Jurnalistlər Azərbaycanın xarici siyasətinin gündəmi ilə bağlı maarifləndirilib 

14:29 06.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Azərbaycanın xarici siyasət gündəmi” adlı təlim keçirilib. Təlimin məqsədi Azərbaycanın xarici siyasət gündəmində baş verən son hadisələrin, əməkdaşlıq perspektivlərinin bu sahədə ixtisaslaşmış jurnalistlərə çatdırılması və onların bu xarici siyasətlə bağlı media fəaliyyətlərinə istiqamət verilməsi məqsədi daşıyıb.

Hafta.az xəbər verir ki, təlimdə media təmsilçiləri və təlimçi qismində BMTM-in ixtisaslaşmış ekspertləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev hazırda dünyada gedən geosiyasi hadisələrdən, Ukraynadakı müharibədən, son dövrdə İran-Azərbaycan münasibətlərindəki gərginlikdən, postpandemiya dövründə yaranan enerji böhranından danışıb. Bildirilib ki, bütün bu hadisələrin Azərbaycana da təsiri olub.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov belə təlimlərin mütəmadi olaraq keçiriləcəyini bildirib. O qeyd edib ki, bu cür görüşlər medianın beynəlxalq münasibətlər kontekstində xarici çağırışlara reaksiyalarının, tendensiyaların formalaşdırılması üçün faydalıdır.

Təlimdə BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova, BMTM-in şöbə müdiri Cavid Vəliyev və BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov müvafiq olaraq "Ermənistanla Azərbaycan arasında nizamlama prosesi", "Azərbaycan-Türkiyə əlaqələri" və "Orta Asiya" mövzularında çıxış ediblər.

Çıxışlarda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə bir sıra görüşlərin keçirilməsindən, lakin son görüşün keçirilməsindən imtina olunmasından, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində görülən işlərdən, Azərbaycanla Türkiyənin inkişaf edən əlaqələrindən və son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərin genişləndirilməsi imkanlarından danışılıb.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Oxunma sayı 1878