Oktyabrın 5-dən 8-nə qədər Naxçıvanda daha bir Türkiyə-Azərbaycan təlimləri başlayır.
“Sarsılmaz qardaşlıq-2021" birgə döyüş atışlı taktiki təlimlər qonşu dövlətlərdə birmənalı qarşılanmır, hətta vahimələndirir. Niyə? Eləcə də İranın Naxçıvanla sərhəddə başladığı hərbi təlimlərin ardından bu təlimlərin başlaması hansı siyasi-hərbi məna daşıyır? Birgə təlimlər hansı hədəfləri nişan alıb? Bu təlimlər kimi narahat edir?
Bu barədə hafta.az-a danışan politoloq Rauf Məmmədov bildirib ki, bu gün İranın SEPAH silahlı gücləri Azərbaycan sərhədləri ətrafında böyük güc toplayırlar.
“İran sərhəddə təlimlər keçirməklə bizə qarşı hədə nümayiş etdirdiyini bəyan edir. Eyni zamanda son dövrlərdə İranın 5-ci kolonunun şiə ideologiyası təsiri altında olan dindarları burda fəaliyyətə keçib. Bu onu göstərir ki, İran həm də bütün imkanlarını səfərbər edərək Azərbaycana təzyiqlər göstərir. Azərbaycan da buna adekvat cavab verməklə Naxçıvan ərazisində Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlərini keçirməli idi. Bu da İranın sərhəddə apardığı təlimlərinə verilən bir cavab ola bilər. Bununla bəyan edirik ki, biz çəkinmirik, biz öz mövqeyimizdə dayanmışıq və sizin bəayanatların bizim üçün əhəmiyyəti yoxdur”.
Politoloq hesab edir ki, bu təlimlərin əsas səbəbi və əhəmiyyəti odur ki, bu gün hələ ki, Ermənistan sülhə gəlmir və Azərbaycana qarşı müharibə ehtimalını saxlayır.
“Əslində Ermənistanın müharibə etmək gücü yoxdur. Amma regiondakı gərginlik təbii ki, Azərbaycan ordusunu tətikdə saxlamalıdır. Azərbaycan daim Rusiya və İranın təzyiqi altında olub. İran və Rusiya daim Azərbaycanı sıxışdırıblar. Qarabağ məsələsinin də həll olunmamasının səbəblərindən biri bu idi. Məsələn, Rusiya Qarabağı alıb erməni klanına - Serjik Sarksyana verdi. Ruslar bu klanın nüfuzunu qaldırıb hakimiyyətə gətirdi. Həmin o Sarkisyan da hakimiyyətə gələndən sonra Ermənistanda korrupsiya, cinayətlər baş alıb getdi. Azərbaycanda soyqırımlar törətdilər. Bir tərəfdən də Qarabağın sərvətini talayıb İrandan gələn maşınlarla apardılar.
Beləliklə, Ermənistanda əhali gördü ki, Qarabağın erməni klanı Ermənistanı dağıdıb məhv edir. Və Sarkisyan özünün nüfuzunu itirdi və düşünürəm ki, törətdiyi cinayətlərə görə cavab verməlidir. Bu mənada biz Qarabağ məsələsində İranın mövqeyi ilə heç vaxt razılaşmırdıq. Çünki daim gözümüzün qarşısında ermənilərlə yaxınlıq edib, onlara dəstək olublar. Bütün bunların hamısı Azərbaycanın çıxış yolunun Türkiyə ilə bir yerdə olmasında göstərdi. Türkiyənin burda güclənməsi də təbii zərurətdən irəli gəlirdi. Bu əlaqələr getdikcdə güclənəcək. Bu gün İran ordunu ora yığmaqla göstərdi ki, biz savaşarıq, amma bu birliyə imkan vermərik. Türkiyə-Azərbaycan da göstərdi ki, sizinlə üz-üzə gəlməyə hazırıq”.
Politoloq bildirib ki, bu gün böyük qlobal güclər Rusiyanı Türkiyə ilə toqquşdurmaq istəsələr də, alınmadı. Azərbaycanı İranla toqquşdurmaq cəhdləri də alınmayacaq.
“Çünki İranda savadlı strateqlər, ağıllı addamlar, dövlət idarəçiləri var. Təbii ki, İran buna getməz. Çünki İrandan atılan bir güllə İranın dağılmasına səbəb olacaq. Bu ölkədə 40 milyondan çox azərbaycanlı yaşayırsa, İran Azərbaycanla necə müharibə apara bilər. Əgər İran Azərbaycana qarşı addımlar atarsa, ölkədə iğtişaşlar baş verəcək. İranın elə bir ordusu yoxdur ki, Türkiyə Azərbaycan ordu birliyinə qarşı gələ bilsin.
Nəzərə almalıyıq ki, müharibə başlasa İsrail da yerində oturmayacaq. İsrail maraqlıdır ki, nəsə baş versin və o da fəaliyyətə başlasın. İran üçün bu addımı atma ölümə bərabər bir risqdir. Ancaq təxribat ola bilər. Necə ki Türkiyə ilə Rusiya arasında təyyarənin vurulması baş verdi, həmin təxribatlar Azərbaycan İran arasında da ola bilər. Diplomatik münasibətlər qorunub saxlanılmalıdır ki, gərgin situasiyalarda vəziyyət idarə olunsun”.