İraqın məhkəmə sistemi ölkə tarixində ən böyük korrupsiya işlərindən birində mühakimə olunan ABŞ və Böyük Britaniyadan dörd keçmiş hökumət rəsmisinin ekstradisiyasını tələb edib.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, 2,5 milyard dollarlıq korrupsiya qalmaqalı ilə bağlı mart ayında keçmiş baş nazir Mustafa Əl-Kazıminin hökumətindəki 4 məmurun həbsinə order verilib.
Haqqında həbs qərarı çıxarılan adlar arasında ölkənin keçmiş maliyyə naziri Əli Əllavi də var.
Təhqiqat aparan İraqın Dürüstlük Komissiyasının rəhbəri Heydər Hanun ABŞ və Böyük Britaniya hakimiyyətini həbs qərarlarının həyata keçirilməsində əməkdaşlıq etməyə çağırıb.
Açıqlamada Kazıminin kabinet müdiri Raed Couhi və İnterpolun haqqında qırmızı xəbərdarlıq etdiyi qərargah rəisi Əhməd Necatinin də ABŞ vətəndaşı olduğu, keçmiş maliyyə naziri Əli Əllavinin isə Britaniya vətəndaşlığı olduğu qeyd edilib.
Hanun deyib ki, dördüncü şübhəli Kazıminin media üzrə müşaviri Müşrik Abbas hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır.
Ona qarşı irəli sürülən ittihamları rədd edən keçmiş maliyyə naziri Əli Əllavi ötən ilin avqustunda tutduğu vəzifədən istefa verib və bir neçə ay sonra korrupsiya qalmaqalı başlayıb.
İraqda kütlənin reaksiyasına səbəb olan korrupsiya faylı mediada və ictimaiyyət arasında “əsrin soyğunçuluğu” adlandırılır.
İddiaya görə, 2021-ci ilin sentyabrından 2022-ci ilin avqustuna qədər 5 şirkətə yazılan 247 qəbz vasitəsilə ən azı 2,5 milyard dollar oğurlanıb. Pulların şirkətlərin hesablarından nağd şəkildə çıxarıldığı və şirkət sahiblərinin qaçdığı işin məlum detallarındandır.