Kanada Hindistanın son iki seçkiyə müdaxiləsini araşdıracaq

10:05 26.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kanadanın baş naziri Castin Trüdo hökuməti tərəfindən 2019 və 2021-ci il ümumi seçkilərinə xarici müdaxilə iddialarını araşdırmaq üçün 2023-cü ilin sentyabrında yaradılmış müstəqil komissiya mövzu ilə bağlı açıqlama yayıb.

Hafta.az-ın CTV News-a istinadən yazdığına görə, istintaqın əvvəlində sözügedən seçkilərə Çin və Rusiyanın müdaxiləsi iddialarını araşdıran federal komissiya Hindistanın iki seçkidəki rolunu araşdırmaq üçün hökumətdən müvafiq sənədləri hazırlamasını istəyib.

Mayın 3-də aralıq hesabatını və 2024-cü ilin sonuna qədər yekun hesabatını açıqlaması gözlənilən komissiya, milli təhlükəsizlik kəşfiyyatının ictimaiyyətə açıqlanması ilə bağlı məhdudiyyətlərin nəzərə alınacağını bildirib.

Hindistanın istintaqa cəlb olunmasının Kanada - Hindistan münasibətlərində keçən il siqh lideri Hardip Sinqh Niccarın öldürülməsindən sonra yüksələn gərginliyi yenidən artıracağı düşünülür.

Hindistanın açıqladığı 40 terrorçu adı siyahısına daxil edilən separatçı Siqh təşkilatı Xalistan Azadlıq Qüvvələrinin (KLF) sədri Niccar 18 iyun 2023-cü ildə Kanadada öldürülüb.

Kanadanın baş naziri Trüdonun “Niccarın qətlinin arxasında Yeni Dehli hökumətinin dayandığını” iddiasından sonra iki ölkə arasında münasibətlər gərginləşib.