İşə sərxoş gəldiyi üçün qovulan fəhlə məhkəməni də uduzdu

09:27 31.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hər şey Sankt-Peterburqda helikopter hissələri istehsal edən zavodun mühərrik yığıcısının işə sərxoş gəlməsi ilə başlayıb. İşəgötürən işçidən vəziyyəti yazılı şəkildə izah etməsini istəyib. İşçi iki qısa cümlə yaza bilib: "Bağışlayın! Səhv etdiyimi boynuma alıram”.

Hafta.az-ın yazdığına görə, bundan sonra işəgötürən işçinin sərxoş olduğunu müəyyən etmək üçün onu tibbi müayinəyə göndərib, lakin o, bunun üçün rüsum və  yolpulunu ödəməyib. Bu prosedur üçün öz cibindən 1600 rubl ödəməkdən imtina edən işçi onu işdən çıxaran şirkətə qarşı iddia qaldırıb.

Adı açıqlanmayan işçi şirkət rəhbərliyini “sərxoş olduğuna dair heç bir sübut olmadan ona qanunsuz təzyiq göstərməkdə” ittiham edib, onu nəinki işə qaytarmaq və işdən çıxdığı vaxta görə maaş almaq, həm də “yuxusuzluq vəziyyətinə salmaq, mənfi təsir göstərməkdə” günahlandırıb. Deyib ki, hazırkı vəziyyət onun rifahına və psixi sağlamlığına təsir göstərir.

Yerli məhkəmənin ilk qərarı işçinin xeyrinə verilib. Məhkəmə işdən azad edilməsi üçün heç bir konkret sübutun olmadığını qəbul edib və onun yenidən işə götürülməsinə qərar verib. Lakin “Krasnıy Oktyabr” şirkəti qərardan apellyasiya şikayəti verib. Bu dəfə Ali Məhkəmə “işçinin sərxoş olmasına dair başqa aydın sübutlar olduqda, tibbi ekspertizadan keçmək lazım deyil” qərarını verib. Nəticədə yenidən işə qəbulla bağlı qərarlar ləğv edilib.

RİA agentliyi yazır ki, Ali Məhkəmə iş yerinə sərxoş gələn işçinin hətta tibbi rəyi olmadan da işdən çıxarılmasına icazə verib.

Məhkəmə qərara alıb ki, işçinin alkoqol, narkotik və ya digər zəhərli sərxoşluq vəziyyəti işəgötürən tərəfindən təkcə işçinin tibbi müayinəsinin nəticələri ilə deyil, həm də məhkəməyə təqdim edilmiş digər dəlillərlə sübuta yetirilə bilər. Məhkəmə onu da xatırladıb ki, insan təkcə öz iş yerində deyil, ümumiyyətlə, işəgötürənin təşkilatının və ya obyektinin ərazisində də sərxoş görünməməlidir.

Bu qərarın bir çox oxşar işlərdə presedent hüququnun formalaşması gözlənilir.