Rusiya Kommunist Partiyasının 2024-cü ilin martında keçirilməsi planlaşdırılan prezident seçkilərində namizədlər irəli sürüb-götürməyəcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Digər tərəfdən, yeni sorğu Kommunist Partiyası seçicilərinin yarısının Vladimir Putinə səs verməyə hazır olduğunu göstərir.
Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, Kommunist Partiyasının keçirdiyi sorğuya əsasən, partiyanın seçicilərinin 51 faizi prezident seçkilərində Putinə səs vermək niyyətindədir.
Bu göstərici hakim “Vahid Rusiya” partiyasının seçiciləri arasında 90 faiz, Liberal Demokrat Partiyasının 59 faizi, “Ədalətli Rusiya” Partiyasının 66 faizi, “Yeni Xalq” partiyasının seçiciləri arasında 46 faiz, partiyasız seçicilər arasında isə 58 faiz təşkil edir.
Kommunist Partiyasının cəmiyyətdəki səsvermə potensialı təxminən 15 faizə düşüb.