İranla İsrail arasında genişmiqyaslı savaş olmayacaq - Teymur Qasımlı

14:46 24.08.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq siyasət üzrə analitik Teymur Qasımlı ilə hafta.az üçün budəfəki söhbətimizdə son vaxtlar Azərbaycanla  Türkiyə arasında rəsmi səviyyədə münasibətlərin guya soyuqlaşması haqda şayiələr, qardaş ölkədə ictimai-siyasi və iqtisadi durum, Rusiya prezidenti V.Putinin Azərbaycana son səfərinin əsas məqsədləri, həmin səfərin bölgədəki proseslərə təsiri, Azərbaycanla Ermənistan arasında yeni müharibənin alovlanması ehtimalı, İranla İsrail arasındakı gərginlik barədə proqnozlar və s. mövzulardan bəhs etdik.

- Son vaxtlar guya Azərbaycanla Türkiyə arasında rəsmi səviyyədə münasibətlərin soyuqlaşması haqda şayiələr dolaşır. Bu haqda nə deyə bilərsiniz?

- Azərbaycanla qardaş ölkə arasındakı rəsmi əlaqələrdə hər hansı bir soyuqlaşma görmürəm. Birincisi, Türkiyə-Azərbaycan universiteti açıldı, qəbul olundu. İki ölkə arasındakı münasibətlərin istiliyinə ən önəmli bariz nümunə də Türkiyənin İzmir şəhəri ətrafında baş verən yanğının aradan qaldırılmasında Azərbaycanın yenə də qardaş ölkənin yanında olması oldu. Əvvəlcə iki ölkə liderləri arasında telefon danışığı baş tutdu. Bundan sonra da Azərbaycandan Türkiyəyə Fövqəladə Hallar Nazirliyinin böyük bir yanğınsöndürən briqadası yollandı. Hazırda da həmin briqada fəaliyyətini davam etdirir. Bu fakt Türkiyə mediasında da böyük əks-səda doğurub...

Sadəcə, Azərbaycanla İsrailin mövcud münasibətləri və İsrail-“HƏMAS” savaşından sonra yaranmış durum iki ölkə arasında müəyyən fikir ayrılığına gətirib çıxarıb. Bununla belə, Azərbaycan və Türkiyə arasında hər hansı soyuqlaşmadan danışmağa dəyməz. Digər bir məsələ var ki,  Türkiyə  “3+3” platformasından müəyyən zaman müddətində imtina edərək Qərblə yaxınlaşma kimi praqmatik bir xətt götürüb. Bu da qardaş ölkə dövlətinin öz müstəqil siyasətinin nəticəsidir...

O faktları da göz önünə gətirmək lazımdır ki, işğaldan azad edilmiş torpaqlarımızdakı tikinti şirkətlərinin çoxu Türkiyəyə məxsusdur.

- Yeri gəlmişkən, Türkiyədə ümumi ictimai-siyasi vəziyyəti necə xarakterizə edərdiniz?

- Təəssüf ki, Türkiyədə cəmiyyəti əsas narahat edən problem - ümumi iqtisadi vəziyyət normallaşmağa doğru getmir. İqtidar-müxalifət münasibətlərinin normallaşmasına dair də ciddi bir şey yoxdur. Bununla belə, ümümi ictimai-siyasi və iqtisadi durum öz axınıyla davam edir. Yəni ölkədə qiymət artımı və inflyasiya həddindən artıq yüksək səviyyədə deyil...

Onu da bilməliyik ki, hazırda Türkiyə hakimiyyəti içərisində iki xətt var. Birinci xətt Hakan Fidan xəttidir. Bu xəttin mahiyyəti həm Qərblə, həm Şərqlə, həm Avrasiya çərçivəsində ittifaqlar və praqmatik münasibətlər qurmaqdan ibarətdir. İkinci xətt isə maliyyə naziri Mehmet Şimşeyin xəttidir ki, bunun da mahiyyəti birbaşa Qərbin yanında olmaqdan ibarətdir. Həmin xəttin Türkiyə siyasəti və iqtisadiyyatının xeyli dərəcədə böhrandan çıxarılmasına gətirib çıxaracağı iddia olunur. Ümumi olaraq onu deyə bilərik ki, qardaş ölkədə siyasi durum o qədər də gərgin deyil, amma ciddi iqtisadi problemlər qalmaqdadır...

- Necə düşünürsüz, Türkiyə bu böhrandan tezliklə çıxa biləcəkmi?

- Ümumiyyətlə, son zamanlar Mehmet Şimşek iqtisadiyyat, konkret olaraq inflyasiya ilə bağlı qeyri-adi fikirlər səsləndirir. O, Qərbə bağlı bir siyasi fiqurdur. Şimşek maliyyə naziri postuna Türkiyəni iqtisadi böhrandan çıxarması məqsədilə gətirilib. Hələ ki, bu istiqamətdə ciddi bir nəticə əldə olunmayıb. Bununla belə, maliyyə nazirinin söylədiklərinin çoxu Türkiyədəki mövcud gerçəkliyi əks etdirir. Hesab edirəm, artıq bu il yox,  2025-ci ildə Türkiyə hökuməti düzgün, praqmatik iqtisadi siyasət apararsa, iqtisadi böhrandan, inflyasiyadan, qiymət artımından və s. qurtularaq yeni bir dirçəliş dövrünə qədəm qoya bilər...

- Rusiya Prezidenti  V.Putinin Türkiyəyə gözlənilən səfəri haqda hansısa məlumatınız varmı? Bu səfərin nə vaxt gerçəkləşəcəyi gözlənilir?

- Ümumiyyətlə, Putinin Türkiyəyə gözlənilən səfəri ilə bağlı son vaxtlar təsdiqlənməmiş informasiyalar çox yayılmaqdadır. Türkiyənin rəsmi dairələrindəki mənbələrə və ölkənin aparıcı mediasına istinad etsək, Rusiya liderinin yaxın vaxtlarda qardaş ölkəyə səfərinin gerçəkləşəcəyi gözlənilmir. Müşahidələr burada mövcud durumda həm Türkiyənin belə bir səfərdə maraqlı olmadığını, eyni zamanda, Rusiyanın da bunu istəmədiyini  göstərir. Burada bir sıra problemli məsələlər var...

- Ukraynanın Rusiyanın Kursk vilayətində 1500 kvadrat-kilometrə yaxın əraziyə nəzarəti ələ keçirdiyi bir vaxtda Putinin Azərbaycana yüksək səviyyəli dövlət səfərinin əsas məqsədi nə idi və Kreml həmin məqsədlərinə nail ola bildimi?

- Rusiyanın Ukraynaya hücumu başlayandan Putin Azərbaycana səfərə gəlmək istəyirdi. Azərbaycan rəhbərliyi səbir və təmkinlə Rusiya və Ukrayna ilə prqamatik bir siyasət aparırdı. Zənnimcə, bu, düzgün idi. Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana gedib oradan Bakıya gəldi və burada Qərbin aktivliyi məsələsi qabardıldı. İndiki dövrdə Putinin Azərbaycana səfərinin əsas  məqsədlərindən biri onun tərəfindən rəsmi Bakının Qərbin yox, Rusiyanın tərəfində olmasını bildirilməsi mesajı ola bilər. İkincisi, bu səfərdə Rusiyanın iqtisadi maraqları, neft və qazla bağlı məsələlər var.  Üçüncüsü də Putin Azərbaycana səfərdə “3+3” paltformasını formalaşdırmaq məqsədini də güdə bilərdi. Həmin platforma bu günədək oturuşa bilməyib. Hazırda Türkiyə və Gürcüstan, demək olar ki, bunda maraqlı deyillər. Dördüncüsü, Moskva bu səfərlə Ermənistana açıqlanan və açıqlanmayan bəzi mesajlar verir. Beşincisi, Putin Zəngəzur dəhlizinin açılması, özü də məhz Rusiya “FSB”sinin nəzarəti altında açılması üçün də müəyyən işlər görməyə çalışır.  Azərbaycan dövləti Qərbdən müəyyən diplomatik gedişlər nəticəsində Zəngəzur dəhlizinin açılması məsələsini sülh müqaviləsi layihəsindən çıxarıb. Altıncısı, Azərbaycanın “BRİKS”ə daxil olması üçün lazımi addımlar atıldı. Göründüyü kimi, Putinin səfərindən dərhal sonra Azərbaycan həmin quruma üzv olmaq üçün müraciət etdi. Zənnimcə, əsas məsələlər bunlardır.

- Rusiya liderinin Azərbaycana son səfərinin bölgədəki proseslərə necə təsiri olacaq, sizcə? Azərbaycanla Ermənistan arasında yeni müharibənin alovlanması ehtimalı varmı?

- Bu səfər, əlbəttə, bölgədəki proseslərə, o cümlədən Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesinə müəyyən dərəcədə təsir göstərəcək. Putinin Bakıda səfərdə olduğu günlərdə Kəlbəcər və Naxçıvan istiqamətlərində atəşkəsin pozulması hallarının bilavasitə bu səfərlə bağlı olmasını söyləmək çətindir. Son aylar hər iki bölgədə, xüsusən də Naxçıvanda atəşkəs hərdənbir pozulur...

Bununla belə, hesab edirəm ki, həm Azərbaycan, həm Ermənistan hakimiyyətləri bunda maraqlı olmadığından iki ölkə arasında hərdən kiçikmiqyaslı qarşıdurmalar olsa da, yenidən genişmiqyaslı savaşın başlanması mümkünsüzdür...

- İranla İsrail arasındakı gərginlik barədə hansı proqnozları verə bilərsiniz?

- İranla İsrail arasında hibrid savaş davam edir. Hər iki tərəf bir-birinin yüksək vəzifəlilərinə, hərbi komandirlərinə qarşı sui-qəsdlər, təxribatlar təşkil edir. İranla İsrail arasında genişmiqyaslı savaş olacağını ehtimal etmirəm. Bəzi mənbələrin məlumatına görə,  Rusiya ilə ABŞ arasında əsir mübadiləsi zamanı Tehrana da bir naməlum təyyarə gəlib və İrana İsraillə müharibəyə getməməsi haqda xəbərdarlıq edilib. Bu səbəbdən də İran “HƏMAS” liderinin qətli ilə bağlı yalnız hansısa uyğun zamanda məhdud bir çərçivəli müvafiq bir cavab verə bilər. Genişmiqyaslı savaş, dediyim kimi, istisna olunur...