Məlum olduğu kimi, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. DİN-in yaydığı məlumata görə, artıq bununla bağlı cinayət işi qaldırılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirir ki, məsələ nəzarətə götürülüb: “Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”.
E.Hacıyev əlavə edib: “Bu hadisə daha bir məsələnin kilidini açır. Cəmiyyətin hər bir üzvü müəllimi, məktəbi qorumalıdır. Cəmiyyət olaraq müəllimə, məktəbə mənəvi dayaq olmalıyıq. Bu sahədə neqativ hallara qarşı polis tərəfindən qəti mübarizə aparılır, heç bir müraciətə laqeyd yanaşılmır. Uşaqların gələcəyi təkcə məktəbdən, müəllimdən asılı deyil. Valideyn varsa, haradadır?
Təbii ki, məktəblilər arasında baş verən bu hadisə ilk deyil və görünən də odur ki, son olmayacaq. Bəs, görəsən, bu məsələdə günahkar valideyn yoxsa, məktəbdir? Uşaqlarda bu qədər aqressiyanın səbəbi nədir?
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən psixoloq Vəfa Rəşidova qeyd edir ki, bu olduqca həssas mövzudur:
“Biz bununla bağlı illərdir ki, danışırıq, amma insanlar əhəmiyyət vermirlər. Bu gün günahkar axtarırıq. Birincisi, günahkar həmin ailədir. Belə bir deyim var: uşaq ailənin güzgüsüdür. Həqiqətən də hər bir uşaq öz ailəsinin güzgüsüdür. Əmin ola bilərsiniz ki, həmin əməli törədən şəxsə ailədə ondan da pis davranıblar. Yoxsa, bu davranışları o şəxs hardan öyrənib? Və o da ailədə gördüyü həmin davranışları eynilə özündən zəiflərin üzərində təkrarlayır. Təbii ki, bu hərəkəti özündən güclüyə tətbiq edə bilməzdi. Onlar özləri o qədər aşağılanmış ailədə “formalaşıblar” ki, bu istər-istəməz özünü göstərməli idi. Nə vaxta qədər ki, valideynlər tərbiyə nədir bilməyəcəklər, doğru tərbiyə metodunu öyrənməyəcəklər, nə vaxta qədər ki, “Tik Tok”dan, ondan-bundan tərbiyə metodu öyrənib onu tətbiq edəcəklər, nə vaxta qədər ki, özləri savadsız olduqları halda psixoloqlara yuxarıdan-aşağı baxacaqlar, o vaxta qədər də bu kadrların betərlərini görəcəyik”.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirir ki, uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində valideynin rolu önəmlidir:
“Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir. Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində valideynin rolu önəmlidir. Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir. Şagirdlər məktəbdə, küçədə məruz qaldıqları təzyiqləri, qeyri-etik davranışları evdə valideyinləri ilə bölüşə, valideyndən dəstək ala bilmədiyi üçün ortaya xoş olmayan mənzərə çıxır. Ailə Məcəlləsinin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrinə həsr olunub və valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin onların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları ayrıca vurğulanır. Yəni evdə valideynləri tərəfindən zorakılığa məruz qalan və düzgün davranış qaydalarında tərbiyə olunmayan uşaqlar cəmiyyətə təhlükə saçırlar. Bakı şəhəri 156 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə baş verən hadisə onu göstərir ki, valideynlər övladları ilə heç bir ünsiyyət qurmur, onların tərbiyəsi ilə məşğul olmur. Hər bir valideyn məsuliyyətini anlamalı və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir”.
Onun sözlərinə görə, valideyn məsuliyyətinin artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 189-cu və 512-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərə məsuliyyət nəzərdə tutulub: “Valideynlik təkcə dünyaya uşaq gətirmək, ona geyim, yemək almaq deyil. Valideynlik övladına mənəvi, psixoloji dəstək verməkdir. Nə qədər acınacaqlı olsa da, təəssüflə qeyd etməliyik ki, valideynlər sosial şəbəkələrdə vaxt keçirdikləri qədər övladları ilə vaxt keçirmirlər. Valideynlər əllərində telefon tutduqları qədər övladlarının əlini tutmurlar. Valideynlər sosial şəbəklərdə başqaları ilə danışdıqları qədər övladları ilə danışmırlar. Təbii ki, insanın şəxsiyyət kimi yetişməsində məktəbin də rolu danılmazdır. Məktəbin işi təkcə tədris deyil, həm də təlim-tərbiyədir. Təhsil böyük insan kütləsini öz ətrafında birləşdirib. Şagirdlər günün 5-6 saatını məktəbdə keçirirlər. Məktəblərdə hər bir şagirdlə psixoloji test aparılmalı, şagirdlərin psixoloji pasportu hazırlanmalıdır. Məktəbin də bununla bağlı konkret öhdəliyi var. Məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavini, psixoloqu var. Çox sadə qaydada hər gün tənəffüslərdə dəhlizləri gəzsəniz, onların kimliyini müəyyənləşdirəcəksiniz, biləcəksiniz ki, hansı şagirdin psixoloji pozuntusu var".
Ekspertin fikrincə, məktəblərin bu məsələdə fəaliyyəti aşağıdır: “Hansısa cəza olanda da hamı məktəbin üstünə gəlir ki, məgər siz mənimlə bərabər uşaq böyütmüsünüz ki, cəzalandırırsınız? Bir neçə gün əvvəl təlim-tərbiyə edən direktoru öz övladı öldürdü. Yaxud Gəncədə bıçaqlanma hadisəsi baş verdi. Bu, ona görə baş verir ki, məktəb-valideyn-şagird üçbucağı işləmir.Valideynlər bu üçbucağı pozur. Bu gün Azərbaycan məktəblisi sosial şəbəkələrdə, telefonda, seriallarda böyüyür. Valideyn-müəllim bu prosesin iştirakçısı deyil. Yekunda da bu cür hadisələr baş verir".
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu isə bildirir ki, bu gün məktəblilər arasında yaşanan xoşagəlməz hadisələrin əsas səbəbi ilk növbədə cəmiyyətin özündə baş verən gərginləşmədir: “Cəmiyyət çox mürəkkəb və həssas olub. Cəmiyyətdə olan həmin o gərginlik məktəbə daşınır. Əvvəl belə məsələlərin qarşısını təhsil ocaqlarında direktorlar, müəllimlər, sinif rəhbərləri alardı, bu cür prosesləri onlar tənzimləyərdi, amma indi cəmiyyətdən məktəbə daşınan mürəkkəblik o qədər dərinləşib ki, artıq onu əvvəlki şəkildə idarə etmək mümkün deyil”.
Sosioloq deyir ki, məktəblərdə mütləq “Sosial iş xidməti” yaradılmalıdır: “Bununla bağlı artıq 3 ildir ki, Elm və Təhsil Nazirliyinə layihələr təqdim edirəm. Hələ də bir məlumat yoxdur. “Sosial iş xidməti” ondan ötrüdür ki, məktəblərdə olan mühitə, şagirdlərin davranışına nəzərət olunsun, onların təlim-tərbiyə, təbliğat işlərinə kömək edilsin, məktəblə valideynlər arasında əlaqə gücləndirilsin. “Sosial iş xidməti” olsa, problemlər öz həllini tapar. Təəssüf ki, bu xidməti yaratmaq istəmirlər. Deyəndə də “Məktəblinin dostu” və psixoloqları nümunə göstərirlər. Axı onların işi tam deyil. “Sosial iş xidməti” tamamilə fundamental olaraq sistemli şəkildə baş verən hadisələrlə məğul olur. Nə qədər ki, bu xidmət yoxdur, problemlər öz həllini tapmayacaq. Uşaqlar da bir-birlərinə qarşı xoşagəlməz hadisələr törədəcəklər”.