Son illər Bakıda sərnişindaşıma sahəsində avtobus parkı yenilənsə də, bunu bölgələrə şamil etmək olmaz. Rayon və qəsəbələrdə sərnişinlər hələ də kiçiktutumlu mikroavtobuslarla daşınırlar. Kəndlərə işləyən sərnişin avtobusları sovet dövrünün “yadigarlarıdır”.
Bəs, görəsən, bu problemin həlli niyə yubanır? Bölgələrdə avtobus parkı niyə yenilənmir?
Mövzunu qəzetimizə şərh edən nəqliyyat məsələləri üzrə ekspert, texnika elmləri üzrə fəlsəfə doktoru Fərhad Eyyubov bildirib ki, bu problemi bir neçə dəfə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə də müzakirə edib: “Biz son illər Bakı şəhərində ictimai nəqliyyatla bağlı bir sıra yeniliklərin şahidi oluruq. Bəzi marşrutlarda, ictimai nəqliyyatda müəyyən yeniliklər var, yeni avtobuslar alırlar. Rayonlarda bu məsələ çox bərbad vəziyyətdədir. Özü də təhlükəsizlik nöqteyi-nəzərdən həm də insanların tələbatı ödənilmir. Elə rayonlar var, həmin bölgələrin kəndləri ilə əlaqələndirən marşrutlarda avtobuslar 20, 30, hətta 40 il bundan əvvəlin nəqliyyat vasitələridir.
Məlum məsələdir ki, sovet dövründən sonra rayonlardakı ümumtəyinatlı nəqliyyat vasitələri tamamilə ləğv olundu, müəyyən özəl müəssisələr yarandı, avtovağzallar və s. özəlləşdirildi. Ona görə də özəl müəssisə sahibkarı bunları yerinə yetirmək üçün sərfəli yol axtarır. Yəni strateji xətt ümumi xətdən çıxır, yalnız biznes sahəsinə daxil olur. Burada həm nəqliyyat xidməti öz əhəmiyyətini göstərməlidir, həm də hərəkətin təhlükəsizliyi birmənalı şəkildə təmin olunmalıdır. Bunlara kompleks şəkildə yanaşılmalıdır. Bu məsələlərdə təhlükəsizlik təmin olunmasa, xidmətdən söhbət gedə bilməz. Əgər xidmət olmasa, yanlız təhlükəsizliklə də bu məsələlər həll edilməz. Mən bunu AYNA rəhbərliyi qarşısında da qaldırmışdım. Bu məsələdə müəyyən qədər onlar da maraqlıdır”.

F.Eyyubov avtobuslarda təhlükəsizlik məsələsinin vacibliyinə diqqət çəkib: “Bir çox rayonlarda kəndlərarası və ya şəhər-kənd arası işləyən avtobuslar var. Daha çox kənd və qəsəbələrdə sınıq, antisanitar şəkildə fəaliyyət göstərən köhnə avtobuslara şahid oluruq. Onlar əhali üçün narahatlıq doğurur, sağlamlıqları üçün təhlükə yaradır. Həmin avtobusların fəaliyyət göstərməsi müxtəlif qəzalara, insan ölümlərinə də səbəb olur.
Elə rayonlar var ki, orada 1-2 özəl maşın və ya avtobus götürürlər. Həmin avtobus təhlükəsizlik və daşıma xidməti yararsız olduğu halda fəaliyyət göstərir. Bəzən deyirlər ki, pis olsa da, avtobus var. Bəzi rayonlarda, ümumiyyətlə, avtobus yoxdur. Çox yerlərdə sərnişindaşıma minik avtomobilləri ilə yerinə yetirilir. Ona heç taksi xidməti demək olmaz.
Kəmiyyət və keyfiyyət ölçülməsi var. Kəmiyyət ölçülməsinə görə, insanlar yolda qalmamalıdır, necə gəldi daşınmalıdır, amma keyfiyyət ölçülməsində təhlükəsizlik problemi, müntəzəmlik məsələsi, sərnişinin yol gediş vaxtı və s. nəzərə alınmalıdır. Bunları bilməyən birinin avtobus alıb insan daşıması ilə iş təmin olunmur. Ayrı-ayrı rayonların kəndlərinə marşrut təyin olunmalıdır, marşrut pasportu verilməlidir. Bundan sonra həmin avtobusun gediş vaxtı, dayanacaqları, qiyməti, tarif dərəcəsi, sərnişin axını işlənməlidir”.
Ekspert məsələ ilə bağlı dövlət tərəfindən müvafiq addımların atılmasının zəruriliyini də vurğulayıb: “Bu gün kənd yollarının təmiri üçün proqramlar təmin olunub, vəsait ayrılıb. Bəzi yerlər müasir standartlara uyğun körpülər, tunellər və s. şəkildə təmin olunur. Sərnişindaşıma sahəsi üçün də dövlət proqramı olmalıdır. Tutaq ki, sahibkarlara dotasiya verilə bilər. Bu onlara imkan yaradar ki, avtobus parkını yeniləsin. Ola bilər ki, müəyyən başqa stimullaşdırıcı məsələlər ortaya çıxarıla bilər. Ola bilsin, sahibkarlardan vergi alınmaz, müəyyən məsələlərdə güzəşt edilər.
Məsələn, bu gün elə kəndlər var, orada sovet dövründən qalmış avtobuslar fəaliyyət göstərir. Əlbəttə ki, bu, turizm sahəsinə ziyan verir. Bu cür avtobusların qalması turistləri də təəccübləndirir. Bu sahə bir qədər riskli sahədir, amma gəlirlidir. Yol nəqliyyat mədəniyyəti mədəniyyətin bir hissəsidir. Vaxtilə Bakıya gələn turistlər rayonlara getmirdilər. İndi isə birbaşa regionlara gedən turistlər də var. Bununla dövlət də, xalq da qazana bilər. İctimaiyyət də rahat olar. Ona görə də bir qədər diqqət göstərilməlidir”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, bu gün regionlarda müasir tələblərə cavab verməyən avtobuslar fəaliyyət göstərir. Bu avtobusların əksəriyyəti istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Avtobuslar texniki baxımdan köhnəldiyindən qüvvədə olan ekoloji standartlara qəti cavab vermirlər:
"İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi diqqət mərkəzindədir. Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılan tədbirlər çərçivəsində Sumqayıt şəhərini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən ekspress marşrut xətti təşkil edilib. Sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün səfərlər komfortlu avtobuslarla həyata keçirilir. Ekspres avtobusunda ödənişlər nağdsız qaydada həyata keçirilir.
Vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi üçün Sumqayıtda şəhərdaxili ictimai nəqliyyatda nağdsız ödənişin tətbiqi üzrə iş aparılır.
Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində sərnişindaşımaya 18 yeni və müasir avtobus cəlb edilib. 58-60 sərnişin tutumlu avtobuslar 2018-ci ilin istehsalıdır və ekoloji təmiz avro 6 standartlarına cavab verir. Avtobusların yenilənməsi mərhələli şəkildə davam etdiriləcək.
Hazırda ölkənin bütün rayon və şəhərlərinin nəqliyyat şəbəkəsi geniş təhlil olunur və nəticələrə uyğun olaraq marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır."