Aİ-də qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqləndi

13:19 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqında (Aİ) qanunsuz yaşayan üçüncü ölkə vətəndaşlarının geri qaytarılması prosedurlarını sərtləşdirən yeni miqrasiya qaydaları təsdiqlənib.

Hafta.az xəbər verir ki, Brüsselin yeni qanunvericiliyi qeyri-qanuni miqrantların daha sürətli deportasiyasını təmin etməyi və üzv dövlətlər arasında əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Qaydaların əsas yeniliklərindən biri Aİ hüdudlarından kənarda “geri qaytarma mərkəzləri”nin – “return hubs”ların yaradılmasına icazə verilməsidir. Bu mərkəzlərdə ölkədən çıxarılma qərarı verilmiş şəxslər müvəqqəti saxlanıla biləcəklər. Həmçinin miqrantların geri qaytarılma prosesində hakimiyyət orqanları ilə əməkdaşlıq etmək məcburi olacaq.

Yeni qaydalar riskli hesab edilən şəxslər üçün daha uzun saxlanma müddəti, sərt giriş qadağaları və deportasiya qərarlarının Aİ ölkələri arasında qarşılıqlı tanınmasını da nəzərdə tutur. Tənqidçilər isə bu tədbirlərin insan hüquqlarının pozulmasına səbəb ola biləcəyini bildirirlər.

Qanunun yaxın aylarda qüvvəyə minəcəyi gözlənilir.