İsrailin Fələstin vətəndaşlarını təmsil edən Ərəb Bələdiyyə Başçıları Komitəsi sentyabrın əvvəlindən İsraildə ərəb təhsil müəssisələrində və yerli hakimiyyət orqanlarında tətilə başlayacaqlarını açıqlayıb.
Hafta.az-ın ofisi Londonda olan Ərəb Dünyası Xəbər Agentliyinə - AWP-a istinadən yazdığına görə, Komitə bu addımın ərəb şəhərlərində artan cinayət və zorakılıq probleminin həlli ilə məşğul olmaq üçün İsrail hökumətinə təzyiq göstərmək məqsədilə atılacağını bildirib.
Ərəb Bələdiyyə Başçıları Komitəsinin baş direktoru Əmir Bişarat bildirib ki, tətil İsraildəki bütün ərəb məktəblərini və ərəb yerli hökumətlərindəki xidmətləri əhatə edəcək. "Artan cinayət və zorakılıq səbəbindən ərəb şəhərlərində məktəblər üçün təhlükəsiz mühit təmin edə bilmədik və bu məsələ indiyədək səlahiyyətlilər tərəfindən həll edilməyib", - deyib Bişarat.
Tətilin bitmə tarixinin müəyyənləşdirilmədiyini vurğulayan Bişarat, lazımi məsələlər aidiyyəti orqanlar tərəfindən həll olunana qədər tətilin davam edəcəyini bildirib.
Bu problemin ərəb vətəndaşları, xüsusilə də valideynlər arasında böyük qorxu və təşviş yarada biləcəyini vurğulayan Bişarat, "İsrail hökuməti ölkədəki ərəb cəmiyyətində cinayət və zorakılıq problemi ilə məşğul olmaq üçün dərhal müdaxilə etməlidir" deyib.
Avqustun əvvəlində İsrailin maliyyə naziri Bezalel Smotriç fələstinlilərin İsrail vətəndaşı olduğu şəhərlərin bələdiyyələrinə ayrılan 600 milyon şekel (təxminən 150 milyon dollar) büdcəni geri götürüb. Smotriçin sözügedən büdcəni yəhudi qurumlarına köçürmək qərarından sonra İsraildə Ərəb Vətəndaşlarının Monitorinqi üzrə Ali Komitəsinin sədri Məhəmməd Bereke baş nazir Binyamin Netanyahu və hökumətinə xitabən “Cəmiyyətimizi divara sıxmayın. Bunun nə ilə nəticələnə biləcəyinə diqqət yetirin. Biz 21-ci əsrdə İsrailin neofaşizmi formalaşdırmaq təcrübəsi üçün laboratoriya olmayacağıq” deyə xəbərdarlıq edib.
Smotriçin qərarı ərəblərin üstünlük təşkil etdiyi yerli hökumətlərin və hətta bəzi yəhudi dairələrinin də reaksiyasına səbəb olub. Ultra-dindar sağçı Şas Partiyasının daxili işlər naziri Moşe Arbel xəbərdarlıq edib ki, büdcənin dondurulması ərəb yerli hakimiyyət orqanlarının büdcə balansına ciddi təsir göstərəcək.
Bildirilir ki, ölkə əhalisinin 2023-cü ilin əvvəlinə 9 milyon 700 minə çatdığı İsraildə əhalinin təxminən 2 milyon 150 mini İsrail vətəndaşı fələstinlilərdən ibarətdir.
İsrail vətəndaşlığı olan fələstinlilər ölkə əhalisinin 22 faizini təşkil edir. Təl-Əvivin “İsrail ərəbləri”, Fələstin tərəfinin isə “1948-ci il fələstinliləri” olaraq təyin etdiyi vətəndaşlar 1948-ci il müharibəsi və ondan sonrakı işğala baxmayaraq İsrail vətəndaşı olaraq qalan fələstinlilərdən ibarətdir. Ölkənin şimal və cənub əyalətlərində cəmləşmiş ərəb əhalinin 84 faizini müsəlmanlar, 8 faizini xristianlar, 8 faizini isə druzlar təşkil edir.
Bu əhalidən kənarda qalan qeyri-israilli fələstinlilər Qəzzada və İordan çayının qərb sahilində yaşayırlar.