Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulan mənzillər necə satılacaq?

16:37 19.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən ay "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Həmin Fərmanla Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin satış qaydası müəyyən edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi köçkünlər üçün tikilən və istifadəsiz qalan mənzillərin satışını həyata keçirəcək.

Qeyd edək ki, burada Vətən müharibəsindən əvvəl məcburi köçkünlərə verilmiş və hazırda onların yaşadığı mənzillərin satışından söhbət getmir.

Bu proses necə həyata keçiriləcək? Ümumiyyətlə, yeni mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir göstərəcək?

Məsələni hafta.az-a şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib  ki, keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların satışa çıxarılması əmlak bazarında qiymətlərin stabilləşməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, yeni addım aztəminatlı ailələrin bu binalardan mənzil almasını əlçatan edəcək:

"Belə ki, dövlət sifarişi ilə tikilən binalarda ümumi xərclər az olduğuna, torpaq sahələri dövlət tərəfindən ayrıldığına görə həmin binalarda mənzillərin maya və bazar dəyəri digər mənzillərdən daha ucuzdur. Buna görə həmin mənzillər daha aşağı qiymətə təklif olunacaq. Bakı, Abşeron və digər bölgələrdə belə mənzillərin satışa çıxarılması aztəminatlı ailələrin büdcəsinə uyğun olacaq".

Ekspert vurğulayır ki, proses zamanı təxminən 2500 mənzilin satışa çıxarılması gözlənilir: “Satışdan əldə olunacaq gəlir barəsində konkret fikir bildirmək çətindir. Yəni, mənzilin bir kvadratmetrinin dəyəri, eyni zamanda, ümumi satış sahəsinin neçə min kvadratmetr olacağı açıqlanmayıb. Sadəcə, onu deyə bilərəm ki, ümumi satıdan əldə olunacaq gəlir hesabına həm şəhid ailələrinin, həm də müharibə əlillərinin mənzil şəraitini yaxşılaşdırmaq mümkün olacaq. Hətta satışa çıxarılmayan boş mənzillər də artıq qalacaq”.

Mövzu ilə bağlı hafta.az-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai əlaqələlər və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı deyib ki, yeni qaydaların təsdiqi şəhid ailələri və müharibə əlillərinin mənzil təminatının yaxşılaşdırılamsı üçün atılan növbəti addımdır. Başlıca məqsəd qısa vaxt kəsiyində regionlarda yaşayan belə şəxsləri evlə təmin etməkdir:

“Bildiririk ki, Prezident İlham Əliyevin 11 aprel 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışını təşkil etmək məqsədilə elektron portal hazırlanır. Portal bir neçə moduldan ibarət olacaq. Mənzil almaq istəyən hüquqi və fiziki şəxslərin satış portalına real vaxt rejimində Vahid Giriş Sistemindən - “ASAN Login” üzərindən giriş imkanı olacaq. Portalda onların qeydiyyatı aparılmaqla, hər biri üçün elektron kabinetlər yaradılacaq, mənzillərin satışı ilə bağlı bildirişlər yerləşdiriləcək. Portalda satılan mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, sahəsi, otaqlarının sayı, təmir vəziyyəti və s.) yerləşdiriləcək. Fiziki və hüququ şəxslər mənzil satışına dair elanla portal üzərindən məlumatlandırılacaq. Onu da deyək ki, hazırda bu istiqamətdə müvafiq prosedurlar davam etdirilir”.