İran “zəlzələ yardımı” adı altında Suriyaya 7 həftə silah daşıyıb

12:10 12.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran “zəlzələ yardımı” adı altında Suriyaya böyük həcmdə silah-sursat göndərib.

Hafta.az-ın yazdığına görə, bu barədə "Reuters"ə yerli mənbələr məlumat verib. Qeyd olunub ki, bu silahlar Suriyanın İsrailə qarşı müdafiəsini gücləndirmək, həmçinin Bəşər Əsədi dəstəkləmək məqsədi daşıyıb.

Məlumata görə, zəlzələdən sonra İrandan gələn yüzlərlə təyyarənin Suriyanın Hələb, Dəməşq və Latakiya hava limanlarına enərək hərbi sursat boşaldıb və bu 7 həftə davam edib. Materiallar arasında qabaqcıl rabitə avadanlığı və radar batareyaları, həmçinin Tehran tərəfindən təchiz edilmiş Əsəd rejiminin hava hücumundan müdafiə sisteminin yenilənməsi üçün lazım olan ehtiyat hissələri var.

İranın BMT-nin Nyu Yorkdakı missiyası isə Tehranın Suriyadakı şəbəkəsini gücləndirmək və Əsədə hərbi texnika daşımaq üçün humanitar yük təyyarələrindən istifadə edib-etmədiyini soruşduqda, inkar edib. Əsəd rejimi isə ümumiyyətlə, humanitar yardım təyyarələrinin hərbi texnikanın daşınması üçün istifadə edildiyinə dair iddiaları cavabsız qoyub.

"Reuters"ə danışan regional mənbələr İsrailin Suriyaya silah axınından tezliklə xəbərdar olduğunu və ona qarşı cavab kampaniyasına başladığını bildirib. İsrail ordusunun briqada generalı Yossi Kupervasser, hava hücumlarının kifayət qədər spesifik kəşfiyyat məlumatlarına əsaslandığını irəli sürüb. Deyib ki, İsrail ordusu uzun bir konvoyda hansı yük maşınını hədəf alacağını əla bilirdi.

Adının çəkilməsini istəməyən İsrailin müdafiə rəsmisi deyib: “İsrail zəlzələ zamanı Suriyaya yardım adı altında İrandan əhəmiyyətli dərəcədə hərbi texnikanın daşındığını gördü”. 

Yardımların daha çox Hələb Hava Limanına çatdırıldığını deyən həmin şəxs əlavə edib ki, bu göndərişlər İran İnqilabı Keşikçiləri Korpusunun xarici casusluq və hərbiləşdirilmiş qolu olan Qüds Gücünün “18000” nömrəli Suriya birliyi tərəfindən təşkil edilib.

"İsrailin hücumları İran milis komandirlərinin toplantısını hədəf alıb", - suriyalı polkovnik Abdulcabbar Akaydi deyib. O, görüşün harada keçirildiyini açıqlamayıb. Akaidi həmçinin bildirib ki, İsrail Əsəd rejiminin silah sistemlərini gücləndirmək üçün İran tərəfindən elektron çip daşıyan konvoyu vurub.

Başqa bir mənbə bildirib ki, İrana məxsus iki yük təyyarəsi “yardım bəhanəsi ilə” silah daşımaq üçün yerə endikdən bir neçə saat sonra Hələb uçuş-enmə zolağı İsrail tərəfindən vurulub və bu məlumat daha iki Qərb kəşfiyyatı mənbəsi tərəfindən də təsdiqlənib.

Bu arada, İranın dini rəhbərliyinə yaxın mənbə bildirib ki, zəlzələdən sonra dərhal Suriyaya silah göndərilib. İranlı mənbə deyib: "Zəlzələ kədərli bir fəlakət idi, lakin eyni zamanda Allah Suriyadakı qardaşlarımıza düşmənlərlə mübarizədə köməklik göstərdi. Dərhal Suriyaya çox sayda silah göndərildi".

Siyasət rubrikasından digər xəbərlər