İranda hicab əleyhinə mahnı oxuyan müğənni həbs edildi

10:30 30.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pop müğənnisi Mehdi Yarrahi İranda hicab tələbinə qarşı ifa etdiyi mahnıya görə saxlanılıb.

Hafta.az-ın İRNA-ya istinadən yazdığına görə, Yarrahinin Tehran prokurorluğunun sanksiyası əsasında dünən saxlanıldığı bildirilib.

Ölkənin məhkəmə sisteminə bağlı olan Mizan xəbər agentliyi yazıb ki, 41 yaşlı müğənni dünən “İslam cəmiyyətinin əxlaq və ənənələrinə zidd olaraq qanunu pozan mahnısına görə” saxlanılıb.

Pop ifaçısı cümə günü fars dilindən tərcümədə "çadranın" mənasını verən "Roosarito" mahnısını təqdim edib. YouTube-da paylaşılan mahnının videosunda hicabsız qadınların rəqs etdiyi görüntülər də yer alıb.

Klipin əvvəlində ölkəni ayağa qaldıran Mahsa Əmini etirazlarının şüarı olan “Qadın, həyat, azadlıq” ifadəsi də əks olunub.

Müğənni isə bazar günü Twitter hesabında "Ağlama, mən bu hakimin kabusuyam" sözlərini paylaşıb.

Yarrahinin vəkili Mustafa Nili də ötən gün Twitter hesabında paylaşdığı paylaşımda müğənninin nəzarətə alındığını təsdiqləyib.

“Mizan” xəbərində Yarrahi ilə bağlı hüquqi iş başlanıldığı, pop ifaçısının oktyabrda çıxardığı “Qadın marşı” (“Farsca “Soroode Zən”) mahnısına görə də mühakimə oluna biləcəyi bildirilib. Parçanın xüsusilə universitet tələbələri tərəfindən nümayişlərdə tez-tez istifadə edildiyi deyilib.

Xatırladaq ki, Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən nəzarətə alındıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Əmininin ölümü hökumətə qarşı böyük etirazlara səbəb olub. Polis Əmininin dindirilmə zamanı səhhətindəki problemlərə görə xəstələndiyini, əleyhdarları isə gənc qadının işgəncələrə məruz qalaraq öldüyünü iddia edib.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı apreldəki etirazlarla bağlı son məlumatlarını dərc edib. Müvafiq olaraq, etirazlarda 48-i qadın və 68-i uşaq olmaqla, ən azı 537 nəfər həyatını itirib.