Əfqanıstan Meteorologiya Agentliyi ölkə daxilində 30 əyalətdə qar yağıntısının davam etdiyini açıqlasa da, Əfqanıstanın Su və Enerji Nazirliyi əhalidən evlərinin damlarında və həyətlərində yığılan qarı su quyuları və qrunt sularını qidalandırmaq üçün bir yerə yığmağı xahiş edib.
Hafta.az-ın yazdığına görə, qar yağması səbəbindən Kabili ölkənin şimal əyalətləri ilə birləşdirən Salenq tuneli, mərkəzi və şimal bölgələrindəki dağlıq ərazilərdəki bir çox yaşayış məntəqələrinə nəqliyyat bağlanıb.
Kabildə dünən axşam saatlarına qədər yağan qar gecə saatlarında da davam edib. Şəhərdə xüsusilə parkların, bağların və evlərin damlarında qarın qalınlığı 30 santimetrə qədər yüksəlib.
Qar yağıntısı gücləndiyi üçün Kabil Bələdiyyəsinə bağlı qruplar qartəmizləmə işlərinə başlayıb. Bir çox şəhər sakini də evlərinin damında və qapılarının qarşısında yığılan qarı kürəklərlə təmizləyib.
Kabilin mərkəzində hündürdə yerləşən və minlərlə ağaca ev sahibliyi edən Vəziri Əkbər Xan təpəsinin park və bağlarında açıqca təsvirləri yaradılıb.
Qardan ən çox həzz alanlar qartopu oynayan, qar üzərində sürüşən, qardan adam düzəldən uşaqlar olub.
BMT-nin məlumatlarına görə, Əfqanıstan qlobal istiləşmə və quraqlıqdan ən çox təsirlənən 10 ölkə sırasındadır. Dənizə çıxışı olmayan Əfqanıstanın yeraltı və yerüstü su ehtiyatları getdikcə azalır.
Su ehtiyatları dağlara yağan qarın əriməsi hesabına qidalanır. Bu səbəbdən xüsusilə qış aylarında yağan yağış və qar Əfqanıstan üçün həyati əhəmiyyət daşıyır.
Digər tərəfdən, Əfqanıstanda soyuq havalar insan itkisinə səbəb ola bilər. Kənd məskəninin sıx olduğu, isitmənin əsasən odun və kömür hesabına təmin olunduğu bir ölkədə insanların əhəmiyyətli bir hissəsi yanacaq xərclərini ödəyə bilmir və buna görə də donaraq ölənlərin sayı arta bilər.
Ötən il Əfqanıstanda 200-ə yaxın insan donaraq ölüb.