Ölkədə evsiz-eşiksiz qalmış insanlar var idi ki, onlar karantin müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən karantinə alınmışdı. Hazırda nə qədər belə insan karantində saxlanılır?
Mövzu ilə bağlı hafta.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı dedi ki, xüsusi karantin rejimi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında da sakinlərin pandemiyadan qorunması üçün bütün işlər görülür:
"Müəssisə dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrlə təmin olunub. Burada mütəmadi dezinfeksiya işləri aparılır, sosial təcrid rejimi tam tətbiq edilir. Sanitar-gigiyenik vəziyyətə ciddi nəzarət olunur, sakinlərin sağlamlıqlarının qorunması üçün bütün işlər görülür. Xüsusi karantin rejimi ilə əlaqədar bu müəssisəyə qəbul birbaşa aparılmır. Yəni hazırki şəraitdə bu və ya digər səbəblərdən evsiz-eşiksiz qalmış və sosial sığınacağa ehiyac duyan insanlar sığınacağa yerləşdirilməzdən öncə pandemiya ilə əlaqədar ilk mərhələdə iki həftəlik, yəni 14 günlük bir karantin dövrü keçmələri tələb olunur. Bunun üçün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Sığınacağına yaxın ərazidə ayrıca bir karantin məqsədli sığınacaq bölməsi yaradılıb. Həmin şəxslər əvvəlcə karantin dövrü keçmələri üçün bu sığınacaq-bölməyə qəbul olunurlar. Müasir tələblərə uyğun şəraitin mövcud olduğu karantin-bölməyə qəbul olunan şəxslər burada 14 gün ərzində xüsusi geyimlə, qoruyucu vasitələrlə, qida və s. ilə təmin edilirlər. Bu müddətdə iki dəfə TƏBİB mütəxəssisləri tərəfindən tibbi müayinələrdən keçirilirlər. Eyni zamanda, hər gün azı iki dəfə müvafiq cihazlarla yaxın məsafədən temperaturları yoxlanılır. Karantin dövründə müayinələrin müsbət nəticələri olmadıqda, onlar Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağa köçürülürlər. Sosial Sığınacaqda da yüksək standartlara cavab verən şərait vardır. Müəssisədə qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, komputer və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir. Buraya yerləşdirildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində stasionar şəraitdə sosial məişət xidmətləri ilə təmin edilirlər. Xüsusən də həmin insanların normal həyat tərzinə qayıdışı, sosial adapatasiyası və sosial reabilitasiyası işləri aparılır.
"Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaq” sosial xidmət müəssisəsi Müəssisə fəaliyyətə başladığı gündən bu günədək 241 nəfər vətəndaş qəbul olunmuş və xidmət göstərilmişdir. Xidmət göstərilmiş vətəndaşlardan 54 nəfəri öz istəyi ilə müəssisəni tərk etmiş, 23 nəfəri qocalar evinə və müxtəlif sosial xidmət müəssisələrinə yerləşdirilmişdir. Müəssisədə yaşayan 47 nəfər vətəndaşın işlə təmin olunması ilə əlaqədar işlər görülməkdədir. Onlardan artıq 11 nəfəri işlə təmin olunmuşdur. Müəssisədə yaşayan vətəndaşların müayinə və müalicə olunması məqsədi ilə 101 nəfər vətəndaşa müvafiq səhiyyə müəssisələrinə göndəriş verilmişdir. 3 nəfər sakinə əlillik dərəcəsinin təyin olunması üçün hüquqi xidmət göstərilərək onlara I qrup əlillik dərəcəsi təyin olunmuşdur. 1 nəfər sakinin sənədlərinin hazırlanmasına köməklik göstərilərək yaşa görə sosial müavinət təyin olunmuşdur. Hal-hazırda müəssisiədə faktiki olaraq 34 nəfər sakin var. Onlar tam olaraq dövlət dəstəyi altında yaşayırlar".
Mövzu barədə hafta.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu dedi ki, bomjların, evsiz-eşiksiz insanların da qayğıya ehtiyacı var:
"Amerika təcrübəsində vardır ki, onlar heç belə formsajor hal baş vermədikdə də bomjları yığıb həftədə bir dəfə çimizdirirlər. Amma sosial işçilər də hər gün gəlib o bomjlara yemək verirlər. Bizdə də də bələdiyyə nəzdində evlər açılmalıdır. çünki Azərbaycanda bomj həyatı sürən insanlar elə də çox deyil. Sosial bilgilərin hazırlanması bizim ölkədə də lazımdır".