Kissincerin son bəyanatı təsadüfi deyil - Tofiq Zülfüqarov

12:30 26.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarovla hafta.az üçün budəfəki söhbətimizdə ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissincerin Ukraynaya ərazilərini güzəştə getmək  təklifini səsləndirdiyi son bəyanatının siyasi mənası və məqsədləri, hazırda Ukraynanın torpaqlarının işğalını davam etdirən Rusiya lideri Vladimir Putinin H.Kissincerlə və bütövlükdə Amerikanın müəyyən siyasi dairələri ilə bağlılığı ehtimalı, Ukrayna Prezidenti Vladimir Zelenskinin bu günlərdə Ukraynadakı Polşa vətəndaşları üçün xüsusi statusun tətbiq olunması haqda açıqlamasının mahiyyəti və s. haqda bəhs etdik.

 - Tofiq müəllim, xəbər verildiyi kimi, ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissincer Ukraynaya ərazilərini güzəştə getməyi təklif edib. Necə düşünürsüz, Putin Rusiyada hakimiyyətdə olduğu son illərədək onunla hər il görüşərək hər dəfə 2-3 saatlıq qapalı görüş keçirən H.Kissincerin Ukraynaya torpaqlarını güzəştə getmək təklifinin arxasında hansı qlobal dairələr və hansı məqsədlər dayanır?..

- Öncə Kissincer haqda demək lazımdır ki, o, yalnız keçmiş dövlət katibi yox, ümumiyyətlə,  Amerikanın siyasi elitasının başçılarından biridir. Son onilliklərdə də qeyri-rəsmi olaraq bütün  ABŞ prezidentlərinə məsləhətlər verib və onun sözü çox yüksək səviyyədə qiymətləndirilib. Yəni bu baxımdan  Kissincerin bəyanatını təsadüfi və əhəmiyyətsiz saymaq olmaz. İkinci bir məqama da toxunmaq olar. Bu günlərdə “Nyu-York-Tayms” qəzetində Qərbin Ukraynaya köməyi  məsələsində tənqidi mövqeni əks etdirən bir məqalə dərc olunub. Orada belə bir fikir səslənib ki,  artıq noyabr ayında Konqresə seçkilərdə respublikaçılarla demokratlar üz-üzə gələcək və kim ABŞ vətəndaşlarına inflyasiya, qiymət artımı və s. problemlər yaratmayacaqsa, o qalib olacaq. Yəni bu mənada Amerika dövlətinin Ukrayna ilə bağlı büdcədən əlavə xərclər ayırması təqdir olunmur. Bu minvalla ABŞ siyasi elitasının əksər hissəsində təxminən Kissincerin dedikləri kimi bir mövqe formalaşıb. Odur ki, bu, Ukrayna üçün çox təhlükəli bir siqnaldır və onu ciddi qəbul etmək gərəkdir…

- Avropada da Kissincer kimi düşünən siyasi dairələr, hətta dövlət liderləri var?

 - Bəli. Avropada da var Ukraynanın taleyinə bu cür yanaşanlar. Məsələn, demək olar ki, Fransa və Almaniya rəhbərləri Kissincerlə təqribən eyni mövqedədirlər. Bu da onu göstərir ki, artıq Ukraynaya kömək dalğası əks dalğa ilə qarşılaşa bilər. Bu da çox təhlükəli mesajdır. Gələcəkdə nə olacağını söyləmək çətindir. Hamı başa düşür ki, strateji baxımdan qalib Ukrayna olacaq. O baxımdan ki, Rusiyada sanksiyalarla bağlı baş verənlər gələcəkdə hakimiyyət dəyişikliyinə gətirə bilər və bəlkə də 5-10 illik perspektivdə Ukraynanın qələbəsi rəsmiləşə bilər. Hazırkı mərhələdə, hesab edirəm ki, ən azı, hərbi baxımdan üstünlük Rusiya tərəfdədir.  Qərb Ukraynaya müasir texnika və silahları gec çatdırmağa başladı. Həmin texnikaların idarəsini mənimsəmək üçün orduya təlimlər keçirilməlidir.  Bu da bir neçə ay çəkə bilər. Ukrayna buna dözəcəkmi, yoxsa yox?.. Söyləmək çətindir. Bu saat xəritəyə də baxanda görünür ki, artıq Rusiya ikinci dərəcəli istəklərinə, yəni Donetsk və Luqansk vilayətlərini bütün inzibati sərhədləri boyu işğal etməkdə və Krıma da quru zolağını açmaqdadır. Bütün bunları Ukrayna rəhbərliyi özü təhlil etməlidir...

- Sizcə, Kissincer və onun bağlı olduğu dairələr bu bəyanatı Putinlə koordinasiyalı şəkildə verib, yoxsa?

- Hesab edirəm ki, elə Rusiyanın Ukraynaya təcavüzü də Qərbin eyni dairələri ilə koordinasiyalı şəkildə baş verib. Bu, mənim şəxsi fikrimdir. Məsələyə obyektiv yanaşdıqda əslində Ukraynanın işğalı Rusiyanın az qala dağılmasına aparan bir prosesdir. Rusiyada artıq çoxları başa düşür ki, Putin rejimi ölkəni tələyə salıb…

- Belə çıxır ki,  Putin Qərbin bəhs edilən dairələrinin təsiri altında özü  Rusiyanı tələyə salacağını bilə-bilə Ukraynanın işğal edilməsi haqda əmr verib?.

- Belə anlaşılır, yəqin ki, dostlarının məsləhəti ilə. Bu proseslərin qurbanı Ukraynadır və Ukrayna xalqıdır…

- Eyni zamanda həm də Rusiya xalqı…

- Bəli.

- Ukrayna Prezidenti Vladimir Zelenskinin bu günlərdə Ukraynadakı Polşa vətəndaşları üçün xüsusi statusun tətbiq olunması haqda açıqlamasına necə baxırsınız? Sizcə, həmin qanun layihəsinin mahiyyəti nədən ibarətdir?

- Bəhs edilən qanun layihəsinin mətni tam açıqlanmayıb. Onu deyim ki, bu da Ukrayna üçün çox təhlükəli  perspektiv vəd edir. Guya Polşa ilə hansısa yeni səviyyəli əlaqələr qurulacaq. Məsələ ondan ibarətdir ki,  həmin layihə Ali Rada tərəfindən təsdiqlənərsə, Polşa vətəndaşları  Ukrayna ərazisində seçkilərdə səsvermədən başqa Ukrayna vətəndaşları ilə eyni hüquqlara malik olacaq. Yəni onlar Ukraynada hərbi xidmət keçə və polisdə işləyə biləcəklər. Bu, dediyim kimi, çox təhlükəli siqnaldır.  Hamı başa düşür ki, bu cür addımları atan tərəf, yəni dövlət başçısı Zelenski daha böyük böhrandan sığortalanmaq üçün belə edir. Prezidentin bu addımı Ukrayna xalqı tərəfindən birmənalı qarşılanmır.  Bir sözlə, Ukrayna ətrafında vəziyyət çox mürəkkəbdir...

 

Oxunma sayı 176