Kadırovun Çexiyadakı atını Ukrayna kəşfiyyatçıları geri qaytarıb

10:40 16.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çeçenistan rəhbəri Ramzan Kadırov iddia edir ki, o, Ukrayna xüsusi xidmət orqanlarının köməyi ilə Çexiyadan öz damazlıq atı Zazanı qaytara bilib.

Hafta.az-ın yazdığına əsasən, Çexiya beynəlxalq sanksiyalar çərçivəsində Kadırovun əmlakını, o cümlədən bir neçə atını dondurmuşdu. Amma daha sonra heyvanlardan biri naməlum şəxslər tərəfindən Çexiyanın Krabçice kəndindəki tövlədən oğurlanıb. Çexiya polisinin məlumatına görə, bu, təxminən 17 min avro dəyərində olan at idi.

İndi Kadırov əmin edir ki, “əslində” oğurluğu Ukraynanın xüsusi xidmət orqanları təşkil edib.

"İlin əvvəlində Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri vasitəçilərin köməyi ilə yanıma gəldilər, onlar Zazunu almağı təklif etdilər. Onlar mənim ata bağlılığımı bilirdilər və fürsəti əldən vermədilər - təbii ki, razılaşdım. Düzü, mən düşünürdüm ki, Zazunu hansısa formada, ona qarşı sanksiyaların götürülməsi və buna bənzər şeylərlə rəsmi şəkildə təhvil verəcəklər. Amma məlum oldu ki, xüsusi xidmət orqanlarının cəsarətli planı var – sadəcə, çex polislərlə əlbir olub onun Çexiyadakı tövlədən oğurluğunu səhnələşdiriblər”, - Kadırov deyib.

Kadırovun sözlərinə görə, indi Zazu evə qayıdıb və atın oğurlanması ona 18 min dollara başa gəlib. “Əsl dəyərini və əla damazlıq olduğunu nəzərə alsaq, bu, sadəcə qəpik-quruşdur”, - o, deyib.