Kirayə mənzillər layihəsinin məyusedici rəqəmləri - 1 kvm. üçün 3000 manat

17:46 12.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Kirayə mənzil mexanizmi ilə mənzil alanlara Bakıda "Qara Qarayev" metro stansiyası yaxınlığında mənzilin 1 kvadrat metri (kv.m) təxminən 3000 manata başa gələcək.

Marja-nın məlumatına görə, artıq bir sıra müraciətçilər mənzil seçiminə başlayıblar. Onlara edilən təklifə görə, Bakıda Mehdi Abbasov küç, 13A, 15 və 138 ünvanlarında yerləşən mənzilin kirayəçi üçün 1 kvadrat metrinin alış dəyəri 3000 manat civarında olacaqdır. 

Məsələn, 86,4 kv.m mənzilin kirayəçi tərəfindən alış qiyməti 262 min 143 min manatdır. Yəni, mənzilin 1 kv.m-i 3034 manata təklif olunur. Bu mənzili seçən 300 ay müddətində hər ay 874 manat ödəməlidir. Qabaqcadan ödənişin məbləği isə 10 min 486 manatdır. Qeyd edək ki, qabaqcadan ödəniş alış qiymətinə daxildir. 

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov isə hafta.az-a açıqlamasında bildirdi ki, bu məlumatda hesablamalarda yanlışlığa yol verib:

“Çıxarışda 83 kvadratmetr, faktiki yerində isə 105 kvm-dir. Orada böyük balkonlar var. Çıxarışda balkonların üçdə biri yazılır. Ümümi məbləği 105 kvadrat metrə böləndə kvadrat üçün qiyməti 2500 AZN edir. 25 ilə böləndə isə 1500 AZN düşür. Yerindən, şəraitindən asılı olaraq bazarda da qiymətlər fərqlidi. Məsələn Qara Qarayevdə MTK-dan gedib o ölçüdə mənzil alsaq 162750 AZN pul ödəyəcəyik. Amma kirayə mənzillərdən aldıqda isə 25 ilə gələn faiz də əlavə olunub və bu kvadrat üçün ödənilən pulun üzərinə gəlir. Bazardan alanda isə nağd alırıq. Həmçinin pulun dəyər məsələsi də var. 25 il müddətinə bu dəyər indikindən az da ola bilər”.