Kəlbəcərin bu kəndindəki ermənilərin 80 faizi filiz mədənində işləyir - FOTO

15:18 10.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində yerləşən Yayıcı kəndi müvəqqəti olaraq rəsmən sülhməramlı Rusiya hərbi kontingentinin nəzarətində qaldığından ermənilər orada yaşamaqda davam edir.

Hafta.az xəbər verir ki, Xankəndindəki separatçı erməni nəşrləri bəhs edilən kənddəki mövcud durum haqqında məlumat yayıb.  

“Kənddə 435 nəfər yaşayır. 44 günlük müharibədən sonra kəndə 48 nəfərdən ibarət 13 ailə köçürülüb. 89 şagirdin təhsil aldığı məktəb 2021-ci ilin yanvar ayından etibarən fəaliyyət göstərir. Bağça yoxdur, amma kənddə 40-a yaxın bağça yaşlı uşaq var. Müharibədən sonra kəndlə mərkəzi hissəsi arasında 4 km yol asfaltlanıb. “Hayastan” Ümumerməni Fondu 2016-cı ildə kənd bələdiyyəsi, ziyafət zalı, kitabxana, kompüter otağı, təcili yardım məntəqəsi də  daxil olmaqla iki mərtəbəli çoxfunksiyalı bir bina olan icma mərkəzi inşa edib. Bina mebellidir, istilik və havalandırma sistemi mövcuddur. Kəndə qaz verilmir, amma buna ehtiyac var. Kəndin bir hissəsi yüksək gərginlikli elektrik enerjisi ilə təmin olunur,  amma digər hissəsində elektrik yoxdur. Demək olar ki, bütün il boyu içməli və suvarma suyu ilə bağlı problemlərimiz olur” –deyə Azərbaycanın “Koçoqot” adlandırılmış bu kəndinin qanunsuz erməni “icma” rəhbəri Veliko Sərkisyan bildirib.

Kənd sakinlərinin məşğulluğundan və gələcək planlarından danışan V. Sarkisyan əhalinin 80% -nin Yayıcı kəndi yaxınlığındakı “Base metals” mədən şirkətində çalışdığını, qalanının isə heyvandarlıq və əkinçiliklə məşğul olduğunu qeyd edib.

Zəruri arayış və xatırlatma:

Yayıcı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Heyvalı kənd inzibati ərazi dairəsində kənddir.

Yayıcı kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində, Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Yayıcı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.

Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Koçoqot olmuşdur. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Xatırladaq ki, 44 günlük savaşdan sonra xəbərdə qeyd edilən, Ermənistanın “Vallex Group” QSC-nin tərkibinə daxil olan “Base metals” dağ-mədən şirkətinin qanunsuz istismar etdiyi bir sıra mədənlər Azərbaycan dövlətinin birbaşa nəzarətinə keçsə də, Yayıcı kəndi yaxınlığındakı  Kaşen mədəni hələ də Ermənistanın və separatçı erməni rejiminin nəzarəti altında  hələ də ermənilər tərəfindən istismar edilir. Mədən  sovet dövründə Ağdərə rayonu ərazisinə daxil olan, ancaq 1992-ci ildən bəri inzibati cəhətdən Tərtər rayonuna aid edilmiş və hazırda ermənilərin əlində olan Canyataq(“Cankatax”) və Dəmirli(“Saxkaşen”) və qismən də Xocalı rayonunun Pircamal(“Vardadzor” kəndləri ərazisində təxminən 820 hektar ərazini əhatə edir. Mədəndə əsasən mis, molibden, bəzi məlumatlara görə, qızıl da hasil olunur.  2020-ci il avqustun 29-da həmin mədənə qəsbkar Ermənistan baş naziri N.Paşinyan da baş çəkib.