Kiyev məyus, İsrail hiddətlidir

15:29 12.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail və Fələstin arasında yeni müharibə onsuz da gərginliyin pik həddə çatdığı dünya siyasətində yeni çalxalanmalara səbəb olub. Qərb ölkələri üçün şok effekti yaradan bu olaylar Moskvada göydəndüşmə fürsət kimi dəyərləndirilir. Hazırda dünyanın əsas diqqətinin Ukraynaya yönəldiyi bir vaxtda, İsrailin də Qərb müttəfiqlərindən dəstək tələb etməsi Kiyevdə qorxu hissələri yaratmaqla yanaşı, Moskvanın iştahasını artırıb.  

NATO odla-atəş arasında

“Politico” yazır ki, Yaxın Şərqdə münaqişə Kiyev üçün əlverişsiz vaxtda alovlanıb. NATO, sözün əsl mənasında, İsrail və Ukraynaya yardım etmək arasında parçalanmaqdadır.

Ukrayna Ali Radası Xarici siyasət komitəsinin sədri Aleksandr Merejko etiraf edib ki, həmvətənləri arasında Qərbin, eyni zamanda, Rusiya ilə qarşıdurması və İsrail ilə HƏMAS arasındakı münaqişə ilə məşğul olmağa gücünün çatıb-çatmayacağı ilə bağlı “qorxu” artıb.

"Mən yalnız öz adımdan danışa bilərəm. Bəli, belə qorxular var", – deyən Merejko "Politico"ya müsahibəsində söyləyib: "Hesab edirəm ki, son nəticədə bu problem olmayacaq, çünki ABŞ iqtisadi və hərbi mənada çox güclü dövlətdir".

Ağ ev eyni vaxtda iki regional böhranın öhdəsindən gələ biləcəyini israr etsə də, artıq Birləşmiş Ştatlar daxilində Ukraynaya əlavə yardıma qarşı etirazlar artıb. Keçmiş prezident Donald Trampın müttəfiqi, respublikaçı senator Coş Hauli sosial şəbəkədə yazıb: "İsrail ekzistensial təhlükə ilə üz-üzədir. Ukrayna üçün nəzərdə tutulan bütün vəsaitlər dərhal İsrailə yönəldilməlidir".

ABŞ rəsmiləri Ukrayna və İsrailin fərqli təhdidlərlə üzləşdikləri üçün fərqli ehtiyaclara malik olduqlarına işarə edərək, Kiyevin narahatlığını aradan qaldırmağa çalışıblar.

ABŞ-ın NATO-dakı səfiri Culian Smit çərşənbə axşamı deyib: “Amerikanın İsrailə dəstəyinin Amerikanın Ukraynaya dəstəyi hesabına baş verə biləcəyi ilə bağlı sualda ciddi problem gözləmirik. Mən gözləyirəm ki, Birləşmiş Ştatlar öz öhdəliklərimizi yerinə yetirməklə yanaşı, bizim tərəfdaşlığımıza və İsrailin təhlükəsizliyinə sadiqliyimizə diqqətini davam etdirə biləcək və öz ərazilərini müdafiə edən Ukraynanı dəstəkləməyə davam edəcək".

Yeni müttəfiq, yoxsa köhnə dost?

Baş verənlərlə bağlı CNN kanalının da təhlili maraqlıdır. Bildirilir ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi Moskvanın əlinə işləyəcək. Vaşinqtonun həm Kiyevə, həm də Təl-Əvivə kömək etmək üçün kifayət qədər vəsaiti yoxdur. Şərqi Avropada yeni müttəfiq yox, köhnə dost seçmək daha sərfəlidir:

“İsraildəki raket hücumları, girovgötürmə və qırğınlar dünya nizamının artıq dəyişməyə başladığı bir vaxtda baş verib. Beləliklə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı və Çinin superdövlət kimi yüksəlişi “soyuq müharibə”dən sonrakı dövrə son qoydu. Yaxın Şərqdə diplomatik sıçrayış üçün nadir sakitlik və ümid dövrünün qəfil və qanlı başa çatması, artıq İsraildə, ABŞ-da, ərəb dünyasında və digər ölkə və regionlarda hesablamaların və qiymətləndirmələrin dəyişməsinə səbəb olub.

İsrailin növbəti addımları kritikdir. Hələlik empatiya və dəhşət kimi emosiyalar üstünlük təşkil edir. İsrailin HƏMAS-a qarşı əks-hücumları Qəzzada daha böyük mülki itkilərə səbəb olarsa və ya İsrail blokadası zamanı anklavın su və elektrik enerjisi həmişəlik kəsilərsə, hətta ictimai abidələrin ağ-mavi rənglərlə işıqlandırıldığı müttəfiq ölkələrdə də siyasi əhval-ruhiyyə dəyişməyə başlayacaq”.

Bildirilir ki, yaxın həftələrdə hansısa məqamda ABŞ və İsrailin maraqları ayrıla bilər. Məsələn, İranın özünün etibarlı nümayəndəsi HƏMAS-ın hücumunun hazırlanmasında birbaşa iştirakına dair sübutlar ortaya çıxsa, İslam Respublikasına zərbə endirmək üçün Netanyahuya təzyiq artacaq. Vaşinqton belə bir hərəkətin miqyasından narahat olacaq, çünki Bayden yenidən seçilmək üçün mübarizəyə girərək, Amerikanı Yaxın Şərqdə başqa bir müharibəyə sürükləmək istəməyəcək: “ABŞ prezidenti həm də siyasi cinahlarını, xüsusən Baydeni qoca və zəif kimi göstərməyə çalışan Respublikaçılar Partiyasının hücumlarından qorumalıdır. Ağ evin keçmiş rəhbəri Donald Trampın başçılıq etdiyi respublikaçılar HƏMAS-ın hərəkətlərini şiddətlə tənqid edərək, onun İranla qarşıdurmanı yumşaltmaq cəhdlərinə görə Baydeni günahlandırmağa çalışırlar.

İsraildəki qarışıqlıq Baydenin siyasi irsinə zərər verə bilər. Onun Yaxın Şərqdə dərin geosiyasi dəyişikliklərlə dolu İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq cəhdləri ən yaxşı halda dalana dirənib. İsrail Qəzzaya cavab zərbəsi endirərkən, yüzlərlə fələstinlini öldürərkən vəliəhd şahzadə Məhəmməd bin Salmanın Netanyahu ilə danışıqlar aparmaq üçün heç bir siyasi şansı yoxdur. Netanyahunun indiki vəziyyətdən bir şəkildə çıxmaq üçün İordan çayının qərb sahilində fələstinlilərə çətin ərazi güzəştləri etmək imkanları daha da azdır.

Həmas hücumunun nəticələri Baydenin digər prioritetlərinə də mənfi təsir göstərə bilər. Təl-Əviv Vaşinqtondan Kiyevlə müqayisədə daha müasir silahlar, məsələn, dəmir günbəz üçün raketlər alacaq. Yaxın Şərqdə uzunsürən döyüşlər isə artıq Ukraynaya tədarükü tükənmiş Amerika arsenallarını daha da tükəndirəcək.

Bütün bu hadisələr daha böyük siyasi və strateji nəticələrdən xəbər verir. ABŞ 15 ildir, Yaxın Şərqi tərk edərək, Asiyaya üz tutmağa çalışır. Pekin və Moskva Vaşinqtonun regiona diqqətinin yenidən artdığını hiss etsə, ABŞ-nin düşmənləri yeni imkanlar əldə edəcəklər. Amerikalı xarici siyasət ekspertləri uzun müddətdir ki, Çin, Rusiya və İranın ABŞ-a qarşı mübarizədə birləşmək perspektivindən narahatdırlar”.

Avropa başını itirib...

"Foreign Policy" yazır ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi Ukrayna ilə yanaşı, NATO üçün daha bir çağırışdır və onun eyni zamanda, iki cəbhədə döyüşmək qabiliyyətinin sınağıdır. Avropalılar qorxurlar ki, onlar Kiyevin işlərinə çox qarışıb, Təl-Əvivə də kömək edə bilməyəcəklər.

Brüssel – Avropa rəsmiləri və ekspertləri Rusiyanın “Həmas”ın İsrailə hücumundan sonra yaranmış xaosdan istifadə edə biləcəyindən narahatdırlar. Bu da öz növbəsində, Kremli Fələstin silahlı qruplaşmasını dəstəkləyən İranla daha da yaxınlaşdıracaq:

“Amerikanın ən yaxın müttəfiqlərindən biri olan İsrailə hücum, nəinki Yaxın Şərqdə ikicəbhəli müharibə perspektivini irəli sürdü, həm də ABŞ və Avropanın arsenalını və siyasi iradəsini tükəndirdi. Böhran Qərbin, artıq Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu dəstəkləmək üçün əlavə sursat və vəsait toplamaqda problem yaşadığı bir vaxta təsadüf edib”.

Latviyanın keçmiş müdafiə naziri Artis Pabriks "Ruslar Qərbdə daha çox parçalanmaqdan və əlavə problemlərdən çox faydalanır. Bütün bunları eyni vaxtda etmək lazımdır. Ruslar ümid edirlər ki, kimsə bunun çox baha olduğuna qərar verəcək", – deyib.

ABŞ, artıq İsrailə geniş dəstək vəd etsə də, Avropanın reaksiyası hələ aydın deyil. Adının açıqlanmasını istəməyən bir alman məmur deyib: “Ukraynaya görə biz artıq böyük sursat çatışmazlığı ilə üzləşirik”.

Latviyanın keçmiş müdafiə naziri Pabriks deyib ki, Avropa hökumətləri, çox güman ki, İsrailə HƏMAS hücumuna səbəb olan kəşfiyyat uğursuzluqlarını qiymətləndirməyə və qruplaşmanı hansı ölkələrin dəstəklədiyini müəyyən etməyə kömək edəcək. “Wall Street Journal” bazar günü yazıb ki, İran HƏMAS-a bir həftə əvvəl hücumu hazırlamağa və yaşıl işıqlandırmaya kömək etdi. Ümumiyyətlə, son on ildə İranın quru fəaliyyətinin əhatə dairəsi xeyli genişlənib.

Hudson İnstitutunun eksperti Maykl Doran “Foreign Policy” jurnalına deyib ki, İranın “Qüds” Qüvvələri Həmas silahlılarına taktiki məsələlər üzrə təlim keçib.

İsrailin iki seçimi

Ümumiyyətlə, ən çox müzakirə edilən məqamlardan biri İsrail kimi güclü bir dövlətin bu hücuma nə cür qəfil yaxalanması və bundansonrakı addımların nə olacağı ilə bağlıdır.

Təqaüddə olan general Şlomo Brom “The Economist”də yazır ki, İsrailin “Parçala və hökm sür” strategiyası heç vaxt sülh gətirməyəcək. Təl-Əviv öz müqəddəratını təyinetmə hüququ, azad və normal həyat tələb edən milyonlarla fələstinlini sonsuza qədər sıxışdıra bilməz:

“İsrail görünməmiş böhranla üz-üzədir. Yəhudiləri təqiblərdən qorumaq üçün yaradılan dövlət uğursuzluğa düçar oldu və Qəzza zolağı yaxınlığında yaşayan vətəndaşlarını qoruya bilmədi. Hərbi cəhətdən daha aşağısəviyyəli bir düşmən onu təəccübləndirdi. Qəzza zolağı ilə sərhəddə yerləşdirilən İsrail Müdafiə Qüvvələrinin (İDF) kiçik kontingenti dağılıb və əksəriyyəti mülki şəxslər olan minə yaxın vətəndaşın qətliamının qarşısını ala bilməyib. Bundan başqa, Fələstin HƏMAS terrorçuları onlarca insanı girov götürüb.

Vəziyyətin necə inkişaf edəcəyini heç kim bilmir. İctimai məyusluq və qəzəb görünməmiş həddə çatıb. Bir çoxları birbaşa hökuməti və hərbçiləri səhlənkarlıqda və vəzifə borcunu yerinə yetirməməkdə ittiham edir və Qəzza zolağından gələn təhlükəni “birdəfəlik” aradan qaldırmaq üçün qəti hərbi əməliyyat tələb edir. Qəzza zolağında böyük əməliyyata başlamadan hökumətin bu təzyiqə tab gətirməsi ehtimalı azdır, bunun ardınca isə şübhəsiz ki, genişmiqyaslı qurudan hücum olacaq. Bu, artıq bütün humanitar nəticələrlə ərazinin yenidən işğalı deməkdir. İsraili təkcə Qəzzada yerləşən qruplar deyil, həm də Livanın “Hizbullah” milisləri, eləcə də İran və Suriyanı əhatə edən “Müqavimət oxu” ilə daha geniş münaqişəyə sürükləmək təhlükəsi yaradır.

İsrailin, hətta bütün hərbi və təhlükəsizlik qüvvələri ilə öz müqəddəratını təyinetmə hüququ və azad, normal həyat tələb edən milyonlarla fələstinlini sonsuz şəkildə sıxışdıra biləcəyinə inanmaq absurddur. Gec-tez İsrail seçim etməli olacaq – iki ayrı dövlət və ya bütün sakinlər üçün bərabərhüquqlu bir dövlət – və bunu ardıcıl olaraq həyata keçirməlidir. Ümid edək ki, hazırkı yanaşmanın iflasa uğradığını anlayan İsrail ictimaiyyəti bunu dəstəkləyəcək”.

«Bundan xilas olmaq çətin olacaq»

“The Wall Street Journal” yazır ki, son illərdə İsrail yüksəktexnologiyalı təhdidlərə qarşı durmağa və ənənəvi müdafiə sahələrinə etinasızlıq göstərməyə yönəlib. Məhz buna görə də HƏMAS-ın qurudan hücumu onu qəfil yaxalayıb. Ekspertlərin qənaətincə, İsrail kəşfiyyata, hava gücünə və kibertexnologiyaya diqqət yetirdiyi üçün İsrail ordusu aşağıtexnologiyalı quru hücumlarına qarşı həssas olub.

İsrail üç il ərzində Qəzza zolağı boyunca Fələstinin gizli müdaxilələrinin və İsrail ərazisinə hücumlarının qarşısını almaq üçün nəzərdə tutulmuş sensorlarla təchiz edilmiş, təhlükəsizlik məqsədilə Qəzza zolağı boyunca ən müasir, 65 kilometr uzunluğunda, yüksəktexnologiyalı sədd tikib.

Lakin şənbə günü, oktyabrın 7-də HƏMAS buldozerlərdən və digər ümumi vasitələrdən istifadə edərək, altı metr hündürlüyündəki hasarı dağıdaraq döyüşçülərinə pikap maşınlarla və piyada boşluqlardan İsrail ərazisinə daxil olmağa imkan yaradıb. Cənubdakı bu cəbhə hücumu 1973-cü il Yom Kippur müharibəsindən sonra yəhudi dövlətinin sərhədlərinin ən böyük pozulması idi.

İsrailin Beynəlxalq Terrorla Mübarizə Siyasəti İnstitutunun (İKT) eksperti Avi Cager bildirib ki, ölkənin silahlı qüvvələri "yanlış müharibəyə hazırlaşır".

ABŞ-nin Yaxın Şərq layihəsinin rəhbəri Daniel Levi isə bildirir ki, yüksək texnologiyasına, qabaqcıl silahlarına, casus proqramlarına və dünya şöhrətli kəşfiyyat bölməsinə baxmayaraq, İsrail qəfil ovlandı.  “İsrail artıq öz xalqının təhlükəsizliyini təmin edə bilmir və bundan xilas olmaq çətin olacaq”, – o deyib.

Siyasət rubrikasından digər xəbərlər