İrəvana da, Xankəndinə də bütün komandalar Moskvadan gəlir - Ərəstun Oruclu

17:32 18.04.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ ətrafında Azərbaycan-Ermənistan müsnasibətlərində və ilk növbədə iki ölkə arasındakı sərhəd ərazilərdə proseslər istənilən halda gedəcək; Rusiyanın Ukraynada qalib və ya məğlub çıxsa da... Və bu gün bunun əlamətləri artıq görünməkdədir. Sülh anlaşmasıyla bağlı görüşlər başlayan kimi həmin görüşlər Avropa Birliyinin moderatorluğuyla həyata keçirildiyinə görə artıq Rusiya reaksiyasını göstərməkdədir”.

Bunu hafta.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Putinin müvəqqəti də olsa, Ukraynadakı planlarının çoxunu həyata keçirə biləcəyi halda Qarabağ və Ermənistan ətrafında nələr baş verə bilər?” sualına cavab verərkən söyləyib.

“Bilirsiz ki, Ermənistanda Paşinyana qarşı yeni bir etiraz dalğası başladılıb. Qarabağdakı separatçı tör-töküntüləri həm siyasi, həm də hərbi xarakterli bəyanatlar verir, tələblər irəli sürür. Əlbəttə ki, bunların hamısı o “Rusiya sülhməramlıları” deyilən hərbi kontingentin himayədarlığı altında baş verir. İstər İrəvana, istərsə də Xankəndinə bütün komandalar Moskvadan gəlir. Ona görə də biz öz maraqlarımız, öz istəklərimiz, öz hədəflərimiz üzərində konkret strateji fəaliyyət planı qurmalıyıq. Bütün taktiki addımlar hesablanmalı və məsələni köklü şəkildə həll etməliyik. Məsələni köklü şəkildə həll etmək dedikdə, torpaqlarımızda qanunsuz olaraq yerləşmiş həmin o Rusiya kontingentinin çıxarılması və ardınca da dərhal antiterror əməliyyatı başlayaraq Qarabağdakı bütün qanunsuz silahlı dəstələri ləğv etmək üzərində düşünməliyik. Bax, bunu edəcəyiksə, bunu edə biləcəyiksə, əlbəttə ki, olaylar bizim xeyrimizə cərəyan edəcək. Yox, biz gözləsək ki, Rusiya hansı addımları atacaq, hansı vəziyyətə düşəcək və ümumiyyətlə, nə baş verəcək, bu halda biz öz ölkəmizə, öz torpaqlarımıza aid qurulmuş prosesdə müşahidəçi statusuna düşəcəyik. Müşahidəçi olmaq isə faktiki olaraq məğlub olmaq deməkdir”- deyə ekspert vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər