lazımdır. İndiki mərhələdə qlobal aktorların mövqeləri müəyyən qədər təsiredici rol oynaya bilər. Ermənistan rasional davranarsa, regiondakı prosesləri düzgün qiymətləndirməyi bacararsa, öz maraqlarının ən optimal yollarını tapmağa cəhd edərsə, başa düşəcək ki, ən yaxşı platforma Cənubi Qafqaz platforması ola bilər ki, Azərbaycan Prezidenti artıq bu təklifi irəli sürüb.
- Zəngəzur yolunun açılması ilə bağlı maneə yaradan əsas aktorlarından biri də İrandır. Məsələyə İranla münasibətlər kontekstində yanaşsaq, mövcud vəziyyəti necə əlaqələndirmək olar?
- İran daim Azərbaycana müstəmləkə gözü ilə baxıb. Azərbaycanın güclənməsi, müstəqil olması, üstəlik, Zəngəzur dəhlizini açması, İranda yaşayan milyonlarla azərbaycanlı üçün bir ilham mənbəyinə çevrilir. Onların dil, mədəniyyət hüquqlarını müdafiə etməsi üçün bir cazibə yaradır. Ona görə də İran hesab edir ki, Azərbaycan güclənərsə, İranda yaşayan azərbaycanlılar da güclənə bilər. Buna görə də daim Azərbaycana qarşı aqressiv mövqe, güc nümayiş etdirir. Baş verən hadisələr onu göstərir ki, bu cür vasitələrlə Azərbaycana təsir etmək mümkün deyil. Ona görə ki, İranda yaşayan 40 milyon azərbaycanlı icazə verməz ki, fars rejimi Azərbaycana qarşı hansısa addımları atsın. Ona görə də əgər İran doğrudan da özünün dövlətçilik maraqlarını, vətəndaşlarını, 52 faiz İran azərbaycanlılarının maraqlarını düşünürsə, bu cür sərt ritorikadan, güc nümayiş etdirməkdən əl çəkməlidir. İran Ermənistanı müdafiə etməkdən əl çəkməlidir. Ermənistanı müdafiə etməklə öz vətəndaşlarının maraqlarının əleyhinə getmiş olur. Belə olan halda İrandakı türklər və qeyri-türklər, amma imanlı müsəlmanların hamısı İran rejimindən soruşacaq ki, məscidlərə donuz bağlayan Ermənistanı niyə müdafiə edirsiniz? Bax, onda İran hökumətinin onlara verməyə cavabı olmayacaq. Ona görə də düşünürəm, İran Azərbaycana müstəmləkə gözü ilə baxmaqdan əl çəkməli və Azərbaycana qarşı apardığı hər üç - tiryək, narkotika, casusluq, dini-ideoloji müharibəni dayandırmalıdır. Əslində, bu komponentlərin heç biri Azərbaycana qarşı işələmir. İran, Azərbaycan xalqı da görür ki, səmimi islam ölkəsi, İslam ölkəsini dağıdan xristian ölkəsi ilə müttəfiq ola bilməz.