Kolumbiyada “narko sualtı qayıq” istehsal edən zavoda basqın edilib

10:25 31.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyada kartellərin narkotik vasitələrin daşınması üçün istifadə etdiyi “narko sualtı qayıqları” istehsal edən gəmiqayırma zavoduna təhlükəsizlik qüvvələri tərəfindən basqın edilib.

Hafta.az-ın VICE-yə istinadən yazdığına görə, Kolumbiyanın Müdafiə Nazirliyi Narino və Valle del Kauka əyalətlərində keçirilən əməliyyatlarda 12 nəfərin həbs edildiyini açıqlayıb. Sözügedən şəxslərin əsl şəxsiyyətləri açıqlanmasa da, üç şübhəlinin kod adlarının Pulqa, İvan və Bernardo olduğu paylaşılıb. Bildirilib ki, Pulqa və İvan qrupa rəhbərlik edir, Bernardo da narkotiklərin daşınması və maliyyələşdirilməsində maraqlıdır.

Bildirilir ki, qrup Valle del Kaukanın liman şəhəri Buenaventurada yerləşən gəmiqayırma zavodunda Mərkəzi Amerika və Avropanın müxtəlif ölkələrinə kokain daşınması üçün narko sualtı qayıqlar hazırlayıb.

Məlumata görə, narkotik ticarəti ilə bağlı logistika əməliyyatları da ölkənin paytaxtı Boqotadan təxminən 480 kilometr uzaqlıqda yerləşən bu gəmiqayırma zavodundan idarə olunur. Həbs edilən şəxslərin müxtəlif kartellərdə işlədikləri bildirilsə də, onlar haqqında ətraflı məlumat paylaşılmayıb.

Basqın zamanı gəmiqayırma zavodunda 5 milyard Kolumbiya pesosu dəyərində 15 avtomobilin müsadirə edildiyi də bildirilib. Qeyd olunub ki, əməliyyatda Kolumbiya Hərbi Dəniz Qüvvələri və Milli Ordu, eləcə də İspaniya Mülki Qvardiyası iştirak edib.

Dibində böyük bölmələri olan və su səthindən bir qədər aşağıda üzən Narko sualtı qayıqları narkotik maddələrin Kolumbiyadan Mərkəzi Amerikaya daşınması üçün tez-tez istifadə olunur.

Kolumbiyada təhlükəsizlik qüvvələri 2019-cu ildə keçirdiyi əməliyyatlarda 23,  2021-ci ildə isə 31 narko sualtı qayığı ələ keçirib.

Bundan əlavə, polis 20 il ərzində Latın Amerikasında narkotik vasitələrin daşınması üçün müxtəlif kartellərin istifadə etdiyi sualtı qayıqlar inşa edən Oskar Moreno Rikardonu ötən il yaxalayıb.