Yazıçılar Birliyinə qəbul dayandırıldı

14:14 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Yazıçılar Birliyi (AYB) 2027-ci ilə qədər quruma üzv olmaq üçün edilən müraciətlərə baxılmayacaq".

Hafta.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya AYB-nin əməkdaşı Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, bu qərar birliyin qəbul komissiyası tərəfindən verilib:

"5 il ərzində üzvlük haqqını ödəməyən şair və yazıçıların Yazıçılar Birliyindən xaric edilməsi ilə bağlı qərardan sonra üzvlük haqlarının ödənilməsində canlanma müşahidə olunur. Üzvlük haqqı ildə bir dəfə ödənilir. Biz üzvlərdən gecikdirilmiş ödənişlərin edilməsini tələb edirdik".

AYB təmsilçisi onu da əlavə edib ki, birliyə üzvlük üçün edilən müraciətlərə yalnız qurultaydan sonra baxılacaq:

"Qurultayın 2027-ci ilin payızında keçirilməsi nəzərdə tutulur".

Xatırladaq ki, bir müddət əvvəl AYB üzvlük haqqını ödəməyən bir qrup şair və yazıçını qurumdan xaric edib. İllik üzvlük haqqı 15 manat təşkil edir.