Kirayə mənzillərlə bağlı son durum - Hansı yeniliklər olacaq?

12:11 06.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

İnkişaf və yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə bölgələrdən Bakı şəhərinə yaşamaq, işləmək üçün gələnlərin sayı ilbəil artmaqdadır. Bu isə öz növbəsində evsizlik problemini ortaya çıxarır. Şəhərin əksər kütləsi kirayədə yaşamalı olur. Bütün bu narahatçılığın aradan qaldırılması üçün dövlət başçısı fərman imzaladı.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilmişdir.

Təsdiq edilmiş Qayda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin yaradılmasını nəzərdə tutur. Mexanizm çərçivəsində Fond tərəfindən müvafiq yaşayış sahələrinin ölkə vətəndaşlarına satmaq öhdəliyi ilə uzunmüddətli kirayəyə verilməsi həyata keçiriləcəkdir. Kirayə müddətində vətəndaşın mənzil üzərində kirayə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınacaq və mənzildən istifadə ilə bağlı aylıq ödənişlər tam ödənildikdən sonra mənzil kirayəçinin mülkiyyətinə keçəcəkdir.

İpoteka və Kredit Zəmanət Fondundan hafta.az-a verilən məlumatda deyilir ki, prosedura başlanılıb, işlər davam etdirilir:

“Fond tərəfindən vətəndaşlara mənzillər tam təmirli, elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş, istifadə üçün yararlı vəziyyətdə kirayəyə veriləcəkdir.

Qaydanın tələblərinə əsasən kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir. Lakin, sonrakı dövrdə mənzilin alış qiymətini vaxtından qabaq ödəyən vətəndaşlar üçün Fond tərəfindən alış qiymətinin məbləğində güzəştlərin tətbiqi nəzərdə tutulur.

Mexanizm çərçivəsində müəyyən müddət kirayədə qalıb, sonradan yaşayış yerini dəyişən vətəndaşların hüquqlarının müdafiəsi də nəzərdə tutulmuşdur. Belə ki, Qaydaya əsasən Fondun yazılı razılığı ilə kirayə müddətində (kirayə müqaviləsi bağlanan gündən 3 ildən tez olmayaraq) vətəndaşın kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilməsi mümkündür. Kirayə müddəti ərzində kirayəçi vəfat etdikdə isə kirayə müqaviləsi üzrə hüquqlar kirayəçinin vərəsələrinə keçir.

Mexanizm çərçivəsində müraciətlərin növbəlilik əsasında elektron sistem vasitəsilə qəbulu nəzərdə tutulur. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu hazırlıqlarla əlaqədar olaraq yeni mexanizmin tətbiqinə bir müddət sonra başlayacaqdır”.

Həmçinin qeyd edək ki, İpoteka və kredit Zəmanət Fondu “Asan“ xidmət mərkəzləri ilə razılaşma əldə edib. Vətəndaşlarının işinin asanlaşdırlması və şəffaflaşdırılması məqsədi ilə “Asan“  kirayə mənzillər təklif olunacaq.

Fond son açıqlamalarında kirayə mənzillərin verilməsi prosedurasına yeni ildən başlayacaqlarını bildirsələr də, mexanizmlə bağlı mətbuata hələ ki, ətraflı məlumat verilməyib. Bəs iqtisadçılar, daşınmaz əmlak ekspertləri fonda hər hansı təklif irəli sürüblərmi?

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı hafta.az-a mövzunu şərh edərkən dedi ki, biz bu təklifi o zaman verərik ki, onlar bizdən bununla bağlı nəsə istəsinlər:

“Bu proses gedəndən biz də müzakirələrdə iştirak etmişik. Yəni ictimai müzakirələrə qatılmışıq. Təklif və digər problemləri də orada səsləndirmişik. Yazılı şəkildə isə hər hansı bir təklifimiz olmayıb. Hesab edirəm ki, əslində fondun özünün müəyyən təklifləri var idi, müzakirəyə çıxarmışdı, amma, sonradan qərar bir qədər dəyişdi. Belə təsəvvür yarandı ki, fond böyük ehtimalla bir neçə istiqamətdə təkliflərdən daha çox bir istiqamətdə - bir-iki şirkətlə təklifləri dəyərləndirmək istəyir. Biz isə bunun əksini düşünürdük. Yəni fond bazara çıxacaq, mənzilləri seçib, ictimaiyyətə məlumat verəcək. Belə olmadı, hələ gözləyək, yanvara qədər vaxt var. Prosesə start verilməyib”.

Fond açıqlamalarında əsasən Xırdalan, Masazır istiqamətlərində kirayə mənzillərin verilməsinə başlayacağını bildirmişdi. "Kirayə mənzillərə ehtiyacı olan böyük kütlənin təlabatı ödənəcəkmi" sualına cavabında isə ekspert dedi ki, əslində bu layihə tam olaraq kirayə bazarındakı təlabatı tənzimləməyə kifayət etməyəcək:

“Prosesin gedişi hələ ki, bunu göstərir. Biz düşünürdük ki, fond şəhərin bir neçə istiqamətində, mərkəz istisna olmaqla, şirkətlərə müraciət edəcək, mənzillər alacaq və həmin mənzilləri kirayə mənzil kimi vətəndaşlara təqdim edəcək. Sonradan məlum oldu ki, fond bir neçə şirkətlə danışıqlar aparıb və həmin ərazilərdəki mənzilləri alıb, kirayə verəcək. Ola bilər ki, açıqlama formasında qalsın. Müxtəlif dövlət qurumları tərəfindən əlavə tapşırıq və təklif olsun, onlar da dəyərləndirsin. Mən düşünmürəm ki, hazırki durumla, kirayə təlabatını tənizmləmə tam həyata keçə bilsin. İlkin ehtimala görə fond maksimum 2000-2500 mənzili alıb, kirayə verə biləcək. Bu, kifayət etmir”.

Bəs maraqlıdır ki, Bakıda fəaliyyət göstərən şirkətlər özləri fondla birgə bu işi görməyə niyə maraqlı deyillər?

R. Osmanlı bu suala da aydınlıq gətirdi. Ekspertin fikrincə, fondun imkanları tam olaraq bu şirkətlərin təkliflərini dəyərləndirə biləcək həddə deyil:

“Şəhərin mərkəzində fəaliyyət göstərən tikinti şirkəti fonda təklif göndərsə belə, fond bu təklifi qəbul etməyəcək. Çünki fondun imkanları qiymətləndirməyə imkan vermir”.

İqtisadçı ekspert Vüqar Bayramov isə prosesin ləng getməsi ilə bağlı fikirlərini bildirir:

"Prosesə məsul İpoteka və Kredit Zəmanət Fondu tərəfindən bu arada, demək olar, heç bir rəsmi açıqlama yayılmadığından sadəcə monitorinqlər nəticəsində prosesin hansı mərhələdə olduğunu müəyyənləşdirmək mümkündür. Digər tərəfdən, bu layihəyə ictimai tələbin və marağın yüksək olduğunu nəzərə aldıqda fondun “susqunluqunu” anlamaq çətindir. Halbuki fond mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmalı və görülən işlər ilə bağlı mətbuat ilə müntəzəm əməkdaşlıq etməlidir. İndiyədək bu layihə çərçivəsində hansı işlərin görüldüyünə gəldikdə isə qeyd etmək lazımdır ki, artıq müraciət mexanimzi hazırdır və müraciətin aktiv hala gətirilməsinə ehtiyac var. Belə ki, fondun təklif edəcəyi mənzillər ilə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımız zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axrarış sistemi vasitəsi ilə əldə etməkdir. Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçirilir. Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq. Müraciət yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək. Vətəndaşlar həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə ilə də kirayə evlərə müraciət edə biləcəklər".

V. Bayramov kirayə mənzillərin ilk növbədə Bakıdan kənar ərzilərdə təklif olunacağını bildirir:

"Rəsmi açıqlamalar yayılmasa da bizdə olan məlumata görə, fond birinci mərhələdə Sumqayıt, Bakı ətrafında mənzillərin alınmasına üstünlük verir. Xüsusən də Xirdalan, Masazır kimi şəhər ətrafı yerlərdə daha çox mənzil təklif edilməsi gözlənilir. Amma təbii ki, mərhələ şəkildə paytaxtın mərkəzi zonalarında da belə mənzillər olacaq. Güman olunur ki, marağın yüksək olmasını nəzərə alaraq fond çalışır ki, müraciət başlayan zaman daha çox mənzil təklif etmək imkanı olsun ki, tələbi müəyyən hissəsini qarşılaya bilsin. Bununla belə, mövcud şərtlər daxilndə fond kirayə evlər ilə bağlı müraciəti bu il aktivləşdirə bilər".