İtaliyada taksi qıtlığı xalqı narazı salıb

09:15 28.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Wall Street Journal” İtaliyadakı taksi problemini və iqtisadi durğunluğu araşdırıb. Təhlildə deyilir ki, “Paytaxt Romada və maliyyə mərkəzi Milanda qəzəb doğuran taksi növbələri ölkənin 30 illik durğunluğunun göstəricisidir”.

Hafta.az-ın yazdığına görə, Milanda hər dəfə çox uzun müddət taksi gözləmək məcburiyyətində qaldığını deyən Marko Mariani "Bu, çox gülünc vəziyyətdir. Amma əlimizdən gələn bir şey yoxdur" deyib.

Xəbərdə sürücülərin taksi vəsiqələrinin sayını və Uber kimi avtomobilpaylaşma şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaq üçün illərdir lobbiçilik etdiyinə diqqət çəkilib.

Ölkədə qanunlarına görə, Uber sürücüləri xüsusi vəsiqə almalıdırlar. Sürücülər yalnız dəbdəbəli avtomobillərlə xidmət göstərə bildiyi üçün Uber seçimi adi taksilərdən bahalaşır və ona üstünlük verilmir.

Milandakı Bocconi Universitetindən Gabriel Grea, "Taksi sənayesindəki problem İtaliyada işlərin yaxşı getməməsinin əlamətidir" deyib.

Dünya Bankının məlumatına görə, İtaliya iqtisadiyyatı 2007-ci illə müqayisədə 1,5 faiz kiçilib. Eyni dövrdən etibarən Almaniyanın iqtisadiyyatı 17 faiz, Fransanın iqtisadiyyatı 13 faiz, ABŞ-ın iqtisadiyyatı isə 28 faiz artıb.

Xəbərdə, 2021-2022-ci illərdə baş nazir vəzifəsini icra edən Mario Draqinin iqtisadi siyasətləri sayəsində ölkənin pandemiyanın yaratdığı tənəzzüldən tez bir zamanda çıxdığı, lakin bunun uzun sürmədiyi ifadə edilib.

Təhlildə İtaliya iqtisadiyyatının yüksək inflyasiya və Rusiya-Ukrayna müharibəsi səbəbiylə artan enerji qiymətlərinin təsiri səbəbiylə durğun qaldığına diqqət çəkilib. Ölkənin rəsmi məlumatlarına görə, İtaliya iqtisadiyyatının bu il 0,7 faiz artacağı gözlənilir. 2024-cü ildə bu nisbətin dəyişməyəcəyi düşünülür.

İtalyan iqtisadçı Lorenzo Kodogno iqtisadi durğunluğun əsas səbəbi kimi ləyaqət çatışmazlığını göstərərək, məşğulluqdakı gender fərqinin bunda mühüm rol oynadığını bildirib.

İtaliyada əmək qabiliyyətli qadınların yalnız 55 faizi işlə təmin olunub. Xəbərdə bunun Avropa İttifaqında ən aşağı göstərici olduğuna diqqət çəkilib. Məsələn, bu, Almaniyada 80 faiz, Fransada isə 71 faizdir.

Bundan əlavə, 15-34 yaş arası italyan gənclərin təxminən 21 faizi oxumur və işləmir. Bu, Aİ-də ən yüksək göstəricidir. Fransada bu 13 faiz, Almaniyada 10 faizdir.