Jurnalistlər üçün güzəştlər – Ekspertlər danışır

15:17 10.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Media sahəsində fəaliyyət göstərən şəxslər üçün güzəştlər və imtiyazlar müəyyənləşir. Hafta.az-ın məlumatına görə, bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Media Reyestrinə daxil edilmiş şəxslər üçün aşağıdakı güzəşt və imtiyazlar müəyyənləşdirilə bilər:

- media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;

- media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;

- maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;

- sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Məsələ ilə bağlı hafta.az-a açıqlama verən media eksperti Qulu Məhərrəmlinin sözlərinə görə, bizdə belə bir yanlış təsəvvür yaranıb ki, jurnalistlər cəmiyyətin xüsusi kateqoriyasıdır və onlara həddindən artıq çox güzəştlər olunmalıdır:

“Əslində söhbət ondan gedir ki, medianın fəaliyyəti üçün dövlət tərəfindən bəzi güzəştlər müəyyənləşdirilib. Bunlar, çap kağızlarına tətbiq edilən vergilərin ləğv olunmasıdır. Çünki yazılı media bundan ciddi şəkildə əziyyət çəkir. Fərd olaraq kiməsə sırf jurnalist olduğu üçün güzəştlər edilməyi düzgün deyil. Məsələnin mahiyyəti tam fərqlidir”.

Media eksperti hesab edir ki, peşə fəaliyyəti zamanı qarşılaşdığı çətinliklərin aradan qaldırılması məqsədilə jurnalistlərə müxtəlif sahələrdə güzəştlər olunmalıdır:

“Bunlardan biri də ictimai nəqliyyatdan istifadədir. Hansı ki, jurnalist vəzifəsindən istifadə edən zaman xüsusi maşını yoxdursa, ictimai nəqliyyatdan güzəştli yararlana bilsin.  Bütün bu fəaliyyətlərin hər biri mahiyyət etibarilə vəzifə icrasını asanlaşdırmalıdır. Misal üçün deyim ki, teleradio yayımı ilə məşğul olan jurnalistə kommunal xərclərdə, yaxud da peykə çıxışla bağlı müxtəlif güzəştlər tətbiq oluna bilər”.

Məsələnin iqtisadi tərəflərinə gəldikdə isə, iqtisadçı ekspert Fuad İbrahimov bildirdi ki,  hazırda paytaxt sakinlərinə şablon olaraq 18-20%-lə illik kredit verilirsə, jurnalistlər üçün bu rəqəm azı 50%-lik fərqlə olmalıdır. Əks halda bu güzəşt yox, endirim olur:

“İqtisadi cəhətdən inkişaf etmiş dünya ölkələrində jurnalistlər üçün müxtəlif  güzəştlər mövcuddur. Yaxşı olardı ki, bu güzəştlər müxtəlif paketlər şəklində edilsin. Misal üçün deyim ki, jurnalistə 3%-dən 5%-ə qədər ipoteka krediti, yaxud da endirimli istehlak kreditləri tətbiq olunsun. Bu gün paytaxt sakinlərinə şablon olaraq 18-20%-lə illik kredit verilirsə, jurnalistlər üçün bu rəqəm 15% olacaqsa bunun heç bir əhəmiyyəti qalmır. Çünki 3% elə bir ciddi göstərici deyil. Əsas onun qaytarılma mexanizmdir. Jurnalist üçün, bazarda mövcud olan kredit faizlərindən 3% lik fərq tətbiq edilməsi güzəşt yox, əlverişli şərait yatarmaqdır”.

İqtisadçı, jurnalistlər üçün edilə biləcək bir digər mühüm güzəştin ictimai nəqliyyatdan istifadənin xüsusi endirim kartı ilə tətbiqi, onlara mənzillərin paylanmasını, ipotekaya növbəsiz daxilolma imkanı olduğunu vurğuladı.