Bu gün Azərbaycanın media cameəsində jurnalistlərə vahid kartın verilməsi məsələsi müzakirə mövzusudur. Amma necə, hansı əsaslarla və kimlərə veriləcək sualı hər kəsi düşündürməkdədir. Bir çoxlarımız əmindir ki, jurnalistlərə bu cür kart verməklə həm ümumilikdə mediada keyfiyyətin yüksəlməsinə nail olunacaq, həm də jurnalistlərin sosial problemlərinin həllinə yaşıl işıq yandırılacaq. Hətta bu məsələnin müzakirəsində xarici ölkələrin, xüsusilə də qardaş Türkiyənin təcrübəsinə əsaslanılır.
“Akşam” qəzetinin redaktoru, eləcə də AkşamTV-nin proqramçısı Zəki Gümüşlə bu müstəvidə qısaca söhbətimiz oldu. Soruşdum ki, təcrübəsinə əsaslandığımız Türkiyədə vahid media kartı jurnalistlərə kim tərəfindən və hansı əsaslarla verilir. Cavabları birlikdə oxuyaq:
- Türkiyədə jurnalist kartı tətbiqi rəsmən "Sarı mətbuat kartı" adıyla tanınır. Bu kartın hazırlanması və paylanılması isə Türkiyədə Prezident Admnistrasiyasının İnformasiya İdarəsi tərəfindən həyata keçirilir. Hansı ki, əvvəllər - parlament sistemi mövcud olan zaman bu prosesi Baş nazirin ofisinə bağlı olan Mətbuat Yayım İnformasiya Baş İdarəsi icra edirdi.
- Kart jurnalistə verilərkən onun hansı keyfiyyətləri nəzərə alınır, istənilən mətbuat nümayəndəsi onu əldə edə bilərmi?
- Bu kartın verilməsi üçün bir sıra tələblər qoyulur. Əvvəla, müraciət edən jurnalistlərin hər hansı rəsmi qeydiyyatdan keçmiş, tanınmış media quruluşunda – Anadolu Agentliyi və ya TRT kimi – “Mətbuat haqda Qanun”a əsasən çalışması lazımdır. Özü də bu qurumlarda sırf jurnalist fəaliyyəti göstərməlidirlər, başqa işlə məşğul olanlar, məsələn texniki işçilər belə bir kartı ala bilməzlər. “Sarı mətbuat kartı” almaq haqqı qazanmaq üçün, Mətbuat haqqında Qanuna əsasən, fəaliyyət göstərən jurnalistin müraciət etdikdən sonra gözləmə prosesi başlayır. Gözləmə prosesi jurnalistin bitirdiyi universitetlərə görə fərqlənməkdədir. Məsələn, İnformasiya fakültəsini bitirmiş jurnlaistlər 12 ayın sonunda işlədiyi qəzetdə, telekanalda və ya agentlikdə göstərdiyi fəaliyyətinə dair məlumatları toplayaraq Prezident Admnistrasiyasının İnformasiya şöbəsi nəzdində fəaliyyət göstərən "Mətbuat Kartları Komissiyası"na göndərməlidirlər. İlin bəlli vaxtlarında toplanan həmin komissiya daxil olan məlumat qovluqlarını araşdırıb, dəyərləndirər və nəticələrlə bağlı gözləyən şəxslərə - jurnalistlərə və ictimaiyyətə məlumat verər. Yalnız bu meyarlara cavab verən jurnalist sözügedən mətbuat kartını ala bilir.
- Vahid kart alan jurnalistin bu kartı almayan həmkarından fəaliyyət sferasında hansı üstünlükləri olur? Kart sahibləri hər hansı sosial güzəştlər qazanırmı?
- “Sarı mətbuat kartı” alan bir jurnalist bir çox tədbirləri, dövlət sferasında gedən işləri, idman yarışlarını və mütləq şəkildə qeydiyyatdan keçmə tələb edilən toplantıları sadəcə kartla qatılıb, işıqlandıra bilər. Xüsusilə də qeydiyyat tələb edən tədbirlərdə bu kartın önəmi çox böyükdür. Bundan əlavə, ümumi sosial həyatda bir çox quruluş alış-verişdə bu kart sahibinə endirim edər və ya pulsuz xidmətlərdən yararlana bilərlər, Mədəniyyət Nazirliyinin bütün muzeylərinə və tarixi yerlərə bu kartla pulsuz girilir, bələdiyyə xidmətlərindən, şəhərarası nəqliyyatdan, eləcə də avtomobilsaxlama yerlərindən pulsuz yararlanırlar. Hətta, bu kart sahibləri özlərini qorumaq məqsədilə silah saxlamaq icazəsini belə pulsuz alırlar. Günümüzdə aktual olan pandemiya şəraitində küçəyə çıxma yasaqları olsa da, “Sarı mətbuat kartı” sahibləri istədikləri qədər küçələrdə öz fəaliyyətlərini icra edə bilirlər. Polis, bütün hallarda “Sarı mətbuat kartı” sahiblərini digər vətəndaşlardan fərqləndirir.
- Bəziləri belə hesab edir ki, dövlət jurnalistlərə vahid kart sistemini tətbiq etməklə, onları nəzarətə almağa çalışır. Öz təcrübənizə əsaslanaraq, bu iddialara necə cavab verərdiniz?
- Sözügedən kartı alan jurnalsitlər arasında hər cür siyasi əqidə sahibləri ola bilər. Bu meyarlar İnformasiya İdarəsi tərəfindən bərabər şəkildə və ayrıseçkilik qoymadan həyata keçirilir. Bu arada, İnformasiya İdarəsinin nəzdində olan Mətbuat Kartları Komissiyasında müstəqil media quruluşlarından da təmsilçilər yer alır. Qeyd edim ki, günümüzdə müxalifət partiyalarını dəstəkləyən mətbuat orqanlarının nümayəndələri də haqqında söz açdığımız “Sarı mətbuat kartı”nı daşıyırlar. Yəni bu kart jurnalistə siyasi görüşünə deyil, jurnalist fəliyyətinə görə verilir. Jurnalistləri bir dam altına toplmaq deyəndə, söhbət dövlət deyil, mətbuat damından gedir. Bu onun üçündür ki, mətbuatdan xəbəri olmayan birinin hansısa media quruluşunu ələ keçirməsinin və ya istədiyi şəkildə qəzet, televiziya və ya sayt açmasının qarşısı alınsın. Günümüzdə bir çox terrorçuluq fəaliyyəti və ya qeyri-qanuni işlər məhz media pərdəsi altında həyata keçirilməkdədir. “Sarı mətbuat kartı” bütün bunlara son qoymaqda yaxşı vasitədir.