İtaliyada yeniyetmənin zorlanması immiqrantlara qəzəbi artırdı

09:26 13.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kataniya şəhərindəki parkda 13 yaşlı qızın qrup şəklində zorlanması İtaliyada hiddətə səbəb olub.

Hafta.az-ın yazdığına görə, ötən həftə baş verən hadisədə 7 misirli mühacirin 13 yaşlı qızı və sevgilisini parkdakı tualetə sürüyərək oradakı qıza təcavüz etdiyi iddia olunmuşdu.

Şübhəlilərdən üçünün 18 yaşından kiçik olduğu bildirilib.

Misirli qrupun qızın sevgilisini zorlanma səhnəsinə baxmağa məcbur edildiyi bu hadisə İtaliyada mühacir əleyhinə mühiti daha da sərtləşdirib.

Radikal sağçı baş nazirin müavini Matteo Salvini hadisədən dərhal sonra verdiyi açıqlamada, "Mənə gəlib tolerantlıqdan və ya səhvdən danışma. Bu cür dəhşətli hadisələrə heç bir mərhəmət göstərilməməlidir. Yalnız bir həll yolu var: kimyəvi kastrasiya”.

Hadisə İtaliyada son aylar qeydə alınan cinsi zorakılıq hallarının sonuncusudur.

Ötən yay Palermo şəhərində yaşları 15-18 arasında olan 7 nəfər 19 yaşlı qıza təcavüz etməkdə günahlandırılıb. Bu hadisədən həftələr sonra Neapol yaxınlığında 9 immiqrant 10 və 12 yaşlı iki əmiqızını zorlayıb və görüntüləri sosial mediada canlı yayımlayıb.

Bu hücumlardan sonra Kataniyada da oxşar hadisə baş verib və bu da İtaliyanın radikal sağçı hökumətinə siyasi fürsət verib.

İtaliyanın baş naziri Giorgia Meloni 2022-ci ilin sentyabrında immiqrasiya əleyhinə vədlərlə vəzifəyə başlayıb, lakin ölkəyə qeyri-qanuni miqrasiya axınının qarşısını ala bilməyib.

Kataniyadakı hadisədə şübhəli bilinən şəxslərin 2021 və 2022-ci illərdə qayıqla ölkəyə gəldikləri müəyyən edilib. Bundan sonra Salvini daha bir açıqlama verərək bildirib ki, ölkəyə qayıqla gələn insanların qalmasına icazə verilməməlidir.

Şəhəri ziyarət edən Meloni "Dövlət orada olacaq və ədalətin təzahürünə zəmanət verəcək" deyib.

İtaliyada qadınlara qarşı zorakılıq və cinsi təcavüz cinayətləri tez-tez baş versə də, səlahiyyətlilər son hadisələrdə şübhəlilərin immiqrasiya statusunu məsələnin mərkəzinə qoyub. İşə sədrlik edən hakim Karlo Umberto Kannella, şübhəlilərin "sivilizasiyaya öyrəşmədikləri üçün yəqin ki, oxşar hücumu təkrarlayacaqlarını" söyləyib.

Keçmiş baş nazir Silvio Berluskoninin əsasını qoyduğu sağçı “İl Giornale” qəzetində mövzu ilə bağlı dərc olunan məqalədə hadisəyə səbəb kimi nizamsız miqrasiya göstərilib.

Yazıda bu ifadələr yer alıb: "Heç bir beynəlxalq müdafiəyə ehtiyacı olmayan bu insanlar niyə hələ də İtaliyadadırlar və deportasiya olunmurlar? Çünki ölkəyə gələndə yaşlarının 18-dən az olduğunu bildirirlər və qanun yetkinlik yaşına çatmayan immiqrantların qovulmasını qadağan edir. İndi onlar zorlama ittihamı ilə mühakimə olunacaqlar. Əgər o, kiçik bir qızdırsa, cəmi 13 yaşında məruz qaldığı zorlamanın ağrısını və travmasını ömür boyu daşıyacaq. Bu, Avropa İttifaqının üzvü olmayan ölkədən 18 yaşına - yetkinlik yaşına çatmayanların İtaliyaya qəbul olunaraq cinayət törətdiyi ilk hal deyil”.

7 misirli şübhəlidən üçünün vəkilləri müvəkkillərinin onlara qarşı irəli sürülən ittihamları rədd etdiyini bildirib.