İsrailli tərcüməçi Netanyahuya tərcümanlıq etmədi

09:30 10.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyada keçirdiyi görüşlərdə İsrailin Baş naziri Binyamin Netanyahuya tərcümə etməsi istənən israilli tərcüməçi Olqa Dalia Padua bu tələbi rədd edib.

Hafta.az-ın yazdığına görə, Padua sosial media hesabından verdiyi açıqlamada, “Netanyahunun İtaliyaya səfəri zamanı məndən tərcüməçi kimi fəaliyyət göstərməyimi istədilər. Uzun müddət düşündükdən sonra bu tələbi rədd etməyə qərar verdim" deyib.

Netanyahunun mətbuat ofisinə müraciət edən Padua deyib: "Martın 9-da Benyamin Netanyahunun tərcüməçisi olmağımı xahiş etdiyiniz üçün təşəkkür edirəm. Təəssüf ki, imtina etməli oldum. Netanyahunun siyasi baxışları ilə razı deyiləm, onun rəhbərliyini İsrail dövlətində demokratiya üçün ən təhlükəli liderlik kimi görürəm".

Padua, Netanyahuya tərcüməçilik edərsə, övladlarının onu bağışlamayacağını deyib: "Övladlarım məni hər zaman yeni iş təkliflərini qəbul etməyə həvəsləndiriblər. Amma onlar bu barədə açıq danışıblar: faşist prinsiplərini təbliğ edərək azadlığı inkar edənlərlə əməkdaşlıq etməyimi istəmədilər və mən onların sözlərinə qulaq asıram”.

Netanyahudan məsələ ilə bağlı heç bir şərh verilməyib.