İşğaldan azad edilən ərazilərdə xidmət göstərən şəxslərin ilkin istehlak tələbatlarını ödəmək məqsədilə ərzaq, əczaçı dükanları, bankomatlar və s. açılacaq.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun iclasında bildirilib ki, iş adamlarının iyul ayı ərzində Kəlbəcər və Laçın rayonlarına səfərinin təşkili nəzərdə tutulur. Bəs görəsən rayonların iqtisadi potensialını artırmaq məqsədi ilə daha hansı addımlar atmaq olar? Sırf Laçın və Kəlbəcər rayonlarında iş adamlarını maraqlandıran və onları bura cəlb edən xüsusiyyətlər nələrdir?
Mövzu ilə bağlı Hafta.az-a danışan iqtsadçı ekspert Natiq Cəfərli bildirdi ki, azad edilən ərazilərdə ilk növbədə təhlükəsizliklə bağlı bütün məsələlər həllini tapmalıdır. Çünki istər daxili, istərsə də xarici investorlar üçün onların can güvənliyi bir nömrəli məqamdır:
“Bu həllini tapdıqdan sonra hökümət tərəfindən təşviq proqramlarının həyata keçirilməsi mərhələsi olacaq. Yəqin ki uzunmüddətli vergidən azad edilmə, güzəştli kredit siyasəti kimi müəyyən addımlar atılacaq. Daha sonra ümumilikdə ölkə üzrə investisiya mühitinin yaxşılaşdırılması məqsədilə bir çox işlərin görülməsinə ehtiyac var. Xarici investorları ən çox maraqlandıran Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvülük məsələsidir. Həmçinin daxili qanunvericilikdə də ciddi dəyişikliklərə ehtiyac var. Əsasən yerli icra hakimiyyəti strukturlarının biznesin fəaliyyətinə müdaxilələrini sıfıra endirməklə bağlı yeni işlər görülməlidir. Bu artıq qanunvericilik səviyyəsində öz həllini tapmalıdır”.
Natiq Cəfərli xüsusi olaraq vurğuladı ki, işğaldan azad edilən ərazilərin həmçinin Kəlbəcər və Laçın rayonlarının aqrar sektorda, ekoloji turizmdə və kənd təsərrüfatında kifayət qədər ciddi perspektivləri var:
“Bu da məlumdur ki sözügedən ərazilər təbii sərvətlərlə də zəngindir. Ona görə də, emal sənayesinin qurulması gələcəkdə əlavə iş yerlərinin açılması deməkdir. Fikrimcə bura gələn iş adamları üçün ilk növbədə həmin bölgələrin təbii sərvətlərinin istifadəsi maraq dairəsində olacaq. Çünki bu biznes təfəkkürü baxımdan çox karlı sahədir. Sonrakı mərhələdə isə heyvandarlıq və sağlamlıq turizmi baxımdan bu ərazilər olduqca potensiallıdır”.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı quruma 600-dən çox müraciət daxil olub. Hazırda isə, investisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.