“Kamran Bağırovun tapşırığıyla mən də Xankəndinə yollandım...” - Telman Orucov

14:45 28.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

““2 sentyabr 1991-ci il qərarının hüquqi əsası olmadığından ermənilər öz məqsədlərinə birbaşa hərbi əməliyyatlar, yəni torpaqlarımızın işğalıyla nail olmağa çalışdılar...”

Ermənilərin o qərarının heç bir hüquqi əsası olmadı. Çünki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in, o vaxtkı Azərbaycan SSR isə SSRİ-nin tərkibində idi. Və konstitusiya ilə Dağlıq Qarabağın ayrılmaq üçün heç bir hüquqi əsası mövcud deyildi. Buna baxmayaraq onlar belə bir əsassız qərar verdilər. Amma bunun heç bir hüquqi əsası olmadığından heç nə edə bilmədilər. Odur ki, sonradan öz məqsədlərinə birbaşa hərbi əməliyyatlar, yəni torpaqlarımızın işğalıyla nail olmağa çalışdılar...”. 

Bu fikirləri hafta.az-a açıqlamasında Azərbaycan parlamentinin sabiq sədr müavini, keçmiş Azərbaycan SSR Kommunist Pariyası Mərkəzi Komitəsinin (KP MK) katibi Telman Orucov 30 il öncə - 1991-ci il sentyabrın 2-də separatçı və terrorçu ermənilərin Xankəndində "Dağlıq Qarabağ Respublikası" adında qondarma qurumun yarandığını elan etməsi barədə sualları cavablandırarkən ifadə edib.

“Azərbaycan KP MK-nin 1988-ci ildən bəri Qarabağda qondarma qurum yaratmaq barədə işlər aparılması haqda məlumatı var idimi? Ermənilər bu üzdəniraq qərarı elan etdikdən sonra Azərbaycan rəhbərliyi hansısa tədbirlərə əl atdımı” sualına isə keçmiş partiya funksioneri belə cavab verib:

“Azərbaycan Mərkəzi Komitəsinin Qarabağda baş verənlər haqda o qədər də dəqiq məlumatı yox idi. O vaxt belə hadisələri araşdırmaq vəzifəsi Dövlət Təhlükəsizlik Komitəsinin üzərində idi. Təəssüf ki, onlar da nə baş verdiyini dəqiq anlaya bilmirdi. Bilirsiz, o vaxtkı SSRİ lideri Mixail Qorbaçovun hakimiyyətə gəldiyi ilk günlərdən yaratdığı anarxiya mühiti səbəbindən ölkədə separatçılıq ayaq açıb yeriyirdi. Azərbaycan rəhbərliyinin bilavasitə bu məsələ ilə bağlı hansı tədbirlər görməsinin detallarını isə xatırlamıram”.

“Bəli, o vaxt bir neçə dəfə Xankəndində olmuşdum. Amma detalların çoxu yadımda qalmayıb. Xatırımdadır ki, 1988-ci ilin fevralında hadisələr başlayandan az sonra KP MK-nin 1-ci katibi Kamran Bağırovun tapşırığıyla mən də Qarabağa yollandım. Elə ilk mitinqlərdən bəlli oldu ki, Qorbaçov separatçı ermənilərə qarşı qəti tədbirlərin əleyhinə çıxır və ekstremist ünsürlərin həbs olunmasına imkan vermir” – deyə sabiq vitse-spiker “Qarabağda baş qaldıran hadisələrlə bağlı Xankəndində olmuşdunuzmu?” sualına cavabında bildirib.