Dünyanın ən böyük ABŞ banklarından biri olan JPMorgan-ın analitikləri Türkiyədə zəlzələlərin birbaşa zərərini 25 milyard dollar qiymətləndiriblər. Analitiklərin qeyd etdiyi kimi, bu, Türkiyənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 2,5%-ni təşkil edir. Bu barədə Reuters xəbər verir.
“Türkiyədə baş verən zəlzələ faciəli insan itkisi ilə nəticələnib və ciddi iqtisadi nəticələrə gətirib çıxarıb”, - məqalədə deyilir.
JPMorgan analitikləri həmçinin bildiriblər ki, Türkiyə mərkəzi bankı gələn həftə keçiriləcək iclasında əsas faiz dərəcəsini daha 100 əsas bənd azaldaraq illik 8-ə çatdıracaq.
“Siyasi rəhbərlik hətta zəlzələdən əvvəl faizlərin daha da azaldılmasına işarə edirdi. Əvvəlcə iyunun 18-nə planlaşdırılan seçkilər ərəfəsində faiz dərəcələrinin daha da azaldılmasını istisna etmirik.
Bununla belə, biz hesab edirik ki, hazırda Türkiyədə pul siyasətinin ötürülməsi mexanizmi pozulduğu üçün uçot dərəcəsi daha az aktualdır”, - deyə Reuters bank analitiklərindən sitat gətirib.