İşğaldan azad ərazilərdə elm və təhsil mərkəzləri yaradılmalıdır - PROFESSOR

12:15 30.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda artıq məskunlaşmış və yaxın gələcəkdə məskunlaşacaq əhalinin elm və təhsil sahəsindəki gerçək potensialını üzə çıxararaq bundan ölkənin rifahı naminə yararlanmaq üçün, yəqin ki, dövlətimiz tərəfindən müəyyən tədbirlər proqramı nəzərdə tutulur. Məsələn, bəhz edilən ərazilərə yaxın rayon və şəhərlərimizdə xüsusi təmayül və istiqamətli elm və təhsil mərkəzlərinin açılması və s. Bu mənada ölkə Prezidentinin müvafiq Fərmanıyla ad dəyişikliyinə uyğun olaraq bu yaxınlarda formalaşmağa başlamış Elm və Təhsil Nazirliyinin də üzərinə böyük və məsul vəzifələr düşür...

Mövzu ilə bağlı hafta.az-a açıqlama verən iqtisadçı ekspert, professor Elşad Məmmədov bu fikirləri ifadə edib.

“Hesab edirəm ki, biz yaxın gələcəkdə istər işğaldan azad edilmiş ərazilərdə, istərsə də digər bölgələrdə böyük potensiallı elm və təhsil mərkəzlərinin yaradılıb formalaşmasına nail olmalıyıq. Bu olduqca mühüm bir istiqamətdir. Çünki regional inkişafsız bütövlükdə ölkənin dayanıqlı sosial-iqtisadi inkişafı mümkün deyil. Əgər biz elm və təhsil mərkəzlərini yalnız Bakıda  - ölkəmizin paytaxtında cəmləşdirsək, Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişafa nail ola bilmərik. Məsələ ondadır ki, regional nöqteyi-nəzərdən məhsuldar qüvvələrin yerləşdirilməsində tarazlığa, mütənasibliyə nail olmalıyıq. Çünki əgər məhsuldar qüvvələr, əmək resursları, intellektual potensial ölkə ərazisində şaxələndirilmiş şəkildə yerləşdirilməzsə, ölkə iqtisadiyyatının streteji planlaşdırılması da mümkün olmayacaq. Odur ki, intellektual potensialın da, əmək resurslarının da bölgələrimizdə mütənasib şəkildə və tarazlı olaraq yerləşdirilməsinə ehtiyac var”.

Professor hesab edir ki,  bəhs edilən vacib problemin həllində  İkinci Dünya savaşından sonra istər keçmiş Sovet İttifaqında, istərsə də Avropanın müxtəlif ölkələrinin müharibədən zərər görmüş bölgələrin inkişafıyla bağlı dövlət proqramlarından da bəhrələnmək lazımdır.

“Bu, kifayət qədər böyük səylər tələb edən bir məsələdir. Çünki həmin intellektual potensiala malik resursların bölgələrə yerləşdirilməsi üçün uzunmüddətli, onillikləri özündə əks etdirən müvafiq dövlət proqramları effektiv şəkildə icra olunmalıdır. Həmin bölgələrin sosial, humanitar infrastrukturu yaradılmalıdır. Yəni insanlara yalnız bir qədər çox əməkhaqqı verməklə onları ucqar, yaxud işğaldan azad bölgələrə göndərmək öz effektini verməyəcək. O yerlərdə müvafiq sosial və humanitar infrastruktur təminatı olmalı, insanın özünün inkişafının təmin edilməsi üçün bir mühit formalaşmalıdır ki, oraya gedən, oraya transfer edilən əmək resursları tədricən həm sosial, həm də özünüinkişaf baxımından deqradasiyaya uğramasınlar. Yəni insanlar çalışdığı bölgələrdən ya çıxıb getməyə, yaxud orada qalıb öz potensiallarının tükənməsi ilə razılaşmağa doğru istiqamətlənməsinlər. Bir daha təkrar edirəm ki, bu olduqca mühüm və həssas bir məsələdir. Ona görə də hesab edirəm ki, sözügedən vəzifənin həlli hansısa yalnız iqtisadi stimullaşdırma ilə mümkün deyil,  bunun üçün həm də bütövlükdə deyilən bölgələrdə bir işgüzar, mədəni, intellektual mühitin formalaşması məsələsinin də öz həllini tapmasına böyük ehtiyac var. Əgər belə bir mühit yaranmazsa, zənnimcə, biz dayanıqlı şəkildə regional inkişafın, o cümlədən regionlarda elm və təhsilin inkişafını təmin edə bilməyəcəyik. Buna bir çox misallar var ki, onlardan bəhrələnmək də mümkündür. Bunun üçün zəngin dünya təcrübəsi mövcuddur. Məsələn, İkinci Dünya savaşından sonra istər keçmiş Sovet İttifaqında, istər Avropanın müxtəlif ölkələrində müharibədən zərər görmüş bölgələrin inkişafıyla bağlı dövlət proqramlarını təhlil edə bilərik. Və eyni zamanda elmi cəhətdən əsaslandırılmış yanaşmalar tətbiq olunmalıdır ki, onların nəticəsində regionlarda əmək resursları və intellekt daşıyıcılarının yerləşdirilməsi mümkün olsun. Ona görə də burada dövlətin müvafiq siyasəti olmadan məsələlərin yalnız biznesin öhdəliyinə buraxılması yolverilməzdir. Və bu baxımdan regional inkişaf, xüsusən də bölgələrdə insan kapitalının inkişafı,  sözsüz ki, dövlətin bilavasitə həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri olmalıdır”- deyə ekspert vurğulayıb.