Kitabları baha qiymətə satan 400 özəl məktəb cəzalandırıldı

10:48 19.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin milli təhsil naziri Yusuf Tekin özəl məktəblərdə kitab qiymətlərinin hədsiz baha olması ilə bağlı açıqlama verib.

Hafta.az-ın yazdığına görə, böyük reaksiyalara səbəb olan kitab qiymətləri ilə bağlı yoxlamalar apardıqlarını deyən Tekin, 300 faizdən çox artım göstərən 400 məktəbin cərimələndiyini açıqlayıb.

“Milli Təhsil Nazirliyi özəl məktəblərdə qiymətləri yaxından izləyir. Məktəblərə inflyasiya üstəgəl 5 faiz artırmağa icazə verilir. Daha çox artıranlar hədsiz artımlar etmiş sayılırlar. Bu sistemdən yan keçmək üçün məktəblər rəsmi qərardan əlavə, müxtəlif yollarla valideynlərdən ödəniş alırlar”, - nazir deyib.

Yoxlamalar aparan Milli Təhsil Nazirliyi müəyyən edib ki, cəzalandırılan 400 məktəb kitabın satış qiymətini 3 dəfə artırıb.

Milli Təhsil Nazirliyinin ötən il apardığı yoxlamalar zamanı 500 məktəb mövcud olmayan sinif otaqlarını kağız üzərində varmış kimi göstərdiyinə görə cərimələnib. Bu il də analoji yoxlamalar davam edir. Bu təcrübəni tətbiq edən məktəblərə qarşı ciddi sanksiyalar tətbiq olunur.