“İran məmnuniyyətlə Naxçıvan dəhlizinin yaradılmasında iştirak edə bilər” - Əfşar Süleymani

10:07 29.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə İranın Xarici işlər naziri Cavad Zərif Bakıya səfər etdi. Vətən müharibəsindən sonra qonşu İrandan ölkəmizə ilk dəfə səfər edən XİN başçısı danışıqlar apardı, iqtisadi-siyasi müstəvidə məsələləri müzakirə elədi, xüsusilə də ölkəsinin azad olunmuş ərazilərin bərpasında iştirak etmək istədiyini dedi və müsbət cavab aldı. Amma onun Bakıdan sonra Ermənistana, Rusiyaya və son olaraq Türkiyəyə səfər etməsi, əslində Zərifin səfər portfelində ictimaiyyətə bəlli olmayan detalların olmasına dair söz-söhbət yaradıb. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ilə söhbətimizdə bu məqamlara aydınlıq gətirməyə çalışdıq.

- Danışıqların ictimaiyyətə bəlli tərəfləri var ki, bunlar iki ölkə arasında bütün sahələrdə - iqtisadi, siyasi, elmi-mədəni və sair müstəvilərdə əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur. Xüsusilə də, iqtisadi-ticarət sahəsində, şimal-cənub dəhlizi, enerji mübadiləsi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında İran şirkətlərinin iştirakı, dəmir yolunun tikintisi və sair məsələlər müzakirə edilib. Təbii ki, ictimaiyyətə açılmayan xüsuslar da ola bilər danışıqlarda. Yəni Xəzər məsələsini, Qarabağda son hadisələri ki, burada ruslar nə elədi, başqaları nə iş gördü və sair məsələlərdən danışıla bilər. Ümumiyyətlə, səfərlər hər zaman olub və bundan sonra da olacaq. Amma bu səfərin reallaşması o demək deyil ki, bütün məsələlər danışıldı və həllini tapdı. Mümkündür ki, bir sıra sahələrdə ümumi razılıq əldə olunsun, amma qərara bağlanmasını həmin sahəyə baxan nazirliklərə həvalə etsinlər. Diplomatiyada heç bir şey bir gündə başa gəlmir. Xüsusilə də şimal-cənub layihəsi çərçivəsində Astara-Rəşt dəmir yolu xəttinin ikilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdəki dəmir və şosse yollarının bərpası və sair vaxt aparan məsələlərdir. İranla Azərbaycan arasında enerji mübadiləsi məsələsi də gündəmdədir. Düzdür, bu sahələrdə artıq çoxdan əməli əməkdaşlıq mövcuddur, amma təkmilləşdirilməsi, daha da genişləndirilməsi vacibdir.  

- Zərif Bakıdan sonra danışıqları Moskva və İrəvanda davam etdirib və səfrini Ankarada yekunlaşdıracaq. Sizcə Rusiya və Ermənistanda, yaxud da Türkiyədə nələri danışacaq, axı Qarabağ problemi başa çatıb, torpaqlarımız əsarətdən azad edilib...

- Bilirsiniz, Azərbaycan ərazisinin böyük hissəsi azad olunsa da, Dağlıq Qarabağın bir hissəsinə hələ də nəzarət etmir. Düzdür, o ərazilər də sənədlərdə, beynəlxalq hüquq müstəvisində Azərbaycanındır, amma səmimi danışaq: Azərbaycan ordusu artıq Şuşaya daxil olmuşdu. Bu şəhər elə hündür və əlverişli yerdə yerləşir ki, oradan hərəkət etməklə Xankəndini rahatca azad eləmək olardı. Amma ruslar hər zaman olduğu kimi, yenə buna imkan vermədi. Rusiya öz hərbi qüvvələrini əraziyə gətirmək üçün münasib vaxtı gözlədi və məlum saziş imzalandı. Bu gün İranda mətbuatda yazılır və görürük ki, hələ də Ermənistanda Dağlıq Qarabağla bağlı bəzi qarışıq söhbətlər gedir, Araik Arutunyan hələ də özünü prezident hesab edir, iclaslar keçirir, qərarlar verir, ruslar da onlara müəyyən dəstək verir və sair. Biz İran dövləti olaraq hesab edirik ki, vaxtilə Qarabağdan çıxarılmış azərbaycanlılar da evlərinə qayıtmalıdır. Hər halda biz bunu görmürük. Putin ara-sıra porodoksal ifadələr işlədir, gah Azərbaycanın ərazi bütövlüyünün bərpasından söz açır, gah da ermənilərin hüquqlarını qoruyur. Elə götürək sülhməramlı qüvvələri, onlar Qarabağda tikinti-quruculuq işləri ilə məşğuldur, erməniləri Ermənistan gətirib orada yerləşdirirlər və sair. Sülhməramlının işi hərbi təhlükəsizliyi, ictimai asayişi qorumaqdır, humanitar məsələlər onların səlahiyyətində deyil. Ermənistanın naziri gedib Xankəndiyə gedib iclas keçirir, başqa məsul şəxslər ora səfər edir, bunlar yolverilməzdir və bu səfərlərin baş tutması üçün rəsmi Bakının razılığı mütləq alınmalıdır.

- Yeri gəlmişkən, bundan sonra Qarabağ ermənilərin statusu necə olacaq, keçmiş diplomat olaraq ermənilərə hansı statusun veriləcəyini gözləyirsiniz?

- Bir xüsusa diqqət çəkim: Cavad Zərif İrəvanda olanda Ermənistanın xarici işlər naziri Ayvazyan deyib ki, Artsaxın, yəni Qarabağın siyasi gələcəyi məsələsi həll olunmamış qaldığı üçün regional əməkdaşlıq mümkün deyil. Hansı ki, burada Cənubi Qafqazın üç respublikası, Türkiyə, İran və Rusiyanın birlikdə əməkdaşlıq etməsi, təhlükəsizliyi qoruması və sair nəzərdə tutulur. Ermənistan hələ də özünü Qarabağ ermənilərinin mühafizəçisi kimi görür, bu da yaxşı hal deyil.

- Azad olunmuş torpaqların yenidənqurulması prosesinə start verilib. Türkiyə, İtaliya, Macarıstan kimi ilk başdan Azərbaycana dəstək verən ölkələr bərpa-tikinti işlərinə cəlb ediliblər. İranın da istəyi var və nazir Zərifə Bakıda müsbət cavab verildi. Maraqlıdır, quruculuq işlərində İran hökuməti və ya ayrı-ayrı özəl şirkətlər hansı sahələrdə daha çox töhfələrini verə bilər?

- Əlbəttə, İranın işğaldan azad edilmiş Azərbaycan torpaqları ilə 135 kilometrlik sərhədi mövcuddur. Bu qədər yaxın olduğu üçün, əlbəttə, İranın özəl şirkətlərinin, hətta hökumətin özünün də həmin ərazilərin tikinti-bərpa prosesində iştirakı mümkündür. İran tərəfi bölgənin yol-infrastrukturunun bərpasında, binaların tikintiisində, su, qaz, işıq şəbəkəsinin bərpa və yenidənqurmasında əvəzsiz rol ala bilər. Bu işləri həm İran şirkətləri birbaşa edə bilər, həm də tikinti məhsulları, avadanlıqları ilə təchiz də edə bilər. İndi bilmirəm, o ərazilərin bərpasında iştirak qaydaları necədir. Ola bilər tenderdə qalib gəlmiş şirkətlər etsin bunu, yaxud dövlət özü müqavilə bağlayaraq, işi hansısa ölkəyə və ya şirkətə versin – qaydaları dəqiq bilmirəm. Amma bu bir reallıqdır ki, İran tərəfinin böyük potensialından yararlanmaq Azərbaycana həm qiymətdə ucuz, həm də vaxt məsələsində tez başa gələr. Çünki coğrafi yaxınlıq bütün bunlara əsas verir. Fikrimcə, məsələn, Azərbaycan tərəfi işğaldan azad edilmiş hər rayonu bir və ya iki ölkənin şirkətlərinə həvalə edə bilər ki, ən qısa vaxtda tikib bərpa etsinlər. Bu həm tez başa gələr, həm də keyfiyyət müstəvisində məsuliyyəti artırardı. Hər halda arzumuz budur ki, tezliklə ərazilərin yenidənqurma prosesi başa çatsın, insanlar ev-eşiklərinə dönsünlər.

- Bir az vaxtından tez verilmiş sual olsa da, işğaldan azad edilmiş ərazilərimiz İranla xeyli məsafədə həmsərhəddir. Artıq Azərbaycan tərəfdən sərhədçilər iş başındadır. Bu bölgədə yeni sərhəd-buraxılış məntəqəsinin açılışı, məsələn, Xudafərin su anbarı və enerji stansiyası bölgəsində birgə idarələrin və sair yaradılması müzakirə mövzusudur, yoxsa doğrudan da çox tezdir?..

- Yox, niyə tez olur ki, əgər sərhəd varsa qorunmalıdır. Həmin ərazidə yeni gömrük-keçid məntəqəsi də mütləq açılmalıdır. Düzdür, bir az vaxt lazımdır, çünki quruculuq işləri getməlidir. Prezident İlham Əliyev də demişdi ki, azad edilən ərazilərdə dostluq, qardaşlıq sərhədi yaradılacaq. Təbii ki, o ərazilər məskunlaşandan sonra gediş-gəliş də olacaq, ticarət də aparılacaq, həmin ərazilərdə şirkətlərin, təşkilatların ofisləri yaradılmalıdır, ümumiyyətlə, bu məsələlərin əksinə daha tez həlli bölgənin yenidən qurulmasını sürətləndirər.

- Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək nəqliyyat-enerji dəhlizinin yaradılması üzərində iş gedir. İran bu dəhlizdə iştirak edəcəkmi və ümumiyyətlə, İran bu dəhlizdən necə faydalanmağı düşür?

- Bu dəhliz Sovet dönəmində də olub, amma son 30 ildir müharibə səbəbindən bağlı qalıb. Odur ki, Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında əlaqələr İran torpaqları üzərindən qurulub. O vaxt dəmir yolu vardı, SSRİ-nin hər yerini birləşdirən bu yol şəbəkəsi ilə gələn qatarlar Azərbaycanın Zəngilan rayonundan Ermənistan ərazisinə, oradan Naxçıvana gedirdi. Naxçıvan ərazisində - Culfadan bu yol İrana da birləşirdi. Əlbəttə ki, İran dəvət alsa məmnuniyyətlə bu dəhlizin yaradılmasında iştirak edə bilər. Bu yerdə qeyd edim ki, İranın yol, tunel tikintisi işlərində çox böyük təcrübəsi var və yeni dəhlizin tikintisində töhfəsini verə bilər. Daşımaçılıq baxımından isə, bu dəhliz daha çox Türkiyəyə fayda verəcək. Çünki bəzi daşımalarda həm məsafə qısalacaq, həm də dolayısıyla maliyyəti enəcək. Eyni zamanda, İranın ərazisi də daşımalardan kənarda qalmayacaq, cənub və cənub-şərq daşımaları İran torpaqlarından keçir. Ümumiyyətlə, bütün bu layihələrin gələcəyini və faydasını əvvəlcədən hesablamaq lazımdır, xalqların mənfəəti naminə bütün proqramlardan maksimum yararlanmaq lazımdır.